Əsas məzmuna keç

Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-39-cu HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-38-ci-hisse/

1 dekabr – İlin axırıncı ayı. İl nə vaxt başlandı nə vaxt qurtardı? Nərimanın sözü, – bu da bir zarafat, – deyindi.

Televizorda Əzizə xanım Cəfərzadə və onun qardaşlarını danışdırırdılar. Söhbət bayatılarımızdan gedirdi. Məmməd də Sarı Aşıqdan bir neçə bayatı dedi və sonra da çox heyrətlə əlavə etdi:

– Sənətə bax – çox qəribə formadı bayatılar.

Səhər yuxudan gümrah durmuşdu, yazıçılara aid bir lətifə danışdı:

– Yazıçıların futbol komandasını yaradırlar. Qapıçılardan biri Mirzə İbrahimov, digəri isə Əli Vəliyev idi. Hücumçu Süleyman  Rəhimov, Süleyman  Rüstəm idi. Əhməd Cəmil isə hakim. Əli Vəliyevin hər dəfə qapısından top keçəndə deyirmiş, vay evim yıxıldı, qapıdan top keçdi. Əhməd Cəmil də qışqırıq salırmış ki, qol vurmayın, heç-heçə qurtarın, yoxsa partiyanın acığı gələr.

3 dekabr – Televizorda alimlərimiz tariximizin saxtalaşdırılmasından danışırdı. Alimlərdən biri dedi ki, Rusiyaya “könüllü” ilhaq olunmağımızın 150 illiyini qeyd edirdik. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da qonaqlar gəlirdi. Rusiyalı qonaqları mən qarşılayırdım. Rus alimlərindən biri aeroportdaca ikrah hissi ilə dedi:

– Mən öz köləliyini bayram edən xalqı birinci dəfədi ki, görürəm.

Bunu eşidən Məmməd də belə bir əhvalat danışdı:

– Bu əhvalatı bizə Mirzə İbrahimov danışıb. Bayramın davamı Leninqradda idi. Bizim natiqlərimiz “gözəl danışıqlarına” davam edirdi. Mənim yanımda oturan bir general məndən soruşdu ki, Mirzə Əjdəroviç, bu danışılan sözlər doğrudurmu?  Mən ayrı nə cavab verə bilərdim ki… Cavab verdim, bəli könüllü ilhaq olunmuşuq. General bizə bir ana söyüşü fırladıb yarımçıq çıxıb getdi. Cavanlar, görürsünüz də biz necə olmuşuq?

“Böyük dövlətlər həmişə kiçik xalqları kölə vəziyyətində saxlamağa çalışırlar. İşğal da edirlər. “Tarixçi alimə” şeirimdə belə məsələlərə toxunmağa çalışmışam.

Bu gün də dünyanın çox yerində “qalaça küncündə” gizlənib “xalqını” palçıq kimi tapdadanlar azmı? Tarixi saxtalaşdıranlar azmı?

Düşmənlərimiz öz “naxışlarını” bu günkü daşa yazıb basdırır, sonra onları çıxarır, dünənin adından haray salır, ağzımızdan dilimizi, ayağımızın altından dədə-baba  torpaqlarımızı oğurlayırlar.

                     …Bir daşa tarixim yazılıbdısa,

                     Düz oxu, qoy olsun ikicə kəlmə.

                     Genişdi – geniş yaz,

                     Qısadı – qısa;

                     Üstündən götürmə, üstünə gəlmə…

 

                     … Bu qala bəlkə bir əsrin günahı

                     Hər şamda min gözün şamı yanıbdı.

                     Qalaça küncünə qısılan şahın

                     Xalqı palçıq kimi tapdalanıbdı…

Onda maymaq tarixçilərimizə şair harayı deyir ki, xalqın tarixini nağıllardan yox, tarixin “əl xəttindən”, keçmiş tarixçinin öz əl yazmasından oxu. Tarixin yazılarını tarixin özü yaşadır.

Mən təkrar edirəm, onların ziyalıları ilə bərabər kütləsi də çox ayıqdır.

Bunun nəticəsidir ki, torpaqlarımızı itirə-itirə gəlirik.

Yadındamı, Məsud Əlioğlu bizi qonaq çağırmışdı. Sən Rəna xanımla mətbəxdə oturmuşdun. Məclisin gur vaxtında  Yerevanlı orta yaşlı bir kişi gəldi. Onun sözləridir:

“…Siz burada ermənilərə ən yaxşı yerlərdə ev, vəzifə verirsiniz. Ermənistanda isə bizi tamam  qovmağa hazırlaşırlar”.

