Azərbaycanda bəstəkarlıq ixtisasına maraq azalır, müvafiq fakültələr bağlanır və ya digər fakültələrlə birləşdirilir, gənc bəstəkarlar isə iş tapa bilmir, əsərlərinin ifası və alınması ilə bağlı ciddi problemlərlə üzləşirlər.
Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, hazırda ən acınacaqlı vəziyyətdə olan sənət adamları bəstəkarlardır. Onun sözlərinə görə, artıq bəzi diplomlarda belə “bəstəkar” sözü qeyd edilmir, bəstəkarlıq fakültələri isə tədricən bağlanır və ya başqa fakültələrlə birləşdirilir.
Firəngiz Əlizadə qeyd edib ki, bu günlərdə ona akademiyanın bəstəkarlıq fakültəsinin rəhbəri tərəfindən məlumat verilib ki, bir neçə ildir fakültəyə, demək olar, ərizə daxil olmur: “Heç kim bəstəkarlığa qəbul olmaq istəmir. Nə üçün? Ona görə ki, nə bəstəkara qiymət verən var, nə də onun əsərlərini alan”.
O, 2007-ci ildən Mədəniyyət Nazirliyinin alqı-satqı komissiyasının üzvü olduğunu diqqətə çatdırıb. Bildirib ki, həmin vaxtdan bəri komissiyanın iclasının keçirilməsindən xəbəri yoxdur və əsərlərin alınması ilə bağlı prosesdə iştirak etməyib: “Bir dəfə də olsun biz yığışmamışıq, mənim xəbərim yoxdur heç nədən və heç bir əsər alınmayıb”.
İttifaq sədri gənc bəstəkarların sosial vəziyyətinin də ağır olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənc bəstəkarlar iş və dolanışıq imkanlarının olmamasından şikayət edirlər: “Gəlirlər kabinetimə və ağlayırlar. Deyirlər ki, bizim yaşayışımız yoxdur, bizə iş verilmir”.
Firəngiz Əlizadə musiqişünasların işə cəlb olunmasına münasibətdə də fərqli yanaşma olduğunu söyləyib. O bildirib ki, musiqişünaslar əsərlər haqqında yazılar hazırlamaq üçün işə götürülsələr də, bəstəkarlara eyni münasibət göstərilmir: “Musiqişünası götürürlər işə ki, əsər haqqında yazsın, hətta onu şişirtsin. Amma bəstəkarı götürmürlər. Ona görə ki, musiqi heç kimə lazım deyil”.







