Əsas məzmuna keç

DOST Agentliyi Departamentinin müdir müavini nazirə müraciət etdi- SƏBƏB

Hazırda DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini vəzifəsində çalışan Teymur Hacıyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, DOST Agentliyinin Müşahidə Şurasının sədri Anar Əliyevə “AÇIQ MƏKTUB”la müraciət edib. Tezadlar.az-a göndərilən müraciətdə(məktub T.Hacıyevin sosial media hesabında da yayımlanıb) deyilir:
“Hörmətli cənab Nazir!
Mən uzun illərdir ki, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini vəzifəsində çalışıram. İki övlad atasıyam. Övladlarımdan birinin autizm spektr pozuntusu ilə bağlı xüsusi dəstəyə ehtiyacı var.
Sizə bu məktubu yazmazdan öncə bir neçə dəfə qəbulunza düşmək üçün aidiyyəti üzrə etdiyim müraciətlərim nəticəsiz qalıb. Mənə hər dəfə bildirilib ki, Nazirin əməkdaşlarla ayrıca görüşünün təşkili proseduru yoxdur. Vətəndaş olaraq qəbulunuza düşmək üçün isə zaman məhdudiyyətləri mövcuddur. Sizin növbəti vətəndaş qəbulunuz bu ayın sonlarına təsadüf edir. Həmin vaxt isə hər şeyin gec olacağından narahatam. Odur ki, tabeliyinizdə çalışan əməkdaşın bu cəsarətini anlayışla qarşılamağınızı Sizdən rica edirəm.
“Mən Sizdən hər hansı imtiyaz, qanundan kənar güzəşt və ya xüsusi münasibət istəmirəm. Yalnız barəmdə qəbul edilməsi nəzərdə tutulan qərarın bütün faktlar nəzərə alınmaqla, qanunlara uyğun və ədalətli şəkildə qiymətləndirilməsini istəyirəm…”
Sizə bu açıq məktubla müraciət etməyimin səbəbi barəmdə sizə qeri-obyektiv və birtərəfli şəkildə məlumat təqdim edilməsi və nəticədə əmək müqaviləmə xitam verilməsi barədə qərarın formalaşmasıdır. Hesab edirəm ki, bu məsələdə yalnız mənim əmək hüquqlarım deyil, həm də dövlət idarəçiliyinin təməl prinsiplərindən olan qanunun aliliyi, obyektivlik və ədalət prinsiplərinə riayət edilməsi məsələsi mövcuddur. 
Mən Sizdən hər hansı imtiyaz, qanundan kənar güzəşt və ya xüsusi münasibət istəmirəm. Yalnız barəmdə qəbul edilməsi nəzərdə tutulan qərarın bütün faktlar nəzərə alınmaqla, qanunlara uyğun və ədalətli şəkildə qiymətləndirilməsini istəyirəm.
Dövlətin gücü yalnız qəbul etdiyi qanunlarla deyil, həmin qanunların bütün hallarda, istisnasız və obyektiv şəkildə tətbiqidir. Xüsusilə dövlət qurumlarında qəbul edilən qərarlar hüquqi baxımdan əsaslandırılmış olmalı, hər bir şəxsin qanunla qorunan hüquq və mənafeləri təmin edilməlidir.
2026-cı ilin sentyabr ayında barəmdə irəli sürülmüş ittihamlarla əlaqədar əvvəlcə DOST Agentliyində, daha sonra isə Nazirlikdə xidməti araşdırmalar aparılmışdır.
Araşdırmanın bütün mərhələlərində əməkdaşlıq etmiş, yazılı izahatlar vermiş və mövqeyimi əsaslandıran məlumatları təqdim etmişəm. 2 Oktyabr tarixində DOST Agentliyində araşdırma yekunlaşmış və aidiyyəti üzrə təqdim edilmişdir. Agentlikdə və nazirlikdə aparılan araşdırmalar mənə qarşı irəli sürülmüş ittihamların öz təsdiqini tapmadığı aydın qeyd olunmuşdur. Bu, araşdırmanın mühüm nəticəsi olsa da, sonrakı mərhələdə barəmdə əmək müqaviləsinə xitam verilməsi kimi ağır nəticə doğura biləcək qərar formalaşdırılmışdır.
Məruzədə digər məsələlərə dair yer alan qiymətləndirmələrin də konkret hüquq pozuntusunu və əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini kifayət qədər əsaslandırmır.
