Azad Məsiyev: “Erməni cəmiyyəti referendumda Azərbaycanın ərazisinə olan iddialardan imtinaya səs verməlidir”
Noyabrın 26-27-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniştərkibli müzakirələr keçiriləcək.
“Ermənistanla Azərbaycan arasında de-fakto sülh əldə edilib. 2023-cü ildən, Azərbaycanın Qarabağda birgünlük antiterror əməliyyatı həyata keçirməsindən və öz ərazi bütövlüyünü, suverenliyini həm de-fakto, həm də de-yure bərpa etməsindən sonra Ermənistanla Azərbaycan arasında sərhəddə heç bir münaqişə baş verməyib. Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılıb. Yəni, praktik olaraq, Ermənistanla Azərbaycan arasında sülh əldə olunub. Ermənistana strateji yüklərin daşınması, dəmir yolu nəqliyyatı infrastrukturunun açılması, Azərbaycanın öz neft məhsullarını Ermənistana satması Azərbaycanın sülh istiqamətində atdığı praktiki addımlardır”.
Bu fikirləri siyasi ekspert Azad Məsiyev tezadlar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Azərbaycan qonşularla dinc yanaşı yaşamağı hər zaman meyar kimi götürür və bunu beynəlxalq hüquqi müstəvidə tənzimləməkdə maraqlıdır. Bu dövlətlərdən biri də Ermənistandır. Ermənistanla Azərbaycan arasında de-fakto sülh var. Lakin de-yure sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazisinə dair iddiaları əks etdirən müddəalar var. Sülh sazişinin təməl prinsipi dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan Konstitusiyası isə Azərbaycanın ərazi bütövlüyünü tanımır. Vaşinqtonda razılaşdırılmış sülh sazişinin mətninin Ermənistanla Azərbaycan arasında hüquqi müqavilə kimi rəsmiləşdirilməsi, yəni sazişin hüquqi status alması üçün mütləq şəkildə referendum keçirilməli və erməni xalqı bu referendumda səs verməlidir. Təbii ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi üçün konstitusiya islahatı məsələsini gündəmə gətirdik. Ancaq Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda xalqın səs verməsi üçün iki dövlət arasında xalqların münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş müəyyən danışıqlar aparılır və ictimai-siyasi xadimlərin qarşılıqlı səfərləri intensivləşir. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə şöbə müdirinin Ermənistana səfəri, Ermənistan nümayəndəsinin Azərbaycana gəlməsi, eyni zamanda, Azərbaycan qeyri-hökumət təşkilatlarının Ermənistana səfərləri keçiriləcək referendumda ictimai rəyin formalaşdırılmasına yönəlmiş addımlardır. İki xalqın dinc yanaşı yaşaması üçün vətəndaş cəmiyyəti nümayəndələri arasında intensiv görüşlərin keçirilməsi referendumla bağlı ictimai rəyin formalaşmasına xidmət edir. Ermənistan Konstitusiyasında Azərbaycanın tələb etdiyi, yəni Azərbaycanın ərazi iddialarının aradan qaldırılmasını nəzərdə tutan müddəa ilə bağlı dəyişiklik edilməlidir. Bu, Ermənistan cəmiyyətini həmin referenduma hazırlamaq üçün atılan bir addımdır. Yəni, erməni cəmiyyəti səs verməlidir ki, həqiqətən də Azərbaycanın ərazi iddialarından imtina edir. Əks halda, Konstitusiyada bu müddəalar olduğu kimi qalarsa və xalq referendumda buna səs verməzsə, təbii ki, sülh sazişi imzalana bilməz”.
Ekspert bildirib ki, bu gün ictimai rəyin formalaşdırılması üçün vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri mütləq şəkildə vacibdir. İki xalq arasında barış siyasətinə yönəlmiş bu addımlar gələcək sülh sazişinin imzalanmasına doğru atılan addımlardır. Dövlət nümayəndələrinin qarşılıqlı səfərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin səfərləri, yəni ictimai nümayəndələr arasında qarşılıqlı əlaqələrin yaranması, hesab edirəm ki, sülh sazişinə aparan yoldur. Belə münasibətlər iki xalq və iki dövlət arasında münasibətlərin yaxşılaşdırılmasına hesablanmış addımlardır.