Hörmət bəslədiyim yazıçılarımızdan biri ona dedi ki,  sən get öz işinlə məşğul ol, biz beynəlmiləlçiyik.

Onun nəticəsidir ki…

Dolama yollarla Şuşaya qalxanda – şəhərin girhagirində hündür bir təpə var (indi qalıbsa bilmirəm). Ordan üfüqəcən gözəl bir mənzərə açılır. Oradan az qala “dünyanın yarısını” görmək olar. Belə gözəl məkan…

Sivilizasiyanın bu “aydın, duru” çağında bəşər yenə də əlini kəsənə əl verir.

İkili “oyunlar” davam edir. Görəsən, niyə hər şey ikilidir?

Ceyrana gözəllik, ovçuya tüfəng; qurda yırtıcılıq, quzuya yazıqlıq verilib.

İşığı izləyən zülmət, şərəfi tapdalamağa hazır şərəfsizlik!

Nizami kimilərin qələmini kölgə kimi izləyən həsəd, paxıllıq… “

5 dekabr – Vəli Xramçaylı qəzet buraxmışdı.

– Kişi, Vəliyə deyərsən, səni də işə götürsün – zarafat etdim.

Sözümə lətifə ilə cavab verdi:

– Bir çoban şəhərə gəlir, görür ki, bir molla əzan verir. Çoban rastına çıxan adamlardan soruşur, mollanın qışqırmasının onun qoyun-quzusuna bir ziyanı yoxdur ki?  Yox,  cavabını verirlər. Onda kefi istədiyi qədər qışqırsın, güldü çoban. İndi Vəlinin qəzetinin bizə nə ziyanı?

8 dekabr – Tofiq Mütəllibovun Məmməd haqqında yazdığı məqalədə belə bir yerə rast gəldim:

“… 1954-cü ildə APİ-də poeziya gecəsi keçirilirdi. Bir sıra görkəmli yazıçılarla bərabər Məmməd də orada idi. Şeir oxumaqda növbə Məmmədə çatdı. O, şeirin bir bəndini yaddan çıxardı, duruxdu. Elə bu zaman zaldan bir tələbə həmin bəndi əzbər dedi, ayrı bir tələbə isə şeirin ardını əzbərdən dedi. Məmməd həm fərəhlənir, həm də duruxub zala baxırdı. Mehdi Hüseyn ayağa durdu: – “Bax, budur sənətkara oxucu məhəbbəti. Bu cavanın gələcəyi parlaq olacaq… – dedi.”

– Bu hadisə doğrudur?

– Hə, olduğu kimi yazıb.

– Bəs Mehdi Hüseyndən başqa orada kimlər vardı, onlar heç nə demədilər?

– Yadımda deyil.

11 dekabr – Dərmanları tapmaqda çətinlik çəkirəm. Qərara aldım ki, səhiyyə nazirindən kömək istəyim. Polis 2-ci mərtəbəyə qalxmağa icazə vermədi.

1-ci mərtəbədə Mirəli adlı bir işçidən icazə almalı oldum:

– Mirəli müəllim, Məmməd Arzın yoldaşıyam, məni içəri keçməyə qoymadılar.

Mirəli telefonda polisi danladı:

– Siz bilmirsiniz ki, o, bütün xalqın sevdiyi bir şairin qadınıdı.

Sonra üzünü mənə çevirdi:

– Bacım, Məmməd Araz bizim tacımızdır.

Nə isə… Mənə şərait yaratdılar və mən Əli müəllimin qəbulunda oldum.

Əli müəllim vaxtının az olduğunu nəzərimə çatdırdı.

– Vallah, xanım, sizsiniz qəbul elədim. Milli Məclisə gecikirəm, vaxt azdı.

Birbaşa gəlişimin səbəbini söylədim:

– Vaxtınızı çox almıram. Dərmanları tapmaqda çətinlik çəkirəm, xüsusən “Parkopan”a görə şəhərin bütün apteklərini axtarmalı oluram. Bu da mənə çox çətindir. Kömək edin, dərmanları bir aptekdən alım.

Əli müəllim dilləndi:

– İndi apteklər xüsusidir, amma kömək etməyə çalışaram.