Hesab edirəm ki, qərarın formalaşmasına əsas olmuş məruzə barəmdə irəli sürülən ittihamları ön plana çıxarmış, həmin ittihamların hüquqi əsaslarını mübahisələndirən halları isə kifayət qədər əks etdirməmişdir.
Barəmdə nəzərdə tutulan tədbirin hüquqi əsasları ilə bağlı ən ciddi etirazlarımdan biri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri ilə əlaqədardır.
Həmin maddəyə əsasən, intizam tənbehi pozuntunun aşkar edildiyi gündən bir ay keçənədək tətbiq oluna bilər. Eyni zamanda, intizam xətasının törədildiyi tarixdən altı ay keçdikdən sonra tənbeh verilməsinə yol verilmir.
Barəmdə aparılan araşdırma müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı deyil. Bu səbəbdən həmin yoxlamalara aid xüsusi müddətin mənim vəziyyətimə tətbiq olunması üçün əsas yoxdur.
Xüsusilə vurğulamaq istəyirəm ki, Əmək Məcəlləsində nəzərdə tutulan bir aylıq və altı aylıq müddətlər qanunun imperativ tələbləridir.
• İddia olunan hallar 2025-ci ilin avqust-noyabr aylarında baş vermişdir və artıq 6 aylıq məhdudlaşdırıcı dövr çoxdan keçmişdir.
• DOST Agentliyinin daxili araşdırması 02 oktyabr 2026-cı il tarixli xidməti məruzə ilə yekunlaşmışdır. Yəni, qurum məsələni rəsmən aşkar etdikdən sonra qanunla müəyyən edilmiş 1 aylıq müddət 02 noyabr 2026-cı ildə tamamilə başa çatmışdır.
Buna rəğmən, qanuni müddətlərin bitməsindən sonra — noyabrın 4-də və 5-də mənə “öz xahişimlə” ərizə yazmağım üçün təzyiqlər edilməsi və xitamla hədələnməyim hüquqi dövlət prinsipinə və təmsil etdiyimiz qurumun adına yaraşmayan haldır.
Hesab edirəm ki, qanunvericiliyin bu imperativ tələblərinin inzibati qərar, xidməti məruzə və ya əlavə araşdırma ilə dəyişdirilməsi, yaxud nəzərə alınmaması yolverilməzdir.
Qanunla müəyyən edilmiş müddətlərin ötürülməsi halında sonradan aparılmış əlavə araşdırma həmin müddətləri öz-özünə yenidən başlatmır.
Hesab edirəm ki, bu hüquqi məsələlərə aydın qiymət verilmədən əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilməsi qanunvericiliyin tələbləri baxımından ciddi suallar doğurur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi və 71-ci maddəsi işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin konkret hüquqi şərtlərini müəyyən edir.
Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.
Barəmdə irəli sürülmüş ittihamlar birbaşa əmək funksiyalarımın icrası ilə bağlı olmamış, xidməti öhdəliklərimi yerinə yetirməyimə maneə yaratmamış və peşəkar fəaliyyətimin nəticələrinə mənfi təsir göstərməmişdir. Əksinə, həmin dövrlərdə də vəzifə öhdəliklərimi məsuliyyətlə icra etmiş, rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirmiş və Agentliyin fəaliyyətinə töhfə verən konkret nəticələr əldə etmişəm.
Bunu təsdiqləyən faktlar kifayət qədərdir.
Bununla yanaşı, həyata keçirdiyim fəaliyyətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəkkürünə layiq görülmüşəm. Əmək fəaliyyətim müxtəlif dövrlərdə Nazirlik və Agentlik rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmiş, təşəkkür və fəxri fərmanlarla təltif edilmişəm. Bütün bu nailiyyətlər şəxsi işimdəki sənədlər, müvafiq əmrlər, təltiflər, layihələrin nəticələri və statistik göstəricilərlə təsdiqlənir.
İşlərimin Beynəlxalq Sosial Təminat Agentliyi (İSSA) tərəfindən qiymətləndirilməsi, eləcə də digər mühüm kommunikasiya layihələrinin həyata keçirilməsi peşəkar fəaliyyətimin konkret nəticələridir.
