“Sədaqətin ilk məktəbi ailə, valideynlər isə ilk müəllimidir”
Konfutsi
…Dünyanın qədim mifologiyasında və ədəbiyyatında sədaqət tez-tez ailəyə olan sevgi və borcla əlaqələndirilir. Məşhur nümunələrdən biri Homerin “Odisseya”sından olan Penelopa buna əfsanəvi nümunədir. O, əri Odisseyin 20 illik yoxluğu ərzində tərəfdarlarının təzyiqinə baxmayaraq xəyanətə yuvarlanmır, ona sadiq qalır.Həmin vaxtdan qadının bu hekayəsi səbir və mətanət simvoluna çevrilib.
Roma mədəniyyətində sədaqət həm də ailəyə, dövlətə və tanrılara sədaqəti əhatə edən Pietas idealının ayrılmaz hissəsi idi. Buna ən bariz nümunə olaraq, tanrılara və vətəninə olan borcunu şəxsi istəklərindən üstün tutan Virgilinin “Eneida” əsərinin qəhrəmanı Eney göstərilir. (Romalılar üçün Pietas-insanın özündən üstün hesab edilən dəyərlərə qarşı borcunu yerinə yetirməsi, həmin dəyərlərə sadiq qalmasıdır. Bu borcun əsas istiqamətləri;
- Pietas erqa deos– tanrılara sədaqət,
- Pietas erqa patriam – vətənə sədaqəti ehtiva edir. Dövlət qarşısında borc şəxsi maraqlardan üstün tutulur.
- Pietas erqa parentes– valideynlərə və ailəyə olan sədaqət. Ata-anaya ehtiram, ailə qarşısında məsuliyyət və nəsil ənənələrinə bağlılıq.
Roma ədəbiyyatında Pietas idealının ən parlaq obrazı əsərin qəhrəmanı“Aeneasdır”. Verigilinin Aeneida əsərində Eney Troya dağıldıqdan sonra qoca atası Anxisi çiyninə alıb şəhərdən çıxır. O, öz şəxsi təhlükəsizliyini düşünmək əvəzinə atasını, ailəsini və Romanın gələcəyini düşünür.
Pietas – insanın yalnız öz həyatı üçün deyil, özündən əvvəlki və gələcək nəsillər qarşısında məsuliyyətini anlamasıdır. Bu mənada Pietas anlayışında borc+sədaqət+ehtiram+məsuliyyət və fədakarlıq birləşir. Familia, Patria, Res publika və Dii.Yəni ailə, vətən, dövlət müqəddəs dəyərlərdir. Ona görə də Romanın siyasi mədəniyyətində “Mən nə istəyirəm?” sualından əvvəl “Mənim borcum nədir?” sualını qoyan əxlaq idi. Konfutsinin də sədaqət mövzusunda paralel yanaşması bu qəbildəndir.)
Orta əsrlərdə isə sədaqət və sadiqlik cəngavər mədəniyyəti və xristianlıq sahəsində yeni məna kəsb edibdi. Cəngavərlər ağalarına sədaqət andı içir, zəifləri müdafiə edir və xanımlarının şərəfini uca tutardılar. Bu dövr , daxili münaqişələrə baxmayaraq, Lancelotun Kral Artur və Kraliça Qineveraya sədaqəti kimi əfsanələrin yaranmasına səbəb olmuşdur.
Xristianlıq dini inanc konteksində sədaqətin əhəmiyyətini gücləndirdi. Müqəddəs şəxslər xidmət zamanı şəhid olsaydılar belə, imanlarına sədaqət nümayiş etdirirdilər. Bu, dinə olan sədaqətin cəmiyyətin əxlaq və etik kodeksinin təməlinə necə çevrildiyini göstərirdi.
