TƏBİB-in tabeliyindəki tibb müəssisələrində uşaqların icbari dispanserizasiyası həyata keçirilir.
Uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və sağlam inkişafının dəstəklənməsi məqsədilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari dispanserizasiya müayinələri aparılır.
Tezadlar.az xəbər verir ki, icbari dispanserizasiya müayinələri uşaqların sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsini, xəstəliklərin və risk faktorlarının erkən mərhələdə aşkarlanmasını, eləcə də profilaktik tədbirlərin vaxtında həyata keçirilməsini nəzərdə tutur.
Yaşları və sağlamlıq vəziyyətləri nəzərə alınmaqla uşaqlar pediatr və digər ixtisaslı həkim-mütəxəssislər tərəfindən müayinə edilirlər.
Dispanserizasiya prosesinə pediatrla yanaşı, nevroloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, stomatoloq, endokrinoloq və digər mütəxəssislər cəlb olunur.
Müayinələrin nəticələrinə əsasən uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, ehtiyac olduqda əlavə müayinələrə, müalicəyə və reabilitasiya xidmətlərinə yönləndirilirlər.






