Əsas məzmuna keç

Pasportlarını saxtlaşdıraraq Azərbaycana gələn iranlı ər-arvada hökm oxundu

Saxta pasportdan istifadə etdiyinə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılan İran vətəndaşları həbs edilib.

 Tezadlar.az  xəbər verir ki, özlərini Rumıniya vətəndaşı kimi təqdim edən 1992-ci il təvəllüdlü Andrey Popesku və 1995-ci il təvəllüdlü Yelena Popeskunun əslində İran vətəndaşları olması müəyyən edilib.

Onlar barəsində Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə iş açılıb.

Məlum olub ki, İran vətəndaşları olan ər-arvad 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, ad-soyadlarını dəyişdirərək Andrey Popesku və Yelena Popesku ediblər. Onlar həmin pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə getmək istəyiblər.

Hər 2 şəxs İrandan təyyarə ilə Bakıya gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Araşdırmalarla onların Urmiyadan gələn İran vətəndaşları olduqları və saxta pasport əldə etdikləri məlum olub.

Faktla bağlı açılmış cinayət işinin materialları Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə A.Popesku 1 il 7 ay, Y.Popesku isə 1 il 2 ay həbs cəzasına məhkum edilib.

qafqazinfo

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…