Orta əsrlər həmçinin”İffət kəməri”nin ixtirası ilə də yadda qalır.Kəmər orta əsrlərdə yaşayan ərlərin arvadlarının davranışları ilə bağlı narahatlıqlarından qorunması üçün icad edilmişdi.(Guya orta əsrlərdə səfərə və ya müharibəyə gedən kişilər həyat yoldaşlarına dəmir kəmər bağlayırdılar ki,qadının xəyanətə meyilliyinin qarşısını ala bilsin,-deyə kəməri bağlayıb açarı da özü ilə götürərdilər.Əfsanələrdə “İffət kəməri” qadın cinsəlliyinə nəzarət və sədaqət məsələsinin simvoluna çevrilmişdi.Bu ideya XY-XYI əsrlərdən etibarən müxtəlif əxlaqi və bədii təsvirlərdə qəribə və qəddar təsəvvür kimi görünməyə başlayır. Lakin zaman keçdikcə insanlar bu cihazlardan istifadə etməyi unutdular.
İntibah dövründə sədaqət şəxsi məsuliyyət və seçim azadlığı kimi məna kəsb edirdi. Bu dövrün ədəbiyyatı bu cür mürəkkəb mənəvi dilemmaları araşdırardı. Məsələn, Uliyam Şekspirin “Otello” kimi faciələri sevgidə sədaqət və xəyanət məsələlərinə toxunur ,onların dağıdıcı gücünü nümayiş etdirir.
Jan-Jak Russo kimi maarifçi filosoflar sosial müqaviləyə və ümumi rifaha sadiqliyin vacibliyini vurğulayırdılar. Sosial birliyin və cəmiyyət qarşısında məsuliyyətin zəruriliyinə inam bu ideyaların vacib xüsusiyyətinə çevrilmişdi.
Sədaqət dini təlimlərdə həmişə yer tutmuşdur. Xristianlıqda Allaha sədaqət möminin həyatının təməlini təşkil edirdi. Məsələn, Əhdi-Ətiqdəki Əyyubun hekayəsi ən çətin sınaqlarda belə Allaha necə sadiq qala biləcəyini nümayiş etdirir.
İslamda Allaha sədaqət və Onun əmrlərinə riayət etmək imanın əsası hesab olunur. “Təvaff” (Ramazan ayında KƏBƏ evinin başına 7 dəfə dolanma tam təslimiyyət və sədaqət) anlayışı ilahi qanunlara mütləq sədaqəti simvolizə edir.
Buddizmdə Buddanın təlimlərinə (Dharma) sədaqət maarifləndirmə yolunun əsas aspektlərindən biri kimi qəbul edildi. Bu, əxlaqi prinsiplərə və mənəvi təcrübələrə əməl etməyə hazır olmaqla ifadə olunur.
Vətənə və ölkəsinə sədaqət, onun maraqlarını müdafiə etmək yolunda canından keçməyə hazır olmaq əsil vətənpərvərlikdir. Bu, özünü ölkəsinin siyasi həyatında və seçkilərdə iştirak etməsində göstərə bilir. Qanunlara riayət etmək, dövlət rəmzlərinə hörmət etmək, ehtiyacı olanlara əl uzatmaq bir növ,- könüllü olmağı, xeyriyyəçilik etməyi və ehtiyacı olanlar üçün ianə toplamağı əhatə edir.
Peşəkar sahədə sədaqət insanın öz işinə, şirkətinə və ya həmkarlarına sadiqliyi deməkdir. Bu, dürüstülyə, işə məsuliyyətlə yanaşmağa , öhdəlikləri yerinə yetirməyə sadiqliyə və müxtəlif vəziyyətlərdə həmkarlarına dəstək olmağa əsaslanır.
Konfutsinin ailəyə sədaqət təlimi də çox maraqlıdır.Onun təlimi əsasında “Xiao”-valideynə ehtiram və övladlıq borcu dayanır. İnsan Ata-anasına hörmət etməli, onların zəhmətini unutmamalı, ailənin şərəfini qorumalı və yaxınlarına qarşı məsuliyyətini anlamalıdır. Konfutsi ailəyə kor-koranə bağlılığı deyil, mənəvi məsuliyyəti önə çəkirdi. O: “Ata-ana sağ ikən onlara xidmət et, vəfat etdikdən sonra onları hörmətlə yad et”,-deyərdi.
