Bəzi xatirələr var ki, illər keçsə də yaddaşdan silinmir. Bəzi səslər var ki, üstündən illər keçsə də qulaqdan getmir. Bəzi fotolar isə var ki, insan onları paylaşmaqdan çox qorumağı üstün tutur. Çünki həmin fotolarda sadəcə görüntü deyil, bir dövrün ağrısı, həyəcanı, Vətən sevgisi və tariximizin canlı izləri yaşayır.
7 noyabr 2020-ci il.
44 günlük Vətən müharibəsinin ən şiddətli günlərindən biri idi. Həmin gün Ağdam istiqamətinə səhər saat 5 radələrində yola çıxmışdıq. Amma oraya sadəcə jurnalist kimi getmirdim. Əsgərlərimiz üçün yardım aparırdıq. Böyük bağlamalarda istilik geyimləri, papaqlar, corablar və müxtəlif geyimlər vardı. Məqsədim bacardığım qədər Vətən uğrunda döyüşən əsgərlərimizə dəstək olmaq idi. Bərdədən keçərək Ağdam postuna çatdıq, çətinliklə də olsa postu keçib Quzanlı qəsəbəsi istiqamətində meşə yolu ilə irəlilədik.
Həmin yol bu gün də gözümün qarşısındadır.
Topların səsi…
Düşünürəm ki, o səs insanın yaddaşından heç vaxt silinmir.
Hər tərəfdə gərginlik hiss olunurdu. Biz isə postdan keçərək meşə yolu ilə irəliləyirdik. Bir tərəfdən mərmilərin, topların səsi gəlir, digər tərəfdən isə insan Vətən uğrunda döyüşən əsgərlərin yanına çatmağın məsuliyyətini hiss edirdi. O an başa düşürdün ki, televiziyada izlədiyin müharibə ilə müharibənin içində olmaq tamam başqa şeydir. Burada səs var idi. Burada təhlükə var idi. Burada qorxu ilə yanaşı böyük bir inam da var idi. İnam ki, bu torpaqlar azad olunacaq.
“Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov
Ağdam istiqamətində yolumuzu davam etdirərək Quzanlı qəsəbəsi ərazisinə çatdıq. Bizi orada “Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov qarşıladı.
Xatırladaq ki, əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. O, həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Onun vətən uğrunda döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Təəssüf ki, bu gün o, aramızda yoxdur.
Qeyd edək ki, Səyyaf Əhmədov Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində minaya düşərək həlak olmuşdur.
Allah rəhmət eləsin.
Mən onu və həmin gün orada gördüyüm insanları xatırlayanda bir daha düşünürəm: Vətən sevgisi bəzən bir insanın bütün ömrünü əhatə edən bir yol olur.
Bir ev qərargaha çevrilmişdi.
Daha sonra bir evə daxil olaraq kəşfiyyatçı komandir Zahid Əliyevlə görüşdük. Ev Zahid Əliyevin evi idi. Həmin ev artıq adi yaşayış evi deyildi. Ev müharibə şəraitində qərargaha çevrilmişdi. Mayor Zahid Əliyev Birinci Qarabağ müharibəsi zamanı Ağdamdan könüllü qoşulmuş əfsanəvi kəşfiyyatçı qrup komandiri idi. O, həmin müharibədə xüsusi kəşfiyyat əməliyyatlarında iştirak etmiş və məşhur kəşfiyyatçı Gizir Xanın (Səyyaf Əhmədov) yaxın silahdaşı olub. Zahid Əliyevin ailəsi Azərbaycanın azadlığı uğrunda ağır itkilər verib: onun üç qardaşı — Zakir, Tahir və Sabir Qarabağ döyüşlərində şəhid olub. Özü isə Vətən müharibəsində döyüşərək hazırda ehtiyatda olan mayor rütbəsini daşıyır… Düşünün… Bir ailə üç oğlunu Vətən uğrunda itirib.
Amma illər sonra həmin insan yenə Vətən uğrunda mübarizənin içindədir. Həmin qərargahda əsgərlər, kəşfiyyatçılar, döyüşçülər vardı. Hər kəs öz işi ilə məşğul idi. Müharibənin gərginliyi evin içində belə hiss olunurdu. Süfrə açıldı. Əsgərlərlə, döyüşçülərlə birlikdə oturub onların süfrəsində çörək yedik. Bu gün həmin anı xatırlayanda insanın ağlına bir fikir gəlir: O süfrədə oturan insanların heç biri sabah başına nə gələcəyini bilmirdi. Amma hamısını bir amal birləşdirirdi:
Vətən.
Sərxan ata…
Həmin səfərdə yaddaşımdan heç vaxt silinməyəcək bir insanla – Sərxan ata ilə də görüşdüm. Həm çox ağır həmdə şirin söhbətimiz oldu. Oğlu Anar Yusifov şəhid olmuşdu. Üç övlad atası…
Cəmi üç gün əvvəl… Üç gün əvvəl övladını itirmiş bir ata düşünün. Amma ağrılı acılı itkisinə baxmayaraq o, ikinci oğlunu da döyüşə gətirmişdi. Onun üçün övladlarını Vətən üçün yetişdirmək bir amal idi. Vətən torpaqları təhlükədə idisə, oğullarının da Vətənin müdafiəsində dayanmasını istəyirdi. Bu hadisənin qarşısında insanın söz tapması çətindir. Bir ata övladını itirir.
Amma digər övladını da Vətən uğrunda döyüşə göndərir. Bu, bizim tariximizin ən ağır və ən qürurlu səhifələrindən biridir.
