Rusiyanın Kalininqrad vilayətində Polşa xüsusi xidmət orqanlarının agent şəbəkəsi aşkarlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. FTX-in bildirdiyinə görə, Polşa xüsusi xidmət orqanlarının iki agenti saxlanılıb. Bundan əlavə, Polşanın 7 və Rusiyanın 3 vətəndaşına casusluq və dövlətə xəyanət əməlləri ilə bağlı rəsmi xəbərdarlıq edilib. Qurumun məlumatına əsasən, şübhəlilər Kalininqrad vilayətində Rusiya Müdafiə Nazirliyinin hərbçiləri və hərbi obyektləri barədə məlumat toplayıblar. Onların, həmçinin, bölgədəki sosial-iqtisadi vəziyyət, miqrasiya və sosial siyasətlə bağlı məlumatları ötürdükləri bildirilir.
FTX-in Kalininqrad vilayəti üzrə İstintaq İdarəsi saxlanılan şəxslər barəsində Rusiya Cinayət Məcəlləsinin casusluğa dair 276-cı maddəsi ilə cinayət işi açıb.







