Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kitab oxumağın faydalarını hər birimiz çox yaxşı bilirik. Təbii, hər kəsin maraq dairəsinə aid olan kitablar var. Bizim cəmiyyətimizdə də kitab oxumaq hər zaman təqdir və təşviq olunmuşdur.

Oktyabrın 9-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Şərqiyyə Süleymanlının növbəti “Məni bağışlayarsınızmı?!” kitabının təqdimatı keçirilib. Qeyd edək ki, bu kitab müəllifin səkkizinci kitabıdır.
***
HAŞİYƏ: Şərqiyyə xanım Azərbaycanın ən gözəl güşələrindən biri olan Cəbrayıl rayonundandır. Cəbrayıl hamımız üçün doğmadır, əzizdir. Qarabağın öz dilbər guşələri ilə seçilən gözəl yerlərindən biridir.
Oktyabrın 9-u bu tədbirin keçirilməsi məhz Cəbrayılın alınması gününə təsadüf etməsi tədbir iştirakçıları üçün ikiqat bayram oldu. Tədbirdə Cəbrayıl haqqında düşüncələr bölüşüldü, tarixi hadisələri bir daha xatırlandı.
Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl haqqında İran tarixçisi Həmdullah Qəzvininin (XIII-XIV əsrlər), Azərbaycan tarixçiləri A.Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində dəyərli məlumatlara rast gəlmək olur.

Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri — Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400–500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.
Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.
Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır.
Digər mənbələrə görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə “Allahın qulu” deməkdir.
1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX–XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.
23 avqust 1993-cü ildə rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü ilin əvvəlində keçirilmiş Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı işğaldan azad edilmişdir. 2016-cı il Aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi azad olunmuşdur. 2020-ci il 27 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Böyük Mərcanlı, Nüzgar, 3 oktyabrda Aşağı Maralyan, Çaxırlı, Quycaq, Mehdili, Şəybəy, 4 oktyabrda Cəbrayıl şəhəri, Mahmudlu qəsəbəsi, Cəfərabad, Çərəkən, Daşkəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şükürbəyli, Yuxarı Maralyan, 5 oktyabrda Məzrə, 9 oktyabrda Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Cəbrayıl rayonunu Əfəndilər, Qaracallı, Qışlaq, Sarıcallı, Süleymanlı, Tərtər rayonunu Çayçı kəndləri işğaldan azad olunmuşdur.
***
Cəbrayıl azad olandan sonra Şərqiyyə xanım öz yurduna gedir. Bu misraları ilə elini-obasını təbrik edir:
Atıb həsrətin daşını,
Silib gözümün yaşını,
Mən uca tutub başımı,
Elnən görüşə gəlmişəm.
Gördüm gülür daşın, dağın,
Çiçək açıb bağça, bağın,
Qurtarıb həsrətli çağın,
Səni təbrikə gəlmişəm,
Eli təbrikə gəlmişəm.
Lakin Şərqiyyə xanım gördüyü mənzərədən məyus halda düşmən tərəfindən viran olan yurdunu şeirlə təsvir edir:
Dağına üz tutdum mənə baxmadı,
Axar suya əl uzatdım, axmadı,
Baxdım göyə, batdı günəş, çıxmadı,
Sönmüş idi ata yurdun ocağı.
Sönmüş ocaq gəlmə dedi yaxına,
Bir qulaq as dilsiz dağın ahına,
Sən nə üzlə üz çevirdin yurduna,
Qan-yaş tökdü ata yurdun ocağı.
Baxdım, məzar daşlarına virandı?
Elim-obam yad əlində talandı,
Getməz bu dağ sinəmizdə qalandı,
Ağlayırdı ata yurdun ocağı.
Mən yuxuma haram qatdım o gecə,
Dərd üstünə dərd topladım o gecə.
Mən yuxumda ocaq çatdım o gecə,
Şölə saçdı sönmüş ata ocağı.
O, yurdundan yadigar heç nə tapmır, hətta valideynlərinin, yaxınlarının məzarını belə yerlə yeksan olan qəbiristanlıqdan tapa bilmir.
Şərqiyyə Süleymanlı: “Bu misralarla anamın qəbrini axtardım amma, tapmadım, səsimə səs verən olmadı”.
Həsrətim var qucaq-qucaq,
Elin, oban eldən uzaq,
Gəlmişəm, dur qucaqlaşaq,
Görüşünə gəldim, ana.
Viran olan yurdu gördüm,
Ümid yeri səni bildim,
Axtarıram yoxdu izin,
Görüşünə gəldim, ana,
Görməsəm getmərəm ana.
***

