Əsas məzmuna keç

Kartdan-karta pul göndərənlərə vacib XƏBƏR: Yeni tariflərin pərdəarxası

Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tariflərinin müəyyən edilməsi bank xidmətlərinin qiyməti və nağdsız ödənişlərin gələcəyi ilə bağlı müzakirələri gündəmə gətirir. Köçürülən məbləğdən asılı olaraq dəyişən tariflərin vətəndaşların gündəlik maliyyə əməliyyatlarına, ailədaxili pul köçürmələrinə və bank xidmətlərindən istifadə vərdişlərinə necə təsir edəcəyi maraq doğurur.

Bəs yeni tariflər nağdsız ödənişlərə marağı azalda bilərmi? Bu dəyişikliklər əhalinin xərclərinə və bank sektoruna hansı təsirləri göstərəcək? Mövzu ilə bağlı Tezadlar.az-ın suallarını cavablandıran iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib: “Azərbaycan Mərkəzi Bankının yeni qərarı ödəniş sistemlərində xidmət tariflərinin aşağı salınmasına və rəqəmsal ödəniş infrastrukturunun effektivliyinin artırılmasına yönəlib. Qərara əsasən, 2027-ci il aprelin 1-dən etibarən AZIPS üzrə xidmət haqlarının maksimum həddi iki dəfə, XÖHKS üzrə isə 1,5 dəfə azaldılacaq. Ani Ödənişlər Sistemi çərçivəsində də daha aşağı tariflərin tətbiqi nəzərdə tutulur”.

“Bununla belə, bankların Mərkəzi Bankın ödəniş sistemlərinə görə ödədikləri haqların azalması vətəndaşların kartlararası pul köçürmələrində daha az komissiya ödəyəcəyi anlamına gəlmir. Çünki banklararası hesablaşmalar üzrə tariflərlə bankların öz müştərilərinə tətbiq etdiyi xidmət haqları arasında fərq var”, — deyə iqtisadçı əlavə edib.
Günay Hüseynovabıb sözlərinə görə, kartdan-karta köçürmələrə görə komissiyanın müəyyən edilməsi bankların daxili tarif siyasətindən, əməliyyatın həyata keçirilmə formasından və istifadə olunan kartın xüsusiyyətlərindən asılıdır. Buna görə də Mərkəzi Bankın qərarının qüvvəyə minməsi bütün köçürmələr üzrə komissiyaların avtomatik şəkildə azalmasına səbəb olmaya bilər.

Vətəndaşlar üçün mühüm məqama toxunan fəlsəfə doktoru qeyd edib:

“Yeni tarif mexanizmi bütün kart köçürmələrinin ödənişli olmasını tələb etmir. Eyni zamanda, ödəniş infrastrukturu üzrə xərclərin azalması bankların müştərilər üçün müəyyən etdiyi komissiyaları aşağı salmaq öhdəliyi yaratmır”.

O, vurğulayıb ki, iqtisadi nöqteyi-nəzərdən bu addım banklararası ödənişlərin daha az xərclə həyata keçirilməsi, maliyyə infrastrukturunun optimallaşdırılması və rəqəmsal əməliyyatların səmərəliliyinin yüksəldilməsi baxımından müsbət qiymətləndirilə bilər. Lakin əldə olunan iqtisadi üstünlüklərin əhaliyə nə dərəcədə çatacağı banklar arasındakı rəqabət mühitindən və onların qiymət siyasətindən asılı olacaq.
Nağdsız ödənişlərə şərait yaradılacağından bəhs edən iqtisadçı deyib:

“Əgər banklar azalan əməliyyat xərclərini müştərilərə daha münasib tariflər vasitəsilə əks etdirsələr, bu, vətəndaşların gündəlik maliyyə məsrəflərinin azalmasına və nağdsız ödənişlərə marağın artmasına şərait yarada bilər. Əks təqdirdə, tariflərin aşağı salınması bankların əməliyyat xərclərinə qənaət etməsi ilə məhdudlaşa, istehlakçılar isə bu dəyişiklikdən birbaşa fayda görməyə bilərlər”.

Günay Hüseynova sonda bildirib ki, burada əsas diqqət yetirilməli məqam yalnız bankların xərclərinin azalması deyil, həmin qənaətin müştərilərin ödədiyi komissiyalara necə təsir etməsidir. Rəqəmsal ödəniş sistemlərinin inkişafı əməliyyatların sürətli və rahat olması ilə yanaşı, xidmət haqlarının əlçatanlığı və tarif siyasətinin şəffaflığı ilə də ölçülməlidir.
Dəniz Pənahova 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…