Mübariz Əhmədoğlunun Borçalı və borçalılarla bağlı səsləndirdiyi fikirlər, ayrı-ayrılıqda həm Borçalı kişisinin, Borçalı ziyalısının və Borçalı qadınının ünvanına işlətdiyi təhqiramiz ifadələr, məşhur atalar sözünü yadıma saldı: “Bir dəli quyuya bir daş atdı, yüz ağıllı onu çıxara bilmədi”. Onun “ar olsun o Borçalıda oturan kişilərə, xəcalət çəksin ordakı qadınlar”, – kimi təhqiramiz ifadələri cəmiyyətdə, xüsusən də Borçalıda haqlı narazılıqlar yaratdı, mətbuatda və sosial şəbəklərdə üzr istəməsi tələb olundu. Bəs, bu politoloq neylədi? Ən azından demək əvəzinə ki, fikirlərimi ifadə etməkdə yanlışlığa yol vermişəm, Borçalı kişisinin və qadınının ünvanına haqsız təhqirlərə yol vermişəm, bu adam sanki inadına gedirmiş kimi, bir az da irəli gedərək müxtəlif sayt və internet televiziyalarında nümayişkarənə şəkildə dedi ki, “Borçalı ilə bağlı dediklərim doğrudur, zərrə qədər geri çəkilmək fikrim yoxdur”. Hətta özündə cəsarət tapıb bir az da uzağa gedərək deyir ki: “Bugünkü Borçalı ziyalısı deyilən şəxsə baxın. Görün nə qədər cılızlaşıb”. Borçalı ziyalısının ünvanına dediklərinə bunu da əlavə etməyə özündə güc tapır: “mənim üstümə İranın sözü ilə kimsə qışqırır”.
Mövzu ilə əlaqədar əvvəlki yazılarımda da qeyd etdiyim kimi, Mübariz Əhmədoğlu Borçalıda dini nöqteyi-nəzərdən problemi və bu problemin yaranmasında hansısa ölkənin təsirinin olduğunu görüb gündəmə gətirmək istəyirdisə, gərək əsl politoloq mövqeyi sərgiləyə, bunun yaranma səbəblərini də araşdıraydı. Bəyəm dini radikalizm baxımından bu gün Azərbaycanın özündə problem yoxdurmu?
M.Əhmədoğlu, – “Göy məscidi erməni Azərbaycandan çıxarıb İran məscidi edib”, – deyir və az qala bunun günahını da borçalılarda görür. Yəni Gürcüstanda yaşayan soydaşlarımız buna görə durub erməni icmasına, Ermənistana və İrana etirazlarını bildirməliymişlər. Amma M.Əhmədoğlu gərək bilməmiş deyil ki, bütün vacib məsələlərdə Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olan, 20 Yanvarda, I və II Qarabağ müharibələrində onlarla şəhid verən borçalılar Gürcüstan Respublikasının vətəndaşlarıdır və bu ölkənin qanunlarına sayğı və hörmətlə yaşamaq bir vətəndaş kimi onların borcudur. Lazımi məqamlarda paytaxt Tbilisidə Azərbaycanın haqq işini dəstəkləyən neçə-neçə tədbirlər təşkil ediblər. Bununla belə, nəzərə almaq lazımdır ki, Gürcüstanda ermənilər də yaşayır, həm də bəzən azərbaycanlılarla eyni küçədə, eyni binada. Qarabağ münaqişəsinin başlanmasından bu yana hər zaman Azərbaycanı dəstəkləyən borçalılıar bu müddətdə Gürcüstan vətəndaşı olan ermənilərlə yanaşı, problemsiz yaşaya biliblərsə, bunun özü dolayısı ilə də olsa, Azərbaycan Respublikasına əlavə problem yaratmamaq deyilmi? Əgər Gürcüstan vətəndaşı olan azərbaycanlılar və ermənilər milli maraqlarını üstün tutaraq öz milli dövlətlərinin mənafeyindən çıxış edib, hər iki tərəfdən qarşılıqlı ittihamlar səsləndirsələr, buna Gürcüstan dövlətinin münasibəti necə olar? Gürcüstanda azərbaycanlıların ermənilərlə eyni ölkənin vətəndaşı kimi, dinc və problemsiz yaşaması Gürcüstan Respublikasının mənafeyinə uyğun olduğu kimi, Azərbaycanın da maraqlarına cavab vermirmi, yoldaş politoloq?