Nəzərinizə çatdıraq ki, Şərqiyyə Süleymanlı yenicə nəşr olunmuş “Məni bağışlayarsınızmı?! romanından başqa “O yurd məni bağışlarmı, bilmirəm”, “Ürəkdən gələn misralar”, “Orda bir çinar ağlayır”, “Niyə gəlmədin?”, “Mən o eldən gəlmişəm”, “Sur əməliyyatı”, “Zəmanəmizin möcüzəsi” kitablarının da müəllifidir.
Yazdığı “Məni bağışlayarsınızmı?! romanı sovet dövründə real həyatda baş vermiş tarixi acılarla doludur.
Bu romanda millət, sevgi, xəyanət və intiqam kimi mövzular iç-içə keçərək bir xalqın içində gizlənmiş zərərli niyyətlərin necə ailələri və gələcəkləri məhv etdiyini təsvir edir. Sovet dönəmində Cəbrayıl rayonunun ucqar bir dağ kəndində baş vermiş hadisə ilə bağlı olan roman 1947-48-ci illərdə baş verən və illərlə üstüörtrülü qalan dəhşətli bir faciənin izlərini izləyir.
Əsərin əsas qəhrəmanı Sevinc və Həsrətin toyuna sayılı günlər qalmış Pəri adlı bir erməni qadınının qaranlıq niyyətləri, azərbaycanlılara qarşı apardığı gizli qisas planı, doğum evində oğlan uşaqlarına qarşı həyata keçirilən qəddar əməllər üzə çıxır.
Əsərin sujet xətti maraqlı bir sevgi macərası üzərində qurulub. Həsrət və Sevinc melodramı o qədər təbii qələmə alınıb ki, oxucu baş verən hadisələri görür və bəzən həmin hadisələrin fəal iştirakçısına çevrilir. Onlar elə bilirlər ki, heç bir qüvvə onları ayıra bilməz. Lakin erməni qızı Pəri xalqımızın düçüncəsində “bacı-qardaş” mentalitetini gözəl bilir və bundan ustalıqla istifadə edərək Həsrəti Sevincdən ayırır.
Əsərin kulminasiya nöktəsi – Zöhrabın Sevinci Həsrətə qısqanmasıdır. Həsrət Pərinin bacısı qızı Rəsmiyyəyə nişanlanır. Sevinc Zöhrabın təhqirlərinə dözməyib özünü yandırır. Xəbəri eşidən Həsrət xəstəxanaya özünü çatdırır. Sevinc onun qucağında canını tapşırır.
Əsərin maraqlı yerlərindən biri də odur ki, Pərinin erməni qızı olduğu sonda bilinir. Pəri və onun əlaltıları məhkəmə qarşısına çıxarılırlar və bəlli olur ki, o təkcə Sevincin həyatına yox, tibb bacısı kimi işlədiyi xəstəxanada həyat yoldaşı Hüseynin Məlahətlə toylarına sayılı gün qalmış gözlənilmədən xəstəxanaya düşməsi ilə Hüseynə vurulur, Məlahəti də öz sevgisinin qurbanı etmişdir. O, Məlahətin venasına qəsdən hava ötürür. Məlahətin ölümündə günahkar olan Pəri işdən çıxarılır. Sonra bir azərbancanlı oğlanla tanış olur və onun vastəsilə doğum evində işə düzəlir, orada da doğulan oğlan uşaqların həyatına qəsd edirmiş.
Pəri keçmiş sevgilisinin ailəsin dağıdır, uşaqları bədbəxt edir və nəhayət, Sevincin faciəli ölümü ilə bu nifrətin kulminasiyası yaşanır.
Şərqiyyə Süleymanlının real həyatda baş vermiş hadisələr əsasında qələmə aldığı bu əsər bir növ gənclərimizə bir mesajdır. O, bu əsəri ilə sovet dövründə içimizdə olan gizli erməni qətliamlarının üstünü açmışdır. Bütün bu hadısələr olmuş hadisələrdir. Pəri ilə başlayan işğalçılıq ötən əsrin əvvəllərində yüzlərlə insanın, o cümlədən Dağlıq Qarabağın süqutu ilə nəticələndi.
Cəbrayılın alınması günü (9 oktyabr) keçirilən bu tədbirdə əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ziyalılar, “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədr və üzvləri, şairlər, söz adamları, poeziya vurğunları, jurnalistlər və şirkət işçiləri çıxış edərək Şərqiyyə xanımı təbrik etdilər və kitab haqqında öz təəssüratlarını bölüşdülər.

