6 Avqust 2026 / 19:38

“Holcim Azerbaijan”ın xalis mənfəəti 53 % artdı

“Holcim Azerbaijan” ASC 2025-ci ili 29,971 milyon manat xalis mənfəətlə başa vurub.

Tezadlar.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 53,35 % çoxdur.

Ötən il səhmdar cəmiyyətinin satışdan gəlirləri 235,251 milyon manat (əvvəlki ilə nisbətən 11,6 % çox), satışının maya dəyəri 119,269 milyon manat (14,4 % çox), çatdırılma xərcləri 41,608 milyon manat (0,7 % çox), ümumi-inzibati xərcləri 24,54 milyon manat (11,2 % çox), satış xərcləri 7,875 milyon manat (18,2 % çox), maliyyə aktivləri üçün ehtiyatdakı dəyişiklikdən zərəri 36 min manat (4,6 dəfə az), maliyyə xərcləri 6,29 milyon manat (10,6 % az), məzənnə fərqindən zərəri 76 min manat (2,65 dəfə az), digər gəlirləri 1,695 milyon manat (2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 7,281 milyon manat (8,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Holcim Azerbaijan”ın aktivləri 324,163 milyon manat olub ki, bu da illik müqayisədə 9,25 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8,2 % artaraq 159,157 milyon manata, balans kapitalı isə 10,2 % artaraq 165,006 milyon manata çatıb.

Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!