Yuxarıda da qeyd etdiyim kimi, politoloqun məsələyə yanaşmada yol verdiyi yanlış ritorika cəmiyyətdə haqlı etiraza səbəb oldu və xüsusən də Borçalı əsilli ziyalılar tərəfindən ciddi iradlar bildirildi. O, isə hələ də bu məsələdə. Qeyd etdiyim kimi, sanki inada gedirmiş kimi davranış sərgiləyir. Az qala hər gün bir yeni açıqlama verərək dedikllərinin üstündə durduğunu və burada təhqir görmədiyini deyir, özünü haqlı sayır. Bu isə, əlbəttə, yeni suallar doğurur.
M.Əhmədoğlu Borçalı kişisi və qadınının, Borçalı ziyalısının ünvanına söylədiyi bu ifadələri zərrə qədər də olsa təhqir hesab etmir, üstəlik onu da etiraf edir ki, “bu, məndə bir vərdişdir”. O zaman yəqin ki, tanınmış ictimai-siyası xadim Zəlimxan Məmmədlinin ona irad bildirən böyük əksəriyyətin fikrinin ümumiləşdirilmiş ifadəsi kimi səslənən bu sözlərini də qəbul edər: “Ar olsun dilinə, idrakına, əxlaqına sahib olmağı bacarmayan Mübarizə, onun kişi və qadın çevrəsinə!”
Görəsən ona bu zərərli vərdişdən çəkinməyə, yanlış söylədiyini etiraf edib, üzr istəməsinə mane olan nədir? Yaxud, bu gücü kimdən və hardan alır ki, bütün borçalıların ünvanına belə rahatca təhqir yağıdırır?
Bəlkə də, hörmətli Zəlimxan bəyin sözlərindən sonra onun üzr istəməsini öz vicdanına buraxmaq olardı. Axı, səhvi etiraf etməyin özü də mədəniyyətdəndir. Amma Mübariz Əhmədoğlu böyük bir elin ünvanına səsləndirdiyi təhqirlərə görə nəinki üzrə istəmir, əksinə, inadla “zərrə qədər də geri çəkilmək fikrim yoxdur”, – deməkdə davam edir. Sanki vaxtilə torpaqlarımızı işğal etmiş ermənilərə qarşı cəbhədə döyüşdədir və qətiyyən geri çəkilmək istəmir.
M.Əhmədoğlunun Borçalıdakı soydaşlarımızın ünvanına qeyri-etik formada fikirlər səsləndirməsi həm Borçalının özündə, həm də Azərbaycandakı Borçalı əsilli ziyalıların əksəriyyəti tərəfindən haqlı narazılıqla qarşılandı. Bu baxımdan Gürcüstan əsilli ziyalı, iş adamı hörmətli Ramiz Həsənovun da məsələyə biganə qalmaması, hətta məlum söhbət ortaya çıxan kimi rəhbərlik etdiyi qurum adından bəyanatla çıxış etməsi də təqdir olunasıdır.
Ancaq hələlik son olan videoçıxışında Mübariz Əhmədoğlunun deməsi ki, bu məsələ ilə bağlı “Borçalı cəmiyyəti”nin sədri Ramiz Həsənovla (söhbət Zəlimxan Məmmədlidən sonra özünü “Borçalı cəmiyyəti”nin sədri kimi təqdim edən Ramiz Həsənovdan gedir. Onu da qeyd edək ki, Bakıda “Borçalı” adında rəsmi qeydiyyatda olan başqa bir ictimai birlik də mövcuddur) telefonda danışıb və üstəlik məsləhət də görməsi ki, “onun özündən fərdi qaydada soruşun, mən ona hər cür ixtiyar vermişəm, mənim adımdan nə istəyir desin” və fikrinin davamı kimi, – “mən onun arxasınca getməyə hazıram”, – deməsi də əlavə suallar doğurur.
M.Əhmədoğlunun bu çıxışını dinlədikdən sonra cəmiyyətin idarə heyətinin üzvü, hər zaman şəxsinə hörmət etdiyim ziyalılardan biri olan Eldar Məmmədova zəng edərək xahiş etdim ki, hörmətli Ramiz Həsənov Mübariz Əhmədovla olan telefon danışığına aydınlıq gətirsin görək, onunla nədən danışıb? Ondan nələri soruşmağımızı məsləhət görür M.Əhmədoğlu?
