Əsas məzmuna keç

AYNA -CƏRİMƏ MAŞINI-QALİB ARİF YAZIR

..Dostlar, neçə vaxtdır bu sualı özümə verirəm, amma cavab tapa bilmirəm. Xahiş edirəm siz deyin: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi cərimə maşınıdır, reketdir, ya hökumət orqanıdır?!
Deməli, Bakının istər mərkəzində, istər mərkəzdən aralı, yol kənarında, harda maşın saxlasan, cərimə edirlər.
Bir adamı mindirmək, düşürmək olmur. Park etməyə gəlincə, istəyirsən, qadağan olunmuş yerdə – piyada keçidinin üstündə, istəyirsən qadağan olunmamış yerdə park elə, fərqi yoxdur, AYNA həmişə və hamıya 45-50 manat cərimə göndərir. Məni bu günlərdə yenə cərimə etdilər, amma 8-ci km bazarının yaxınlığında, qadağan olunmamış yerdə, yoldan və piyada keçidindən xeyli aralı saxlamışdım.
Yeri gəlmişkən, bir jurnalist kimi bu özbaşınalığın mümkün səbəblərini də araşdırdım. Deməli, paytaxtın müxtəlif rayonlarında AYNA-nın pullu avtomobil dayanacaqları var. Saata az qala 5 manat istəyirlər. AYNA da kənarda saxlayan maşınları cərimə edir ki, hamı saatına 5 manat ödəyib maşınını onun pullu dayanacağında saxlasın. Yadınızdadırsa, bu metoddan bir vaxtlar Hacıbala Abutalıbov istifadə edirdi. Bakıda onun park-aparatlarına pul ödəməyən bütün şəxsi maşınları, harda saxlamağından asılı olmayaraq, evakuator götürüb gedirdi… Və son olaraq. Yaxşı yadımdadır, 90-cı illərdə, 8-ci km-də bizim həyətdə böyük bir maşın dayanacağı (indi yerində bir neçə bina tikilib) vardı. Məlum kriminal avtoritet Söhbətə (İmperator!) məxsus olduğu deyilirdi. Təbii ki, özü dayanacağa gəlmirdi, amma sözünü deyirdi. Hamı maşınını bu dayanacaqda saxlamalı idi. Kim ki, həyətdə, küçədə saxlayırdı, gecələr ya təkərini deşirdilər, ya da maşınını cızırdılar. Camaat məcbur idi ki, gecəsi 1 rubldan maşınını Söhbətib dayanacağında saxlasın…
Deyəsən, tarix təkrar olunur, dostlar, AYNA reketçilik edir…
Qalib ARİF
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…