Konfutsinin siyasi fəlsəfəsində dövlətə və hökmdara xidmət mühüm əhəmiyyət kəsb edir. O, yaxşı məmuru belə təsəvvür edir: Məmur rəhbərinə yalnız xoş sözlər deməli, səhv gördükdə hörmətlə xəbərdarlıq etməlidir. Çünki,həqiqi sədaqət rəhbərin hər dediyini təsdiqləmək yox, onun düzgün qərar verməsinə kömək etməkdir. Bu mənada: “Sədaqət – susmaq deyil. Sədaqət həqiqəti vaxtında deməkdir”: – prinsipini ortaya qoyur. Konfutsi ənənəsində yaxşı idarəçinin əsas keyfiyyətləri ədalət, düzgünlük, mədəniyyət, ədəb, şəxsi nümunə və məsuliyyət təşkil edir. Konfutsi fəlsəfəsini bir zəncir kimi ifadə etmək olar. “İnsan özünü öncədən tərbiyə və ailəsini düzgün idarə edir – cəmiyyətə nümunəvi davranış modeli bəxş edir, dövlətə faydalı xidmət edir. Zatən məsuliyyətsiz və ya ədəbsiz insanın dövlət qarşısında məsuliyyət hissini dərk etməsi də çətin bir məsələdir. Bu ideya xüsusilə dövlət qulluğu, polis, ordu və digər vəzifələrin icrası baxımından çox maraqlıdır. Fərd şəxsi münasibətlərilə xidməti borcunu qarışdırmamalıdır. Bir az da obrazlı ifadə etsəm, Konfutsiyə görə ailəyə sədaqət insanın kökü, vəzifəsinə və vətənə sədaqət isə onun cəmiyyət qarşısında Konstitutsion borcudur. Burada ədalət və mənəviyyat, iman və vicdan öndə durur.
Sədaqət sıradan bir söz deyil, həyat fəlsəfəsidir. Sədaqət ailədə qarşılıqlı sevgi, hörmət və ehtiram, dostluqda etibar, vəzifədə məsuliyyət, dövlətə münasibətdə isə vətəndaşlıq borcudur, insanın doğru bildiyi dəyərə sadiq qalmasıdır. Bu mənada 2500 il bundan əvvəl yaşamış böyük Çin mütəfəkkiri Konfutsinin irsi bu gün də düşündürücüdür.
İnsanın mənəvi tərbiyəsi ailədən başlayır. Ona görə,ailə – sədaqətin ilk məktəbi,valideynlər isə ilk müəllimləridir. Valideynlərə hörmət, ailə üzvlərinə qayğı, böyüyə ehtiram, kiçiyə mərhəmət və ailənin şərəfini qorumaq insanın xarakterini və iradəsini formalaşdırır. Ailənin şərəfini qoruya bilməyən və onu anlamayan dövlətin və vətənin şərəfini qoruya bilməz. Qeyd etdiyim kimi,ailə cəmiyyətin əsas özəyi kimi insanın ilk məktəbi, valideyn isə onun ilk müəllimidir. Ailəyə sədaqət həm də, ailənin etimadını doğrultmaq, davranışı ilə ailəyə ucalıq gətirmək və ona layiqli həyat (səviyyəsini) yaşamağı bəxş etməkdir.
Vəzifə isə insanın cəmiyyət qarşısındakı borcudur. Vəzifə sadəcə bir post və ya səlahiyyət deyil, məmura göstərilən böyük etimaddır, ona etibar etməkdir. Vəzifə funksiyalarına görə ona təkcə səlahiyyət verilmir, həm də,başqalarının taleyi ilə bağlı məsuliyyət də həvalə olunur. Bu səbəbdən dövlət qulluqçusu öz marağını yox, ümumi marağ və mənafeyi düşünməlidir. Xüsusilə hakimiyyətin icra və məhkəmə orqanlarında çalışanlar bu prinsipə daha çox diqqət yetirməlidirlər. Konfutsiyə görə sədaqət kor itaət deyil: Rəhbər səhv edirsə, ona səhvini göstərmək də sədaqətin bir formasıdır. Əgər yaltaqlıq rəhbəri qoruyursa, həqiqəti söyləməklə sədaqət nümayiş etdirmək rəhbəri qoruyur.