Xüsusilə vurğulamaq istəyirəm ki, barəmdə irəli sürülən ittihamların aid edildiyi dövrdə də əmək fəaliyyətim davam etmiş, mühüm layihələr həyata keçirilmiş, peşəkar nəticələrim rəhbərlik tərəfindən müsbət qiymətləndirilmişdir. Bu faktlar xidməti öhdəliklərimi lazımi qaydada icra etdiyimi və iddia olunan halların peşəkar fəaliyyətimə faktiki mənfi təsirinin müəyyən edilmədiyini göstərən mühüm sübutlardır.
Hesab edirəm ki, əmək müqaviləsinə xitam verilməsi kimi ağır hüquqi nəticəyə səbəb ola biləcək qərar qəbul edilərkən bu faktların nəzərə alınması zəruridir. Əgər barəmdə irəli sürülmüş ittihamların əmək funksiyalarımın icrasına mane olduğu iddia edilirsə, bunun konkret hansı tapşırığın yerinə yetirilməməsində, hansı xidməti nəticənin əldə olunmamasında və ya hansı faktiki zərərin yaranmasında ifadə olunduğu sübutlarla əsaslandırılmalıdır.
Barəmdə irəli sürülmüş ittihamların konkret olaraq hansı əmək vəzifəmin pozulmasına səbəb olduğu və iş prosesinə necə mənfi təsir göstərdiyi əsaslandırılmayıb.
Hesab edirəm ki, barəmdə irəli sürülən halların konkret olaraq hansı xidməti öhdəliyi pozduğu və bunun əmək münasibətlərinin davam etdirilməsini niyə mümkünsüz etdiyi hüquqi baxımdan əsaslandırılmalıdır.
Əmək Məcəlləsinin 186-cı maddəsi intizam tənbehi seçilərkən işçinin şəxsiyyətinin, kollektivdə nüfuzunun, peşəkarlıq səviyyəsinin və törədildiyi iddia olunan xətanın xarakterinin nəzərə alınmasını tələb edir.
Mənim vəziyyətimdə isə altı ildən artıq əmək fəaliyyətimin, peşəkar nailiyyətlərimin, mükafatlandırılmalarımın və rəhbərlik tərəfindən fəaliyyətimə verilmiş müsbət qiymətlərin bu tələblər əsasında hansı qaydada nəzərə alındığı aydın deyil.
DOST Agentliyində çalışdığım illərdə qurumun kommunikasiya fəaliyyətinin inkişafına, mühüm layihələrin həyata keçirilməsinə və dövlətimizin sosial siyasətinin ictimaiyyətə çatdırılmasına töhfə vermişəm.
Əmək fəaliyyətim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəkkürü, həmçinin Nazirlik rəhbərliyi tərəfindən verilmiş təltiflərlə qiymətləndirilmişdir.
Bütün bunları sadalamaqda məqsədim hüquqi məsuliyyətdən azad edilmək deyil. Məqsədim qanunvericiliyin tələb etdiyi fərdi və obyektiv qiymətləndirmənin təmin olunmasıdır.
Qanunun müəyyən etdiyi meyarlar qərar qəbul edən şəxsin istəyindən asılı olaraq tətbiq və ya istisna edilə bilməz. Qanunun tələblərinə əməl olunması vəzifəli şəxsin seçimindən daha çox, onun hüquqi öhdəliyidir.
Hörmətli cənab Nazir!
Dövlətin mənafeyi ilk növbədə qanunların aliliyinin təmin olunmasında, vətəndaşların hüquqlarının qorunmasında, dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsindədir.
Bu səbəbdən qanunvericiliyin tələblərinə əməl edilməsini tələb etmək dövlətin və ya onun qurumlarının mənafelərinə qarşı çıxmaq deyil. Əksinə, həmin mənafelərin qorunmasına xidmət edir. Mənim müraciətimin mahiyyəti də məhz bundan ibarətdir.
Barəmdə qəbul edilməsi nəzərdə tutulan qərarın hüquqi əsaslarını mübahisələndirməyim dövlətə və ya rəhbərliyə qarşı çıxmaq kimi deyil, Azərbaycan Respublikasının qanunvericiliyi ilə mənə verilmiş hüquqlardan istifadə kimi qiymətləndirilməlidir.
Hörmətli cənab Nazir!
Məsələnin hüquqi tərəfləri ilə yanaşı, ailəmin üzləşdiyi həssas sosial vəziyyəti də diqqətinizə çatdırmağı vacib hesab edirəm.
Mən iki övlad atasıyam. Övladlarımdan birinin əlilliyi var və onun sağlamlığı, inkişafı və gündəlik həyat fəaliyyətinin dəstəklənməsi üçün davamlı qayğıya, xüsusi təhsil və reabilitasiya xidmətlərinə ehtiyacı mövcuddur.