– Əli müəllim, bir xahişim də var. Məmməd elə adamdır ki, o, heç kimi narahat etmək istəməz. Mən bilirəm ki, onun mənəvi dayağa ehtiyacı var. Onunla maraqlandığını görəndə gümrahlaşır. Olarmı bir həkim təhkim edəsiniz, o da ayda bir, iki aydan bir gəlib güya onun səhəti ilə maraqlanır kimi özünü göstərsin.

– Yox, xanım, heç bir həkimə deyə bilmərəm ki, get onunla maraqlan. Leçkomisiyanın üzvüsünüz, lazım olanda oradan çağırın.

Qəbul etdiyinə görə təşəkkürümü bildirib evimə qayıtdım.

12 dekabr – Məmməd soruşdu:

– Yadına gəlirmi, Moskvada – nəşriyyatda Harold Registan vardı.

– Sənə məktubları da var, arxivdə durur.

– Onunla Abxaziyada,  Qaqrada istirahət edirdik. Salamlaşardıq, deyərdi ki, bu gün arvada zəng edib hesabat verdim ki, bir misra yazmışam, amma arvadın xoşu gəlmədi, məndən çox şeir istəyir,  sonra da ürəkdən gülərdi.

Ruslaşmış erməni qarışığıdı. Yəhudilərin ondan xoşu gəlməzdi, deyərdilər ki, özünü rus kimi göstərir.

– Bilirsən ki, bir damcı qan belə erməni qarışığı varsa, deməli, ermənidir. Hə, sənə stoluna yaxınlaş dediyimə görə Harold Registandan misal çəkdin?..

14 dekabr – Məmmədi poliknikaya apardım. Bütün baxışlardan keçdi, analizləri götürdülər, ümumi baxış qənaətbəxşdir,  dedilər.

– Hər şey yaxşıdır, daha giley yoxdur.

Medalların təqdimatını təkrar verirdilər.

– Kənddə atamın saldığı bağı görmüsən. O bağa görə atama medal verdilər. Medalı təqdim edəndə atam soruşmuşdu:

– A bala, bu nədir?

– İnfil kişi, bağa görə medal almısan.

– Medalı neynirəm, əvəzində tənbəki versəydiniz yaxşı olardı, tənbəkim qurtarıb.

İndi mənə gileylənmək olmaz deyirsən.

15 dekabr – Şeirdən bu hissəni niyə çıxartdın?

– Hansı şeirdən?

– “Gələcəyin addım səsi” şeirindən:

Veneranın, Marsın, Ayın,

Daha nəyin qollarını

Göyün insan yollarını

Bir-birinə çatma kimi çatıb gəlir.

– Çox şişirtmə var, poz, lazım deyil.

16 dekabr – Oxuyurlar…

Yenə gəl bizə,

Duraq üz-üzə,

Ay işığında.

– Amma ay işığı yoxdur, zülmətdir – deyə güldü Məmməd.

23 dekabr – Gileylənmək varmı,  gülə-gülə soruşdu Məmməd.

– Yox, həkimə getdik, hər şey qaydasındadır, iynələri də vurdururam, qalır şeir yazmağın.

– Zəif yazıram, yaxşı yaza bilmirəm. Sənə bir misal çəkim. Bir arvadın dəvəsi ölür. Arvad aramsız ağlayır. Cana gələn camaat bir dəvə alıb arvada bağışlayır. Arvad yenə də əvvəlki kimi dəvəsini tərifləyib ağlayır. Camaat ondan soruşur ki, biz sənə dəvə alıb verdik, daha niyə ağlayırsan. Arvad onlara cavab verir:

– İstəmirəm dəvənizi, qoyun  öz dəvəmi ağlayım. İndi mən də bütün iynələri, analizləri geri qaytarıb gileylənmək istəyirəm.

24 dekabr – Bəlkə də insan özü yoldur, ömrü boyu özündən özünə yol gedir. Gedir-gedir ölüm adlı bir ünvana çatır. Yaş keçdikcə ölüm haqqında daha çox fikirləşirəm.

Axşam “İbrət” adlı veriliş gedirdi. Veriliş Şəhriyara həsr olunmuşdu. Məmməd dedi ki, sən “Səhər” verilişinə baxmırdın. Bir qrup ziyalı İran başçılarına müraciət edib. Ermənilərin bizim yerdə öz dillərində məktəbi, institutları var. Amma öz vətənimizdə nə məktəbimiz, nə də mətbuatımız var. “Xalq” qəzetində də bu haqda yazılıb. Sənə qəzet al deyəcəkdim, yaddan çıxıb.

