Ayaz Mütəllibovun 1992-ci ilin martın 6-dakı istefa çıxışı- “TƏZADLAR”IN ARXİVİNDƏN

Oxunma sayı: 38

…1992-ci il, martın 6-sı! Səhər saat 06:05 radələridir. Həmin vaxt “Azərbaycan” qəzetinin parlament müxbiri idim…

Etirazçılar Ayaz Mütəllibovun istefasını tələb edirlər. Xocalı faciəsinin günahkarı kimi. Martın 5-də parlamentin binası mühasirəyə alındı, həmin gün heç kimi nə içəri buraxırdılar, nə də çölə. Ərzaq ehtiyatı da bitməkdə idi. Parlament binasının əsas girişinin şüşələri sındırılmışdı. Gecəni parlamentin zalında yatıb qaldım… Mükalifətçi deputatlar, xüsusən də Etibar Məmmədov ciddi-cəhdlə Ayaz Mütəllibovun istefasını tələb edirdi.  Ayaz Mütəllibovu yola gətirmək üçün Allahşükür Paşazadə də parlament binasında cəhdlər edir, qan tökülməməsi üçün onu dilə tuturdu… Bütün gecə səhərədək çıxışlar, müzakirələr oldu… Əvvəlcə Ayaz Mütəllibov istefa verməkdən imtina etdi… Onu yorğunluğunu çıxrmaq üçün arxa otaqlardan birinə apardılar. Spiker Yaqub Məmmədov nəhayət, zala daxil olub şad xəbərini elan etdi ki, Ayaz Mütəllibob istefaya razı oldu. Beləliklə, Ayaz Mütəllibov tribunaya qalxdı və mən dərhal diktafonu işə saldım, onun istefa çıxışını qeydə aldım.

Beləliklə, 1992-ci ilin martın 6-da, səhər saat 06:05-də Ayaz Mütəllibov istefa çıxışını edir:

Zəruri qeyd: Ayaz Mütəllibov 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçilməsinə baxmayaraq müxalif AXC hərəkatının təzyiqi nəticəsində Ayaz Mütəllibov Ali Soveti buraxmışdır. Onun yerinə Milli Məclisi təşkil edilmiş, oradakı 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar (bax: Xocalı soyqırımı). Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur etmiş, nəticədə 1992-ci il martın 6-da A.Mütəllibov istefa vermişdir. Mart ayının 6-da prezident Ayaz Mütəllibov istefaya getməyə məcbur edildikdən sonra o vaxtkı Azərbaycan Konstitusiyasına əsasən, parlamentin sədri olan Yaqub Məmmədov yeni seçkilərə qədər prezidentlik vəzifəsinin və səlahiyyətlərinin icrasını öz üzərinə götürmüşdür… Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Buna baxmayaraq, müxalif cəbhədə duran “Xalq Cəbhəsi”nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayır. 2003-cü il Azərbaycan prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də MSK təsdiq etməmişdir. O, 2012-ci ildə yenidən Azərbaycan qayıtmışdır… Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir. Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xəbəri paylaş