Hərbi jurnalist Səxavət Məmməd
Həmin qərargahda hərbi jurnalist Səxavət Məmmədlə də görüşdük. Səxavət Məmməd çox vətənpərvər, Vətənə bağlı bir insan idi. Müharibənin ən ağır, ən döyüş bölgələrində jurnalist kimi fəaliyyət göstərir, baş verənləri cəmiyyətə çatdırmaq üçün öz peşə borcunu yerinə yetirirdi. Hərbi jurnalistin döyüş bölgəsində işi yalnız kamera götürüb hadisəni çəkmək deyil. O, bəzən mərmi səslərinin içində işləyir. Bəzən ölüm təhlükəsi ilə üz-üzə qalır.
Bəzən isə tarixə çevriləcək bir anı sənədləşdirir. Həmin gün biz də onunla birlikdə fotoşəkil çəkdirdik. Mən o fotoları niyə illərlə paylaşmadım? Həmin gün çoxlu fotoşəkillər çəkdim.
Əsgərlərlə, kəşfiyyatçılarla, döyüş bölgəsində olan insanlarla… Amma o fotoları illərlə paylaşmadım. Çünki məndən xahiş olunmuşdu. Müharibə şəraitində təhlükəsizlik məsələləri vardı. Mən də verilən sözə hörmət etdim. Bu gün həmin fotoları özümü reklam etmək üçün gündəmə gətirmirəm. Çünki o fotolarda mənim reklamım yoxdur. Orada Vətən üçün döyüşən insanlar var.
Orada müharibənin nəfəsi var. Orada topların səsi var. Orada əsgərlərin həyatı var. Orada şəhidlikdən cəmi bir addım uzaqda dayanan insanlar var. Və bütün bunların arxasında bir amal var: Vətən.
Şəhidlər gündəmin deyil, ürəklərin əmanətidir… Bu gün mən şəhid analarını da düşünürəm. Şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət xanım. Şəhid Nicat Tarverdiyevin anası Şükran xanım. Və adlarını çəkmədiyim, öz dərdini içində daşıyan neçə-neçə şəhid anası… Onların bəziləri övladının şəhidliyindən sonra özlərini gündəmə gətirmədilər. Reklam etmədilər. Övladlarının adını şəxsi maraqların qarşısına qoymadılar.
Onlar sadəcə öz analıq dərdləri ilə yaşadılar.
Bəzən şəhid analarından biri hansısa emosional davranış nümayiş etdirəndə isə cəmiyyət olaraq bir anlıq dayanıb düşünməliyik.
Biz onun ürəyindəki ağrını bilirikmi?
Bəlkə bir söz onun illərdir bağlanmadığı yarasına toxunub?
Bəlkə biz onun həyatının yalnız bir anını görürük?
Ona görə şəhid analarını asanlıqla mühakimə etməyək.
Şəhid anasının qarşısında ilk növbədə hörmət dayanmalıdır.
Amma bununla yanaşı, şəhid adı da qorunmalıdır.
Şəhidin adı şəxsi maraqların, mübahisələrin, üstünlük əldə etməyin vasitəsinə çevrilməməlidir.
Şəhid ailələrinin qanuni hüquqları var və həmin hüquqlar qorunmalıdır.
Qazilərimizin də haqqı var və onların hüquqları müdafiə edilməlidir.
Amma haqqını tələb etmək başqa, şəhid və ya qazi adından şəxsi üstünlük əldə etməyə çalışmaq başqadır.
Şəhidin adı ev, torpaq, pul və ya hər hansı başqa şəxsi marağın qarşısına qoyulmamalıdır.
Çünki onlar bu məqsədlə şəhid olmadılar.
Onlar Vətən üçün şəhid oldular.
Bir qarış torpağın belə düşmən tapdağında qalmaması üçün canlarından keçdilər.
Bizə qalan nədir?
Bizə onların xatirəsi qalıb.
Bizə onların ailələri qalıb.
Bizə onların əmanət etdiyi Vətən qalıb.
Ona görə həm cəmiyyət, həm şəhid ailələri, həm də qazilərimiz bu böyük əmanətin mənəvi dəyərini qorumalıdır.
Şəhidlərin adını uca tutmaq lazımdır.
Qazilərimizə hörmət etmək lazımdır.
Şəhid ailələrinə sahib çıxmaq lazımdır.
Amma onların adlarını gündəlik şəxsi mübahisələrin və maraqların alətinə çevirməməliyik.
Çünki gündəm dəyişir. Paylaşımlar silinir. Sosial şəbəkələrdə başqa mövzular ortaya çıxır. Amma şəhidin adı qalır. Şəhidin adı tarixdir.
Mənim 7 noyabr 2020-ci ildə Ağdam istiqamətində keçdiyim yol, Quzanlı postu, meşə yolu, topların səsi, Səyyaf Əhmədov, Zahid Əliyevin qərargaha çevrilmiş evi, oradakı əsgərlər və kəşfiyyatçılar, Sərxan Ata, Səxavət Məmməd, və o gün yaşadığım bütün xatirələr yaddaşımda qalacaq. Bəzi fotoları isə illərdir olduğu kimi qoruyuram. Çünki bəzi şəkillər özünü göstərmək üçün deyil. Tarixi xatırlamaq üçündür. Və bəzi adlar gündəmdə qalmaq üçün deyil. Ürəklərdə əbədi yaşamaq üçündür. Şəhidlər gündəmin deyil, ürəklərin əmanətidir.
Afət Məmmədova,
Araşdırmaçı jurnalist
Quba