Bundan az sonra “Borçalı cəmiyyəti” ictimai birliyinin facebook sosial şəbəkəsindəki hesabında Ramiz Həsənovun adından belə bir paylaşım oldu:
“Borçalı Cəmiyyəti İctimai Birliyinin bəyanatı
Borçalı Cəmiyyəti İctimai Birliyinin sədri kimi Mübariz Əhmədoğlunun Borçalılarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirmək və yaranmış narazılığı sivil qaydada, qarşılıqlı hörmət çərçivəsində həll etmək məqsədilə onunla əlaqə saxlamağa, telefon vasitəsilə danışmağa cəhd etdim. Məqsədim məsələni böyütmək deyil, hər şeyi yaxşılıqla yoluna qoymaq, qarşılıqlı anlaşma əldə etmək idi. Təəssüf ki, bu xoşməramlı təşəbbüsümə gözlədiyim münasibət və reaksiya olmadı. Bununla belə, mövqeyimiz dəyişməzdir: Borçalı xalqının milli heysiyyəti, şərəf və ləyaqəti heç kimin müzakirə mövzusu ola bilməz.
Sədr: Ramiz Həsənov”.
Ramiz Həsənovun bu bəyanatı digər suallara da yol açdı. Birincisi, hörmətli Ramiz Həsənov sosial şəbəkədə yayımladığı birinci bəyənatda səsləndirdiyi tələblərə hansı cavabı almışdı, ümumiyyətlə, cavab almışdımı? M.Əhmədoğluna zəng etmək onun şəxsi təşəbbüsü olub, yoxsa özünü onun təşkilatının idarə heyətinin üzvü sayanlarla (hər birinin şəxsiyyətinə ayrılıqda hörmətlə yanaşıram) məsləhətləşdikdən sonra ümumin fikri kimi bu bəyənatı səsləndirib, sonra da zəng etmək fikrinə düşüb? Telefon zəngində nələri müzakirə edib, “məqsədim məsələni böyütmək deyil, hər şeyi yaxşılıqla yoluna qoymaq, qarşılıqlı anlaşma əldə etmək idi”, – dedikdə nəyi nəzərdə tutub? Adam dönə-dönə təkrar edirsə ki, “Borçalı ilə bağlı dediklərim doğrudur, zərrə qədər geri çəkilmək fikrim yoxdur” və üstəlik “Bugünkü Borçalı ziyalısı deyilən şəxsə baxın. Görün nə qədər cılızlaşıb”, – deyərk, – “mənim üstümə İranın sözü ilə kimsə qışqırır” kimi absurd iddia irəli sürürsə, Ramiz Həsənov “yaranmış narazılığı sivil qaydada, qarşılıqlı hörmət çərçivəsində həll etmək” deyəndə nəyi nəzərdə tutub? Bütün borçalılar M.Əhmədoğludan üzr tələb etdiyi halda, Rəmiz Həsənov hansı status və səlahiyyətlə “məsələni sivil qaydada yoluna qoymağa” çalışırdı ki, o da nəticə vermədi?
Ramiz Həsənov bəyanatda qeyd edir ki, “təəssüf ki, bu xoşməramlı təşəbbüsümə gözlədiyim münasibət və reaksiya olmadı” və bəyanatını bu sözlərlə bitirir: “… mövqeyimiz dəyişməzdir: Borçalı xalqının (?) milli heysiyyəti, şərəf və ləyaqəti heç kimin müzakirə mövzusu ola bilməz!”
Bəli, dediyiniz kimi, heç kim Borçalı kişisinin, Borçalı qadınının heysiyyəti, ləyaqəti ilə oynaya, şərəfinə, namusuna və qeyrətinə dil uzada bilməz!
Deyirsiniz, mövqeyimiz dəyişməzdir! O zaman xahiş edirəm,m bu suala aydınlıq gətirin: Birinci bəyənatdakı “Mübariz Əhmədoğlundan səsləndirdiyi fikirlərə aydınlıq gətirməsini, Borçalıda yaşayan kişilərin ünvanına işlətdiyi təhqiramiz ifadəyə görə ictimaiyyət qarşısında üzr istəməsini tələb edirik. Mübariz Əhmədoğlu Borçalılardan üzr istəməsə, məhkəməyə müraciət olunacaq” – tələbiniz və qərarınız qüvvədə qalırmı? Qalırsa, nə zaman və hansı addımları atmağı düşünürsünüz? M.Əhmədoğlu Borçalı ziyalısını “cılız” adlandırır. Bunu özünüzə qarşı da təhqir hesab etmirsinizmi?
