Orta məktəblərin idarə olunması: Müasir çağırışlar və həll yolları
Orta məktəblərin idarə olunması təhsil sisteminin uğurunda həlledici rol oynayır. Müasir dövrdə məktəb rəhbərləri yalnız inzibati idarəetmə ilə kifayətlənməməli, eyni zamanda pedaqoji liderlik nümayiş etdirməlidirlər. Bu sahədə beynəlxalq təcrübə göstərir ki, uğurlu məktəb idarəçiliyi müəllim və şagirdlərin fəal iştirakına əsaslanmalıdır.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə təhsil mütəxəssisi Kamran Əsədov sosial media hesabındakı paylaşımda bildirib.
O tanınmış təhsil tədqiqatçısı Michael Fullandan sitat gətirib: “Effektiv məktəb rəhbərliyi müəllimlərin birgə öyrənməsini və inkişafını dəstəkləməlidir. Məktəb yalnız direktorun göstərişləri ilə deyil, kollektiv bir öyrənmə mərkəzi kimi fəaliyyət göstərməlidir.” (Fullan, Leading in a Culture of Change, 2001).
“Digər bir təhsil eksperti John Hattie isə bildirir: “Məktəb rəhbərlərinin əsas rolu müəllimlərin effektivliyini artırmaqdır. Araşdırmalar göstərir ki, rəhbərlikdən daha çox sinifdə baş verən dəyişikliklər şagird nailiyyətlərinə təsir edir. Buna görə də, məktəb liderləri müəllimləri dəstəkləməyə və onların tədris keyfiyyətini yüksəltməyə fokuslanmalıdır.” (Hattie, Visible Learning for Teachers, 2012).
Dünyada uğurlu təhsil sistemlərində məktəblərin müstəqilliyi artırılır və məktəb rəhbərlərinə daha çox qərarvermə səlahiyyəti verilir. Məsələn, Pasi Sahlberg Finlandiya modeli haqqında yazır: “Ən yaxşı məktəblər müəllimlərin və məktəb icmasının gücünə inanaraq idarə olunur. Finlandiyada məktəb rəhbərləri müəllimləri daha çox avtonom qərarlar qəbul etməyə təşviq edir və bu, onların motivasiyasını artırır.” (Sahlberg, Finnish Lessons 2.0, 2015).
Bütün bu fikirlər onu göstərir ki, məktəb idarəçiliyi nə qədər açıq və çevik olsa, təhsilin keyfiyyəti bir o qədər yüksəlir. Məktəb rəhbərləri yalnız qaydalar çərçivəsində işləyən inzibatçılar deyil, həm də innovativ düşünən, müəllim və şagirdlərə yol göstərən liderlər olmalıdır”, – deyə qeyd edib.
JASMİN