…Son illər respublikamızda gənclərin ailə qurması, evlənmə statistikasının aşağı düşməsi və bunun fonunda demoqrafik göstəricilərin zəifləməsi cəmiyyəti ciddi şəkildə düşündürən ən aktual məsələlərdən birinə çevrilmişdir. Gənc nəslin nikah masasından uzaq qaçmasının, ailə qurmaqdan çəkinməsinin kökündə dayanan fundamental səbəblər maddi imkansızlıq, işsizlik və gənclərin daimi, gəlirli iş yerləri tapmaqda çətinlik çəkməsidir. Bu iqtisadi amillər gələcəyə olan inamı azaldır və gəncləri ailə məsuliyyətindən geri addım atmağa məcbur edir.
Maddi sıxıntıların hökm sürdüyü bir dövrdə ölkədəki mövcud toy ənənələri və şadlıq saraylarının yürütdüyü qiymət siyasəti isə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu gün fəaliyyət göstərən şadlıq evlərində, israfçılıq dərəcəsində təqdim olunan çoxsaylı yemək menyuları müqabilində adambaşına tələb olunan məbləğ minimum 50 manatdan başlayır. Heç kimə sirr deyil ki, bu süni şəkildə şişirdilmiş qiymətlər birbaşa sadə xalqın, övlad evləndirmək istəyən valideynlərin belini bükür. Ailələr bir günlük dəbdəbə naminə illərlə ödəməli olduqları ağır borc və kredit yükünün altına girirlər. Əslində isə sadə vətəndaşın çətinliklə qazandığı bu vəsaitlər müəyyən məmurların idarəçiliyində olan şadlıq sarayları vasitəsilə onların şəxsi gəlirlərinə çevrilir.
Təəssüf ki, cəmiyyəti mənəvi və maddi cəhətdən aşındıran bu açıq israfçılığın, qiymət özbaşınalığının qarşısının alınması üçün hələ ki rəsmi tənzimləmə mexanizmləri işə düşməyib. Lakin reallıq və zamanın tələbi göstərir ki, yaxın gələcəkdə dövlət bu problemin həlli istiqamətində ciddi addımlar atmalı, qanunvericilik səviyyəsində qəti tədbirlər görməlidir. Azərbaycan cəmiyyətində ailə institutunu qorumaq üçün toyların daha sadələşdirilmiş, yüngülləşdirilmiş və hər bir vətəndaşın büdcəsinə uyğun qaydada keçirilməsini təmin edən hüquqi standartların tətbiqi artıq qaçılmaz bir zərurətdir.
Qiyam Ərşadoğlu






