İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi yüksək zənginləşdirilmiş uran ixrac etməyəcəklərini və bunu Rusiyaya çatdırdıqlarını bildirib.
Tezadlar.az xəbər verir ki, Livanda yerləşən “Əl Mayadeen” televiziya kanalına danışan Rzayi ABŞ ilə İran arasında davam edən gərginlik, Vaşinqton administrasiyasının təhdidləri və vasitəçi ölkələr vasitəsilə aparılan mesaj mübadiləsi barədə şərh verib.
ABŞ hücum təhdidlərini həyata keçirərsə, İranın “coğrafi sərhədləri nəzərə almadan” cavab verəcəyini bildirən Rzayi deyib: “ABŞ-nin hər hansı yeni hücumu ən ucqar bazalar da daxil olmaqla Amerika bazalarını hədəf alan cavabla qarşılanacaq”.
Rzayi həmçinin bildirib ki, İran müharibə zamanı bəzi ABŞ pilotsuz təyyarələrini ələ keçirib və ölkəsi elektron müharibədə qabaqcıl səviyyəyə çatıb, ABŞ təyyarələrini idarə edə və təhlükəsiz şəkildə endirə bilib.
ABŞ və İran arasında ən vacib fikir ayrılıqlarından biri olan mümkün razılaşmanın bir hissəsi olaraq İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranın çıxarılması və ya durulaşdırılması məsələsinə gəldikdə, Rzayi bildirib: “Rus dostlarımıza zənginləşdirilmiş nüvə materialının İranda qalacağını və ondan özümüz istifadə edəcəyimizi bildirdik. Nüvə enerjisi ilə işləyən gəmilər və sualtı qayıqlar dizayn etmək üçün zənginləşdirilmiş urana ehtiyacımız var.”
İranın təxminən 440 kiloqram 60% zənginləşdirilmiş uran saxladığı açıqlansa da, bu materialın harada olduğu məlum deyil.
Digər tərəfdən, İran 28 fevralda başlayan ABŞ-İsrail müharibəsindən əvvəl Vaşinqtonla davam edən danışıqlarda yüksək dərəcədə zənginləşdirilmiş uranın durulaşdırılmasına razılıq vermişdi.
ELBAR