Konfutsiyə görə sədaqətin üç mərhələsi var:
- Əvvəlində ailəyə sədaqət(Onları heç vaxt unutmaq olmaz!);
- İkincisi, vəzifəsinə sədaqətdir (Sənə etibar edilən işi yarımçıq qoyma, vəzifənə səhlənkar yanaşma, sui-istifadə etmə, ümumi marağa üstünlük ver)
- Üçüncüsü isə ədalətə sədaqətdir. (Şəxsi münasibətlərdə doğru bildiyin qanundan dönmə).
Bu üç prinsip-mərhələ birləşdikdə insanın xarakteri də formalaşmış olur. İnsan ailəsinə münasibətilə insanlığı, vəzifəsinə münasibətilə xarakterini, səlahiyyətindən istifadə tərzi ilə ədalətli olub olmamasını bəyan edir.
Zənnimcə əsil dövlət qulluqçusu ona etibar edilən vəzifəsini imtiyaz kimi deyil, əmanət kimi qəbul etməlidir. İnsanın böyüklüyü ona verilən hakimiyyətlə deyil, həmin hakimiyyət qarşısında daşıdığı məsuliyyət hissi ilə ölçülür.
Azərbaycan Respublikası Konstitutsiyasının 74-cü maddəsində Vətənə Sədaqət hər bir vətəndaşın müqəddəs borcu kimi təsbit edilir. Bu anlayış hüquqi və əxlaqi xüsusiyyətləri ilə seçilir.
Dövlətə sədaqət vəzifədə ikən şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmamaqdır. Burada qanuna, vətəndaşların hüquq və azadlıqlarına hörmət, xidməti sirri və dövlət əmlakını öz əmlakı kimi qorumaq, səlahiyyətlərdən sui-istifadə etməmək, ədaləti üstün tutmaq, hüququn və qanunun aliliyini göz bəbəyi kimi qorumaqla dövlətinə mənsub olan vətəndaşın vicdanını, ləyaqətini, imanını təcəlli edən dəyərlər ərsəyə gəlib bərkiyir.
Dövlət idarəçiliyində əsas məsələ kadrların bilikli olması yox, onların xarakteri də önəm kəsb edir. Əgər bilik,insanı necə hərəkət etməyi öyrədirsə, xarakteri insanın nə zaman (və harda,necə) dayanmalı olduğunu öyrədir.
Müasir bir dövrdə ən çətin bir sual hər birimizi düşündürə bilər.
Kimə sədaqətli olmaq lazımdır?
-Ailəsinə? – Bəli!
– Dostuna? – Bəli!
– Rəhbərinə? – Bəli (həqiqət çərçivəsində)
– Vəzifəsinə? – Mütləq!
Dövlətinə və Vətəninə – vicdanla, can qurban verməklə!
Xalqa – məsuliyyətlə! Sonda isə – Ədalətə də,sədaqətli olmaq lazımdır!
Vicdan və iman olmayanda vəzifə şəxsi hakimiyyətə,qanun yoxdursa səlahiyyət özbaşınalığa çevrilə bilər.
Ailəsinə sədaqətli insan kökünü ,vəzifəsinə sədaqətli insan əmanəti qoruyur. Dövlətinə sədaqətli insan dövlətin etibarını ədalətə sədaqətli insan qeyd olunanların mənasını qoruyur. Vəzifəni etibar edilən böyük məsuliyyətin ağır yükü kimi qəbul etmək lazımdır.Bu da,sədaqətdir, onun canlı təzahürüdür. Rütbə hələ böyüklük deyil!
Sonda əlavə edim ki, sədaqət insan davranışının və münasibətlərinin bir-birini istisna edən, lakin vacib iki aspektidir. Hər ikisinin həyatın müxtəlif vəziyyətlərində və sahələrində öz çəkisi və əhəmiyyəti var. Fərqi anlamaqla xarakterimizi və münasibətlərimizi daha dəqiq müəyyən etməyə və qiymətləndirməyə qadirik.
Şəmsəddin Əliyev
Hüquqşünas, publisist






