Əsas məzmuna keç

ADU-da Gülənbər Pirnəzərovanın təşkilatçılığı ilə “Alman dili günü”nə həsr edilmiş tədbir keçirildi

25 noyabr 2025-ci il tarixdə Azərbaycan Dillər Universitetində (ADU) İngilis və alman dilləri fakültəsinin nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, Alman Dili Birliyinin (Verein Deutsche Sprache – VDS) Azərbaycan üzrə rəhbəri Gülənbər Məhərləm qızı Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı ilə Alman dili gününə (Tag der deutschen Sprache) həsr olunmuş  ədəbi-bədii tədbir keçirilib.

 

 Tezadlar.az xəbər verir ki, tədbirdə tələbələr, müxtəlif  təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər. Tədbirin əsas məqsədi alman dilinə marağın daha da artırılması, istedadlı şagirdlərin  aşkar olunması və orta məktəblərlə universitet arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi olub. Tədbiri giriş sözü ilə ADB-nin Azərbaycan üzrə rəhbəri dosent Gülənbər Pirnəzərova açıb. O, tədbirin həyata keçirilməsinə şərait yaratdığına görə universitetin rektoru akademik Kamal Abdullaya təşəkkürünü bildirib. Universitet tələbələri Ellada İbrahimzadə və Abdullah Məmmədlinin aparıcılığı ilə keçirilən tədbir zəngin və rəngarəng proqramla davam edib.

Tədbirin xüsusi məna daşıyan məqamlarından biri sülh mövzusuna həsr olunmuş poetik çıxış olub. 53 saylı orta məktəbin şagirdi Məryəm Hacıyeva  və Landau məktəbinin VII sinif şagirdi Suleyman Mirzagayev alman dilində qələmə aldıqları şeiri  təqdim edərək çülh, humanizm və qarşılıqlı anlaşma kimi ümumbəşəri dəyərlərə diqqət çəkiblər.

Tədbirin diqqətəlayiq xüsusiyyətlərindən biri də onun inkluziv xüsusiyyət daşıması olub. Müxtəlif təhsil müəssisələrinin, o cümlədən xüsusi internat məktəbinin şagirdlərinin vahid mədəni platformada bir araya gəlməsi, öz istedad və bacarıqlarını nümayiş etdirməsi bərabər iştirak imkanlarının və inkluziv təhsil dəyərlərinin əhəmiyyətini bir daha ön plana çıxarıb.  5 saylı Xüsusi İnternat məktəbin şagirdləri Cəmilə Cabbarova, Səringül Zahidli, Zeynəb Bəkirova, Fəxrin İbrahimli, Mədinə İbrahimova, Cavidan Nəsibli müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

6 saylı məktəb-liseyin və 18 saylı məktəbin şagirdlərinin təqdim etdikləri alman xalq rəqsləri tədbirə xüsusi rəng qatıb. Milli geyimlər və rəng kompozisiyaları alman xalqının mədəni irsini əks etdirib. Yaşam Beynəlxalq Məktəbinin şagirdləri alman dilində hazırladıqları  teatr səhnəciyi və “Herbst” mahnısı ilə tədbirin bədii proqramını zənginləşdiriblər.

ADU-nun ingilis və alman dilləri fakültəsinin III kurs tələbəsi Fidan İbrahimovanın ifasında səslənən “Sag mir wo die Blumen sind”  mahnısı, eləcə də Xırdalan şəhər 9 saylı məktəbin X sinif şagirdi Zəhra Veyislinin “Lorelei” şeiri alman musiqisinin və ədəbiyyatının zənginliyini nümayiş etdirib. Hacıqabul rayonu Ağacanlı kənd orta məktəbinin alman dili müəllimi Vüsalə Ağalıyeva hazırladığı şagirdlərlə birlikdə tədbirə virtual qoşulublar. Tədbirin yekun hissəsində ADU-nun rektor müşaviri Anar Osmanlı və İngilis və alman dilləri fakültəsinin dekan müavini Lalə Həsənova yüksək səviyyədə çıxış edən şagird və tələbələrə, tədbirin təşkillatçısı Gülənbər Pirnəzərovaya təşəkkür ediblər.

Anar Osmanlı çıxışında bildirib ki, Azərbaycan Dillər Universitetində qeyd olunan Alman dili günü dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də müxtəlif xalqları, mədəniyyətləri və nəsilləri birləşdirən mənəvi körpü olduğunu bir daha nümayiş etdirdi. Bu kimi təşəbbüslər gənclərin xarici dil bacarıqlarının inkişafına, dünyagörüşünün genişlənməsinə, yaradıcılıq potensialının üzə çıxarılmasına, Azərbaycan və Almaniya arasında  mədəni əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir. Sonda tədbir iştirakçılarına Alman Dili Birliyinin (VDS) və Azərbaycan Dillər Universitetinin (ADU) loqolarını əks etdirən iştirak sertifikatları, təşəkkürnamələr və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

 

JASMİN

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…