Övladımın inkişafına dəstək göstərilməsi ailəmizin qarşısında duran ən mühüm vəzifədir. Onun reabilitasiya, mütəxəssis nəzarəti və inkişaf tədbirləri uzunmüddətli, ardıcıl və ciddi maliyyə təminatı tələb edir. Bundan əlavə, ailəmizin ipoteka və digər kredit öhdəlikləri mövcuddur. Belə bir məqamda işimi itirməyim mənim əlilliyi olan övladımın da reabilitasiya imkanlarınə məhdudlaşdırır.
Əmək münasibətlərimin dayandırılması ailəmin maddi vəziyyətinə ciddi təsir göstərməklə yanaşı, əlilliyi olan övladımın ehtiyac duyduğu davamlı reabilitasiya tədbirlərinin maliyyələşdirilməsini də çətinləşdirəcək.
Bu səbəbdən barəmdə nəzərdə tutulan qərarın nəticələri yalnız mənim şəxsi və peşəkar həyatımla məhdudlaşmır. Həmin qərar xüsusi qayğıya ehtiyacı olan azyaşlı övladımın rifahına və inkişaf imkanlarına da birbaşa təsir göstərə bilər.
Əlilliyi olan bir uşağın atası kimi mənim ən böyük məsuliyyətim onun qayğısını çəkmək, müalicə və reabilitasiya imkanlarının davamlılığını təmin etmək və gələcəyi üçün mümkün olan bütün şəraiti yaratmaqdır.
Əmək və əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən qurumda qəbul edilən qərarların sosial həssaslıq və insan hüquqlarına hörmət prinsiplərinə uyğun olması böyük əhəmiyyət daşıyır.
Sizdən xahiş etdiyim imtiyaz deyil. Sadəcə, barəmdə hüquqi baxımdan mübahisəli qərar qəbul edilərkən onun əlilliyi olan azyaşlı övladımın həyatına və reabilitasiya imkanlarına göstərəcəyi təsirin də diqqətdən kənarda qalmamasıdır.
İnanıram ki, sosial ədalət prinsipi yalnız dövlətin vətəndaşlara göstərdiyi xidmətlərdə deyil, həm də öz əməkdaşlarına münasibətdə qəbul etdiyi qərarlarda öz ifadəsini tapmalıdır.
Sizdən xahişim:
Hörmətli cənab Nazir!
Mənə əmək münasibətlərimə xitam verilməsi barədə qərarın qəbul edildiyi şifahi şəkildə bildirilmişdir. Daha sonra öz ərizəmlə işdən ayrılmağım təklif edilmiş, əks halda əmək müqaviləmə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi diqqətimə çatdırılmışdır.
Mən əmək münasibətlərimi öz iradəmlə dayandırmaq niyyətində deyiləm. Çünki barəmdə nəzərdə tutulan tədbirin hüquqi əsasları ilə bağlı ciddi və əsaslandırılmış etirazlarım mövcuddur.
Sizdən xahiş edirəm ki, barəmdə aparılmış xidməti araşdırmanın nəticələrinin Sizə təqdim olunma qaydasını, müdafiə arqumentlərimin və təqdim etdiyim sübutların qiymətləndirilməsini, intizam tənbehinin tətbiqi müddətlərinə riayət edilməsini, habelə əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslarını və mütənasibliyini yenidən, hərtərəfli və qərəzsiz şəkildə yoxlatdırasınız.
Eyni zamanda, məsələ ilə bağlı yekun qərar qəbul edilməzdən əvvəl mənim mövqeyimin və bütün hüquqi etirazlarımın şəxsən Sizə çatdırılmasını xahiş edirəm.
Bir daha vurğulamaq istəyirəm:
Qanunun icrası dövlətin mənafelərinə uyğundur. Bu prinsipin mənim barəmdə də təmin olunacağına, faktların obyektiv qiymətləndiriləcəyinə və əmək hüquqlarımın qorunacağına ümid edirəm.
Mən dövlətimizə uzun illər göstərdiyim xidmətləri davam etdirmək istəyirəm. Bunun üçün istədiyim yeganə təminat Azərbaycan Respublikasının qanunlarının mənim barəmdə də tam və ədalətli şəkildə tətbiq edilməsidir.
Hörmətlə,
Teymur Hacıyev
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini”.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…