Əsas məzmuna keç

“AzerGold” 50 tonadək qızıl ehtiyatına malik “Akba” yatağının işlənməsində birgə iştirakı planlaşdırır

Azərbaycan şirkətləri Özbəkistanda qızıl və digər filiz yataqlarının işlənməsində, geoloji kəşfiyyatda, gümüş tərkibli filizlərin emalında və nadir torpaq metallarının hasilatında iştirak edə bilərlər.

Tezadlar.az  “Gazeta”ya istinadən xəbər verir ki, Azərbaycanın  “AzerGold” QSC  Kaşkadəryadakı “Akba” qızıl yatağının işlənməsində birgə iştirak etməyi və Nəvai bölgəsində geoloji kəşfiyyat işləri aparmağı planlaşdırır.

NEQSOL Holding üç bölgədə nadir torpaq metallarının hasilatı layihəsini həyata keçirəcək.

Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən “Gazeta”ya verilən məlumata görə, müvafiq layihələr Azərbaycan tərəfi ilə imzalanmış müqavilələr paketinə daxildir.

Qeyd edilir ki, “AzerGold” şirkəti Kaşkadərya bölgəsinin Kitab rayonundakı Akba qızıl yatağının işlənməsində iştirak etməyi planlaşdırır. Bundan əlavə, Azərbaycan şirkətilə Nəvai bölgəsinin Nurata rayonundakı perspektivli ərazilərdə geoloji kəşfiyyat işləri aparmaq üçün layihə imzalanıb.

2025-ci ildə “Uzbekgeologorazvedka” şirkəti Akba yatağında dövlət reyestrinə daxil edilmiş 13 tondan çox sənaye qızıl ehtiyatının qiymətləndirildiyini bildirib. Şirkətin hesablamasına əsasən, ərazidə əlavə kəşfiyyat işləri daha 50 tona qədər qızıl aşkar edə bilər.

Xatırladaq ki, iyunun 16-da Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.

İmzalananlar arasında “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini ehtiva edən sənəd yer alıb.

Sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistan Respublikası Dağ-Mədən Sənayesi və Geologiya Nazirinin birinci müavini Feruza Həmidova imzalayıblar.

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın