Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə arvadına görə başqa kişini bıçaqlamaqda təqsirləndirilən Nizami Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Tezadlar.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Ə.S təqsirləndirilən şəxsin oğlu olduğunu bildirib: “Mənim ödəməli olduğum məbləğ vardı. Kartımda problem yarandığından anamın kartından ödəmək istədim. Axşam evdə anamın kartından işimi həll etdim. Gördüm telefonda arxivlənmiş söhbət, səs yazıları var. Telefonu götürüb çölə çıxdım, səs mesajlarını dinləməyə başladım. Eşitdiklərimdən qanım dondu, anamın atama xəyanət elədiyini anladım. Anamdan bunların nə demək olduğunu soruşdum, cavab vermədi. Əlacsızlıqdan, əsəbdən evdəki pəncərənin şüşəsinə vurub qırdım. Əlimi qan aparırdı. Anamın köməyini qəbul etməyib özüm xəstəxanaya getdim. Əmimə zəng edib baş verənləri ona danışdım, dedi ki, sabah aydınlaşdırarıq. Evdə qalmadım. Səhər durub əmimlə evimizə gəldim, atam da gəlmişdi. Telefonu atama göstərdim. Atam tez evə girdi, dava-mübahisə səsi gəldi, sonra atam evdən çıxdı. Maşını özüm sürürdüm, getdik atamın nişan verdiyi yerə. Atam tez maşından düşüb obyektə girdi. Mən maşını park edib onun ardınca qaçanda atamın əlində bıçaq, Şahpuru vurub yerə sərən gördüm. Atam Şahpuru təpikləyirdi. Şahpur fürsətini tapıb qaçanda gördüm ki, onun köynəyi qan içindədir”.
Növbəti proses 1 iyula təyin olunub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən hadisə 6 oktyabr 2024-cü il tarixdə Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Nizami Əliyev Cinayət Məcəlləsinin 126.1 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə məsuliyyətə cəlb olunub.