Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

16 yaşdan kiçik şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına qadağa qoyulur, 16-18 yaşlı istifadəçilər üçün isə valideyn nəzarəti tətbiq ediləcək.
Tezadlar.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratmasına yol verilməyəcək. Platformaların siyahısı isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Provayderlər hesab yaradılarkən əvvəlcə istifadəçinin bəyan etdiyi yaşı, daha sonra isə bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə yaşı yoxlamalı olacaqlar. 16-18 yaşlı istifadəçilər üçün əlavə olaraq qanuni nümayəndənin razılığı tələb ediləcək.
Layihəyə əsasən, 16-18 yaşlı istifadəçilərin platformalarda görə biləcəyi məzmun, reklamlar və istifadə saatları qanuni nümayəndə tərəfindən idarə olunacaq. Bunun üçün platformalar xüsusi nəzarət funksiyaları yaratmalı olacaq.
Bundan başqa, provayderlər istifadəçinin yaşına dair əsaslı şübhə yarandıqda təkrar yoxlama aparacaq və yaş tələbinin pozulduğu müəyyən edilərsə, həmin hesab dərhal məhdudlaşdırılacaq.
Dəyişikliklərə əsasən, yaşın yoxlanılması üçün toplanan şəxsi məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadəsi qadağan edilir. Yoxlama başa çatdıqdan sonra həmin məlumatlar dərhal silinməlidir.
Layihə həmçinin 16-18 yaşlı uşaqlar üçün zərərli məzmunun yayılmasının qarşısının alınmasını da nəzərdə tutur. Bu məqsədlə provayderlər fasiləsiz işləyən rəqəmsal həllər tətbiq etməli və təhlükəli məzmun aşkar edildikdən sonra ən geci 24 saat ərzində müdaxilə etməlidirlər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.