…Və birinci bəyanatınız “BORÇALI CƏMİYYƏTİ” İCTİMAİ BİRLİYİNİN ETİRAZ BƏYANATI adlansa da, ikinci bəyanat niyə sadəcə “Borçalı Cəmiyyəti” İctimai Birliyinin bəyanatı adlanır? Yəni daha etiraz etmirsiniz?
Daha bir sual isə M.Əhmədoğlunun öz adından danışmağa sizə ixtiyar verməsi ilə bağlıdır. O, deyir ki, “mən ona hər cür ixtiyar vermişəm, mənim adımdan nə istəyir desin.” Deyə bilərsinizmi, bu “hər cür ixtiyar”a nələr daxildir? “Yaranmış narazılığı sivil qaydada, qarşılıqlı hörmət çərçivəsində həll etmək” kimi “xoşməramlı təşəbbüs”ünüzə gözlədiyiniz “münasibət və reaksiya” olmadığı halda, siz onun adından nələr deyə bilərsiniz? Yoxsa, öz adından üzr istəməyi sizəmi tapşırıb? Üstəlik deyir ki, “mən onun (yəni sizin – M.N.) arxasınca getməyə hazıram”. Siz onu öz arxanızca hara apara bilərsiniz, niyə adam bu qədər arxayınlıqla sizə səlahiyyət verdiyini söyləyir?
Ümimiyyətlə, əgər son bəyanatınızda dediyiniz kimi, telefon danışığı zamanı xoşməramlı təşəbbüsünüzə gözlədiyiniz münasibət və reaksiyanı görmədiyiniz halda, o, sizə verdiyi hansı ixtiyardan danışır? Özünüz bunu izah etməkdə çətinlik çəkirsinizsə, bəlkə, M.Əhmədoğlunun özündən soruşasınız.
Hesab edirəm ki, bu suallar mənim qədər, “Borçalı cəmiyyəti” ictimai birliyinin idarə heyətində təmsil olunuram deyənlərin hər birini də düşündürür və onlar da cavab gözləyirlər.
Bu yazıda əsasən yalnız Ramiz Həsənovun bayaqdan bəri haqqında danışdığım bəyənatıyla bağlı məni, eləcə də çoxlarını düşündürən sualları səsləndirdim. Bəyanatın yaxşı və ya pis olması ilə bağlı isə şəxsi mülahizəmi bildirmədim. Bəlkə də ona görə ki, facebook sosial şəbəkəsindəki həmin paylaşımın rəy bölümündə əksəriyyətin fikrini ifadə edən tutarlı rəylər var. Onlardan yalnız ikisini ictimaiyyətin səsi kimi burada nümunə olaraq bəyanat müəllifinin diqqətinə çatdırmaq istəyirəm: Bəhruz Mahmudov adlı istifadəçi yazır: “Ramiz müəllim, burda sanki təhqiramiz ifadələri siz demisiniz, üzr istəməyə hazirlaşırsınız”.
Yaqub Ahmedov Yaqublu adlı istifadəçi isə fikirlərini daha sərt ifadə edib: “Hörmətli Ramiz bəy, Sizin el-obanızı, nəsil və nəcabətinizi bütün ictimaiyyət qarşısında təhqir etmiş və sonrakı çıxışlarında özünün haqlı olduğunu dönə-dönə təsdiq etmiş birisilə Siz “qarşılıqlı hörmət”ləmi nəyisə aydınlaşdırmaq istəyirsiniz? Belə cəmiyyət borçalıların nəyinə lazımdır? Bəlkə, hamımız yığılıb o axmaqdan üzr istəyək? Utanın…”
Şərhə ehtiyac yoxdur. Doğrudan da, belə cəmiyyət borçalıların nəyinə lazımdır?!
Axı, siz özünüzü “Borçalı cəmiyyəti” ictimai birliyinin sədri sayır, bütün borçalıların adından danışmağa iddia edirsiniz. Yoxsa o təhqirlərdən sizə pay düşmədiyinimi hesab edirsiniz?