Tədbir olduqca yüksək səviyyədə həyata keçirildi. Məclisi görkəmli şair, 40-a yaxın kitabın müəllifi, AYB-nin İdarə Heyətinin, eyni zamanda Audiovizual Şurasını üzvü Qəşəm Nəcəfzadə aparırdı.
Tədbiri giriş sözü ilə açan Qəşəm Nəcəfzadə Şərqiyyə xanım haqqında səmimi sözlərini dedi, onu təbrik etdi, roman haqqında tədbir iştirakçılarına qısa məlumat verdi, Azərbaycan ədəbiyyatından və mentalitetinidən söz açdı. Tariximizin və ədəbiyyatımızın görkəmli simaları – Hüseyn Cavid, Əhməd Cavad, Almaz İldırım, Bəxtiyar Vahabzadə, həmçinin Türk ədəbiyyatının görkəmli nümayəndələrinin bədii yaradıcılığı, elmi fəaliyyəti haqqında danışdı.
Cəbrayılın qəhrəmanlığından, vətənpərvərliyindən, yetişdirdiyi dahilərdən söhbət açdı. Romanda sevgi, qısqanclıq, içimizdə olan erməni qadınının hiyləsindən danışdı. Əsl sevginin nə olduğunu söylədi:
“Əsl sevgi ailəyə çevrilməlidir. Qadın ana olmalıdır, övlad saxlamalıdır, kişi də kişi olmalıdır, oğlan olmamalıdır. Əgər həyatı boyu qadın qız kimi, kişi də oğlan kimi qalırsa, onlar yola getməyəcəklər, çünki sevgi dəyişilmədir, ailə əxlaqına, ailə sevgisinə çevrilməlidir”.

Və onu da bildirir ki:
“Bu əsər həm mentalitet, həm də sovet dövründə erməni barmağı və ermənilərin ilk hücumu baxımından serial çəkiləsi gözəl bir sevgi dastanıdır. Çünki bu əsər quruluşu ilə böyük bir serial motivini özündə ehtiva edir”.
Ürəyi sözlə, şeirlə dolu Tahir Şirvanlı əsərin acılı yerlərinə toxunur və Səməd Vurğunun son anlarda yazdığı şeir parçasını dilə gətirdi:
Ömrün yollarını addımladıqca,
Hər kiçik səhfimiz dərd oldu bizə.

Romanın məzmunu ilə bağlı erməni qızı Pərinin sözünə, hiyləsinə düşən Həsrətdən danışdı.
Vətənini, dövlətini, millətini sevən, Qarabağ müharibəsi iştirakçısı, vaxtilə polis rəisi işləyən, hazırda “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədri İlham Abbasov çıxışında təbrikə qoşularaq gözəl yazıçı, xeyirxah insan Şərqiyyə xanım haqqında öz səmimi sözlərini bildirir və əsər haqqında öz təəssüratlarını bölüşdü. Həm də “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyində Xətai rayon birliyinin sədr vəzifəsindəki fəaliyyətindən də geniş söhbət açdı O, Şərqiyyə xanımın yazdığı bu romanında hələ sovet vaxtı Pəri obrazı ilə sanki Azərbaycanın, Cəbrayılın işğalının o dövrdən başladığını vurğuladı. Sevgidən, xəyanətdən, qısqanclıqdan ibarət olan bu kitabın gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması baxımından önəmini diqqətə çatdırdı.

Təqdimat mərasimində yazıçı, şair Yusif Dirili, Malik Əhmədoğlu, Sədaqət Şıxlı, YDDİB-nin sədr müavini Sevinc Əsgərova, sədr müavini Nəsib Musayev, Qurban Ağayev, Bayandur Sevgi, Tutu İmanova, Gilə Dərya, Hacı Surxay və başqaları çıxışlarında kitabın bədii məzmunundan, əhəmiyyətindən söz açaraq, romanın müasir Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda inkişafına töhfə verəcəyini qeyd etdilər.
YDDİB-nin sədr müavini Sevinc xanım Əsgərova isə çıxışında qeyd etdi ki, Şərqiyyə xanım ürəyi vətən sevgisilə dolu vətənpərvər, xeyirxah, səmimi və ən əsası, ətrafına xeyirxah əməlləri ilə nur saçan gözəl insandır. Daha sonra o, Şərqiyyə xanımı fəxri diplomla təbrik etdi.

Sonda müəllif Şərqiyyə Süleymanlı çıxış edərək tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi, imzalı kitablarını hədiyyə etdi və xatirə şəkli çəkdirildi.

İştirakçıların səmimi təbrikləri, ürək sözləri və fikir mübadilələri ilə davam edən təqdimat tədbiri əbədi görüş kimi yadda qaldı.
Nahidə İBRAHİMOVA,
xüsusi müxbir