Azərbaycanda vergi və gömrük güzəştlərinin məbləği kifayət qədər böyükdür.
xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bütün vergi və digər güzəştlər hökumət tərəfindən təsdiq edilmiş metodologiyaya uyğun olaraq qiymətləndirilir: “Bu məqsədlə Maliyyə Nazirliyi tərəfindən müvafiq portal yaradılıb. Portal vasitəsilə güzəştlərin fiskal və iqtisadi təsirləri müxtəlif parametrlər üzrə qiymətləndirilir, nəticələr ümumiləşdirilərək güzəştlərin məqsədəuyğunluğu barədə rəylə birlikdə Nazirlər Kabinetinə təqdim olunur”.
Sahil Babayev qeyd edib ki, Azərbaycanda həm vergi, həm də gömrük güzəştlərinin məbləği böyükdür:
“Burada əsas məqsəd iqtisadiyyatın, real sektorun inkişafı, biznesə və sahibkarlığa dəstək tədbirləridir. Ona görə də biz güzəştlərin hər zaman müddətli olmasının tərəfdarıyıq”.
Nazir vurğulayıb ki, güzəştlərin müddəti başa çatdıqda onların uzadılması məsələsinə yenidən baxılır və əvvəlki dövrdə tətbiq olunan güzəştlərin nəticələri qiymətləndirilir.
O əlavə edib ki, güzəştlər yalnız iqtisadi meyarlar əsasında müəyyən edilmir. Bu qərarların böyük bir hissəsi sosial siyasət və həssas qrupların qorunması məqsədilə qəbul olunur.