Sonda hörmətli Ramiz müəllimə bir şeyi xatırlatmaq istəyirəm. Xatırlayırsınızsa, 2024-cü ildə titul səhifəsində hazırlanmasında əməyi keçmiş kimi bir çoxunun adını qeyd etdiyiniz, əslində isə elə o adamların əksəriyyətinin etiraf etdiyi kimi, hətta adlarının orada yazılmasından belə xəbərləri olmayan (əgər həmin adamlar indi durub vaxtilə mənə dediklərini dansalar, o zaman kitabın hazırlanmasında hansı xidmətlərinin olmasını izah edər, mənim kitabla bağlı iradlarıma cavab verərlər) “Borçalı. Ensiklopedik bilgilər” adı ilə nəşr etrdirdiyiniz, əslində isə ensiklopediyanın elementar tələblərindən çox-çox uzaq olan kitabla bağlı cüzi tənqidi (təhqir yox!) fikrimi bildirərkən saldığınız hay-həşir hara, bu gün Borçalıları təhqir etmiş birisiylə “sivil qaydada məsləni yoluna qoymaq” istəyiniz hara? Onda mənim ünvanıma öz mirzələrinizə saytlarda yazdırdığınız təhqirlər, hətta məni “ruhi xəstə” hesab etməyiniz, işdən qovdurmaqla hədələməyiniz (həmin yazıların əksəriyyəti bu gün də mənbələrdə durur) yadınızdadırmı? O zaman mən nə demişdim? Demişdim ki, Borçalı adına belə tələm-tələsik, başdansovdu kitab, özü də ensiklopedik kitab hazırlamaq olmaz. Mübarz Əhmədoğluna xitab etdiyiniz birinci bəyanatda adlarını çəkdiyiniz Borçalının görkəmli şəxsiyyətləri haqqında məlumatların kasadlığını, bəziləri haqqında isə ümumiyyətlə heç bir bilginin verilməməsini irad tutmuşdum. Demişdim ki, digər yanlışlar bir yana, 2024-cü ildə nəşr olunan bir kitabda Borçalının görkəmli şəxsiyyətləri haqqında bioqrafik məlumatlar niyə 1998-ci ildə işıq üzü görmüş kitaba istinadən verlib? Siz və o zaman sizə züy tutanlar burda hansı təhqiri görmüşdülər? Heç olmasa bu gün deyə bilərsinizmi ki, o kitabı hansı ziyalı potensialı ilə hazırlamışdınız? Kitabı tərtib edən kimdir ki, adı qeyd olunmur? Tərtib edənə yardımçı kimi adını titul vərəqdə qeyd etdiyiniz B.Qaradüzlü kimdir, nəçidir ki, heç kəs tanımır? Necə bilirsiniz, elə Mübariz Əhmədoğlu və yaxud Borçalı ilə maraqlanan digər ziyalılar o kitabdan hansı bilgiləri ala bilərlər? Tuaq ki, son günlər mətbuatda və sosial şəbəklərdə gedən bu söhbətlər fonunda əslən o torpaqdan olmayan bir ziyalı Borçalı haqqında bilgi əldə etmək üçün sizin o “kitab”ınıza üz tutdu, hansı tutarlı bilgini əldə edəcək ki, Mübariz kimilərə də cavab verə bilsin?
Məni təhqir etdirdiyiniz mirzələr hanı, niyə səsləri çıxmır? Təkcə ona görəmi ki, Borçalını tanımırlar? Mənə göstərdikləri təhqiramiz münasibəti borçalıların ünvanına təhqirlər yağdırana heç olmasa dediyiniz “sivil” qaydada niyə bildirmirlər? Bu gün Mübariz Əhmədoğluna sərgilədiyiniz “sivil münasibəti” o zaman mənə də göstərə bilməzdinizmi? Nəinki zəng edib “yaranmış narazılığı sivil qaydada, qarşılıqlı hörmət çərçivəsində həll etmək” istəmədiniz, hətta mənim zənglərimə də cavab vermədiniz.
Sonda istər-istəməz böyük söz ustadı Zəlimxan Yaqubun sözlərini xatırlatmaq lazım gəlir:
Millətin adından danışan kəsin,
Dili uzun gərək, üzü ağ gərək.
Bizim özgələrə tanıtmaq azdır,
Bizi özümüzə tanıtmaq gərək.
Musa Nəbioğlu
Əməkdar mədəniyyət işçisi







