…Bakı Slavyan Universitetinin (BSU) 80 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilən “BSU: 80 il, 80 hekayə” layihəsi davam edir. Layihə çərçivəsində bu dəfə BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsgər Əhmədin elmi-pedaqoji fəaliyyəti işıqlandırılır.

Əsgər Əhməd 18 oktyabr 1958-ci ildə anadan olub. 1974-cü ildə orta məktəbi bitirib. 1979–1984-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 1989–1991-ci illərdə Azərbaycan Pedaqoji Universitetinin Vətən tarixi ixtisası üzrə aspiranturada təhsilini davam etdirib. 2006–2009-cu illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi Etnoqrafiya şöbəsinin fəlsəfə doktoru proqramı üzrə dissertantı olub. 27 oktyabr 2010-cu ildə AAK-ın qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2011–2016-cı illərdə həmin institutun elmlər doktoru proqramı üzrə dissertantı olub. 21 oktyabr 2015-ci ildə dosent elmi adına layiq görülüb. 25 may 2023-cü ildə AAK-ın qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2007-ci ildən Bakı Slavyan Universitetində başlayan Əsgər Əhməd müxtəlif illərdə “Azərbaycanşünaslıq” Tədris-Təlim Mərkəzində elmi işçi və böyük elmi işçi, “Avropaşünaslıq” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2014–2016-cı illərdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin, 2016-cı ildə isə Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı olub. 2016–2024-cü illərdə BSU-nun “Diplomatiya və xarici siyasət” kafedrasına rəhbərlik edib. Eyni zamanda müxtəlif illərdə universitetin Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasında dosent vəzifəsində çalışıb. 23 may 2024-cü ildən BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri vəzifəsini icra edir. 26 sentyabr 2023-cü ildən universitetdə professor kimi fəaliyyət göstərir.

Alimin 100-dən çox elmi və tədris-metodiki işi dərc olunub. Onlardan 15-i xarici elmi nəşrlərdə məqalə şəklində çap edilib. “Hüquqlar, azadlıqlar və onların qorunma mexanizmləri”, “Qaçqınlar və məcburi köçkünlər: hüquqlar və problemlər”, “Orta əsr Azərbaycanın mənəvi mədəniyyəti (XII–XIV əsrlər)”, “Azərbaycanşünaslığa giriş”, “Səfəvilər dövründə din və dini münasibətlər”, “Şuşa, Qafqazın sənət məbədidir” və “Qərbi Azərbaycanda etno-siyasi proseslər (Qədim dövrlərdən XX əsrin əvvəllərinədək)” adlı əsərləri alimin elmi yaradıcılığının mühüm nümunələrindəndir.

Əsgər Əhməd müxtəlif illərdə Türkiyə, Rumıniya, Polşa, Gürcüstan, Qırğızıstan və digər ölkələrdə keçirilən beynəlxalq konfrans, konqres və seminarlarda iştirak edib, məruzələrlə çıxış edib. 1998-ci ildə Varşavada “Free World Technique IV” proqramı çərçivəsində ixtisasartırma kursu keçib. 2017-ci ildə Türkiyənin Qazi Universitetində ERASMUS+ (PETRA) layihəsi çərçivəsində keçirilən seminarlarda iştirak edib.

“BSU: 80 il, 80 hekayə” layihəsinin məqsədi Bakı Slavyan Universitetinin zəngin elmi-pedaqoji irsini tanıtmaq, universitetin inkişafına töhfə verən alim və pedaqoqların fəaliyyətini işıqlandırmaq, onların təcrübəsini gənc nəslə ötürmək və universitetin akademik ənənələrini yaşatmaqdır…
(Tezadlar.az xatırladır ki, BSU-nun saytından götürülən məlumatdır )