Taleyimi Araza bağladığım gündən Araz dərdi poeziyamın şah damarına çevrilib. Arazın bu tayında – qədim Naxçıvanda dünyaya göz açmışam. “Arazın işıqları”, “Bu gecə yuxuda Arazı gördüm”, “Mövzularım tükənəndə”, “Görüşməmiş dostlar”, “Arazın nəğməsi”, “Araz axır” poeması Cənuba həsr olunub.

… – Araz mövzusu bəynəlxalq kürsülərə çıxarılmalıdır. Araz şairi olmağıma qərar verməmişdim. Necə düşünmüşəm elə yazmışam, necə görmüşəmsə elə göstərməyə çalışmışam. Nə fərqi Araz şairiyəm yoxsa-yox. Araz şeiri yazılmalıydı, gözüm yumulana qədər də yazacağam...

Təki sözümüz köhnəlməsin, laylalarımız ruhumuza yad olmasın.

Bir qaragöz oğul da “bir” qaya üstündən mənim ruhuma desin:

“ Bu dünyada sən də vardın, Məmməd Araz, arzuna çatdıq, ay qoca dağ, arzun mübarək!”.  

… Yəqin ki, qüdrətli dövlətimiz olsa cənuba çox kömək etmiş olarıq.

… Bizim ziyalılarımız külək hansı səmtə əsibsə ona tərəf çönüblər. Təkcə Süleyman Rüstəm cənub məsələsinə sadiq qaldı. Əgər ziyalı millətin bayrağını götürüb xalqın istədiyi yüksəkliyə qaldıra bilmirsə, nə o xalq ucala bilər, nə də onun ziyalısının mən varam deməyə haqqı var.

25 dekabr – Cəfər qardaş telefonda əvvəl Məmmədlə danışdı, sonra məni çağırdı.

– Bacı, Məmmədə ithaf olunmuş şeirləri toplayıb çap elətdirmək istəyirəm. Deyirlər ki, səndə böyük papka var. Onları mənə verərsənmi?

– Qardaş, bizdə elə papka yoxdur. Məndə olan ithaf şeirlərini sənə çatdıraram. Çap elətdirərsən.

26 dekabr – Çox qərib bir hiss ürəyimə dolub. Nəriman Zeynal Vəfa haqqında danışır.

– Necə şairdir,Məmməd, Zeynal Vəfa?

– Yaxşı şairdir, mənim “şkolamdı” – deyə güldü Məmməd. – İslam Səfərlinin bacısı oğludur.

– İl nə vaxt başlandı, nə vaxt qurtardı?

– Bir göz qırpımında.

– Məqalələrini yazıb qurtarıram, sadəcə bir sağ ol da demirsən.

– Hamısını bir yerdə deyəcəyəm. Heç yaza bilmirəm, yazımı oxumaq olmur.

– Şeiri yazıb qurtaran kimi ver köçürüm, yoxsa sözlər yadından çıxır, onu bərpa edəndə əziyyət çəkirəm.

– Olar. Qurdların belə bir xasiyyəti var. İnsan yaşamayan, mal-qara olmayan yerlərə ayaq basmır, ulayb yoldaşlarına xəbər vermirlər. Mənim fikirləşdiyim kəndin ətrafında da qurd ulamır. Boş qalmış kəndlərimiz ətrafında heç bir heyvan izi görünmür. Demirəm ki, yaxşı şeirdir. Insan ürəyi həmişə gözəl sənət əsərlərinə möhtacdır. Sənət əsəri ən ağır əzabları unutdurur. Yaxşı şeir oxumaq, şeiri yaxşı oxumaq oxucunu tərbiyə edir. Bunlar da biz şairlərin “vəzifəsinə” daxildir… Axı çox kəndlərimiz xarabaya dönüb və dünya da bunu görə-görə susur..

29-30 dekabr – Bu gün işə yanıma Cəlilabadda yaşayan Adil Əliyev adlı birisi gəlmişdi.  Sənə də şeir həsr edib. Zəlimxanın şeirinə oxşayır, sabah gətirərəm.

– Yeni ili Aqilgildə keçiririk.

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…