Əsas məzmuna keç

ŞƏHİD ANASI HAQQINDA ƏSASSIZ FİKİRLƏRƏ SON QOYULMALIDIR!

…Bərdəmizin qəhrəman şəhidlərindən biri, 44- günlük Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlığı ilə xalqımızın qəlbində əbədi yaşayan Xudayar Yusifzadənin anası Radə Qurbanova haqqında qərəzli, həqiqəti əks etdirməyən və heç bir ciddi fakta söykənməyən fikirlərin səsləndirilməsini qətiyyətlə pisləyirəm.
Mən uzun illərdir şəhid anamız Radə Qurbanovanı tanıyıram. Onu yaxından tanıyan insanlar çox yaxşı bilirlər ki, Radə xanım sadə, səmimi, mehriban, qayğıkeş və insanlarla münasibətdə hörmətli davranan bir insandır. Buna görə də illər ərzində tanıdığım bir insan haqqında heç bir fakta və əsaslandırılmış məlumata söykənməyən ittihamların, qərəzli ifadələrin səsləndirilməsi mənim üçün qəbuledilməzdir.
Bu gün özünü jurnalist adlandıran bəzi şəxslərdən soruşmaq lazımdır:
Jurnalistikanın əsas prinsipləri harada qaldı? Fakt haradadır? Mənbə haradadır? Qarşı tərəfin mövqeyi öyrənilibmi? Səsləndirilən iddiaların həqiqiliyini təsdiqləyən hər hansı sənəd və ya sübut varmı?
Jurnalistika insan haqqında əsassız fikir formalaşdırmaq, xüsusilə də cəmiyyətin böyük hörmət bəslədiyi şəhid ailəsi üzvünü hədəfə çevirmək demək deyil. Jurnalist ilk növbədə faktı araşdırmalı, məlumatı dəqiqləşdirməli, qarşı tərəfin mövqeyini dinləməli və yalnız bundan sonra ictimaiyyətə məlumat təqdim etməlidir.
Şəhid anasının adına söz demək böyük məsuliyyətdir!
Biz bu gün rahat şəkildə yaşayırıqsa, bunun arxasında Vətən uğrunda canından keçən qəhrəmanlarımızın qanı, onların ailələrinin çəkdiyi ağır ağrı-acı dayanır. Şəhidlər bizim baş tacımızdır. Onların ailələri, xüsusilə də övladını Vətən yolunda itirmiş analar isə cəmiyyətimizin xüsusi hörmətinə layiq insanlardır.
Xudayar Yusifzadə kimi qəhrəman oğullar yetişdirən analara qarşı söz deməzdən əvvəl hər kəs yüz dəfə düşünməlidir.
Şəhid anasının qəlbini qırmaq, onun haqqında əsassız və qərəzli fikirlər yaymaq heç bir halda jurnalistikanın, insanlığın və vicdanın prinsipləri ilə uzlaşmır.
Əgər kiminsə konkret bir iddiası varsa, onu faktlarla, sənədlərlə və sübutlarla ortaya qoysun. Əks halda, insanların şərəf və ləyaqətinə toxunan, cəmiyyətdə yanlış təsəvvür yaradan açıqlamalara yol verilməməlidir.
Mən hesab edirəm ki, mətbuat azadlığı heç kimə böhtan atmaq, insanın nüfuzuna xələl gətirmək və əsassız ittihamlar səsləndirmək hüququ vermir. Azad söz məsuliyyətli söz olmalıdır.
Bu məsələdə məqsəd kimisə susdurmaq deyil. Məqsəd faktla fikri, jurnalistika ilə şəxsi münasibəti, tənqidlə böhtanı bir-birindən ayırmaqdır.
Radə Qurbanova ilk növbədə Vətən müharibəsinin qəhrəmanı Xudayar Yusifzadənin anasıdır. Ona münasibətdə ən azı insani və mənəvi həssaslıq göstərilməlidir.
Bu səbəbdən özünü jurnalist hesab edən hər bir şəxsi faktlara hörmət etməyə, məsuliyyətli davranmağa, əsassız ittihamlardan və qərəzli yanaşmalardan uzaq durmağa çağırıram.
Şəhidlərimiz siyasi və şəxsi mübahisələrin predmeti deyil!
Şəhid anaları hörmətimizin, ehtiramımızın və mənəvi borcumuzun ünvanıdır!
Xudayarın qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onun anası Radə Qurbanovaya qarşı isə əsassız, qərəzli və həqiqəti əks etdirməyən fikirlərin səsləndirilməsinə qarşı çıxmaq hər bir vicdanlı insanın haqqıdır.
Şəhidlər bizim baş tacımızdır!
Şəhid anaları bizim baş tacımızdır!
Onların haqqı qarşısında hamımız borcluyuq!
Orxan Yusifov
Bərdə
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…