Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

1 noyabr tarixindən etibarən, Gürcüstanda bir neçə dəyişiklik qüvvəyə minir. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, 1 noyabrdan dövlət qulluqçuları bir neçə maaşlı vəzifədə işləyə bilməyəcəklər. Bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərlə müəyyən olunub. Qanuna əsasən, iki maaşlı vəzifədə çalışan dövlət qulluqçuları artıq birini tərk etməli və aldığı maaşı geri qaytarmalı olacaqlar. Lakin bu qayda müəyyən “defisit ixtisaslara” şamil olunmayacaq. Hökumətin qərarına görə, istisna təşkil edən sahələr bunlardır: Məkan planlaşdırılması, urbanizasiya, memarlıq, mühəndislik və tikinti (məsələn, memar, urbanist, konstruktor, texniki nəzarətçi, yol mühəndisi və s.); Aviasiya (məsələn, uçuş təlimçisi, aviasiya mühəndisi, texnik və s.); Ətraf mühitin mühafizəsi (biomüxtəliflik üzrə mütəxəssis, hidrobioloq, aqrokultur üzrə ekspert, torpaqşünas, ekoloq və s.); Fizika və Yer elmləri (geoloq, hidrogeoloq, atmosfer elmləri mütəxəssisi, kimyaçı, meteoroloq, klimatoloq və s.); Tərcüməçilik və jest dili üzrə mütəxəssislər; Hüquq sahəsi – Şəxsi məlumatların mühafizəsi üzrə məsul şəxs; Əmək təhlükəsizliyi üzrə mütəxəssis və digərləri. 3 noyabrdan yeni dizaynlı şəxsiyyət vəsiqələri verilməyə başlanacaq; Dövlət Xidmətləri Agentliyinin məlumatına görə, 3 noyabrdan yenilənmiş dizaynda elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Bundan əlavə, aşağıdakı sənədlər də yeni dizaynda təqdim olunmağa başlayıb: Müvəqqəti yaşayış icazəsi; Daimi yaşayış icazəsi; Diplomatik pasport; Xidməti pasport; Qaçqın statuslu şəxsin səyahət sənədi; Vətəndaşlığı olmayan, lakin Gürcüstanda statusu olan şəxslərin səyahət pasportu. 1 noyabrdan Tbilisidə ictimai nəqliyyat marşrutlarında dəyişikliklər olacaq; Yeni, 18 metrlik avtobuslar N306 marşrutu üzrə hərəkət edəcək. Marşrut əvvəlki kimi yalnız Akaki Beliaşvili küçəsindən Barataşvili küçəsinə qədər deyil, daha geniş ərazini əhatə edəcək. Bundan əlavə, Beliaşvili küçəsi və Robakidze prospektinin kəsişməsində yeni nəqliyyat qovşağı yaradılıb. Buradan N306 marşrutunun avtobusları işıqfor vasitəsilə Didube metro istiqamətində sola dönə biləcəklər. Rike–Narikala kanat yolu qış cədvəlinə keçir: 1 noyabrdan etibarən Rike–Narikala kanat yolu artıq gecə saat 00:00-a kimi deyil, 22:00-a qədər fəaliyyət göstərəcək. Səhər iş saatı isə eyni qalacaq – 10:00. Yeni aviaşirkət Gürcüstana daxil olur; 2 noyabrdan Moldovada qeydiyyatdan keçmiş Vision Air şirkəti Kişinyov–Tbilisi–Kişinyov reysi üzrə müntəzəm uçuşlara başlayır. Əvvəlcə həftədə bir dəfə (bazar günü) uçuşlar həyata keçiriləcək, 13 noyabrdan – iki dəfə (cümə axşamı və bazar), 16 dekabrdan isə həftədə üç dəfə (çərşənbə axşamı, cümə axşamı və bazar). Ryanair 12 noyabrdan yalnız rəqəmsal buraxılış kartlarına keçəcək: İrlandiyanın aşağıbüdcəli aviaşirkəti Ryanair 12 noyabrdan etibarən tamamilə rəqəmsal buraxılış kartlarına keçəcək. Bu tarixdən sonra sərnişinlər artıq kağız buraxılış kartını yükləyib çap edə bilməyəcəklər. Sərnişinlər myRyanair tətbiqi vasitəsilə rəqəmsal buraxılış kartını əldə edə biləcəklər. Eyni tətbiqdə yer seçimi və reyslə bağlı məlumatların real vaxtda izlənməsi də mümkün olacaq.