Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Bakının Keşlə qəsəbəsində(Babək prospektinin Keşləyə dönən ərazisində) yaşayan sakinlər «Təzadlar» qəzeti (tezadlar.az saytı) redaksiyasına zəng edərək bir maraqlı məsələdən bəhs etdilər. Məlum oldu ki, Babək prospekti ilə hərəkət edərək paytaxtın mərkəzinə doğru gedən sürücülər yolun sağ zolağından keçib gedəndə 100 manat cərimə və 2 bal cəza ilə «mükafatlandırılırlar».
Şikayətçilər səbəbini ürək ağrısı ilə izah etdilər: «…İndiki zamanda 100 manat az məbləğ deyil. Amma məsələ ondadır ki, bu cərimə ciddi bir qayda pozuntusuna görə yox, sırf sürücüləri çaşdıran, aldadan yol nişanına görədir…».
Azər adlı şikayətçi isə əlavə etdi ki, o, «NZS»də yaşayır və hər gün «Gənclik» istiqamətinə gedir. Deyir: «İndiyədək həmişə Babək prospektinin (Babək-31) bu nöqtəsində sağ zolaqla hərəkət etmişəm və heç bir problem olmayıb. Lakin birdən-birə mənə 100 manat və 2 bal cərimə gələndə araşdırdım, məlum oldu ki, bu sırf yol nişanı tələsinin hesabına olub. Xahiş edirik, cənab nazirimiz Vilayət Eyvazova bu şikayətimizi çatdırın, bu uyğunsuzluq təcili olaraq aradan qaldırılsın. Axı bu yoldan hər gün yüzlərlə, bəlkə də minlərlə maşın keçir, kütləvi cərimələnmə nə məqsədlidir??? Neçə gün əvvəl ağır xəstəmiz var idi, qonşudan 100 manat borc almışdım ki, həkimə və dava-dərmana verəm, yolda mesaj gəldi ki, 100 manat cərimələnmisən. İndi məni bu 200 manatın dərdi xəstə salıb…».

Beləliklə, şikayətçilərin xahişi ilə (əslində isə, deyilənlərə əvvəlcə inanmadığımızdan), bu gün səhər saatlarında, yəni yolun qeyd edilən hissəsindəki hərəkət intensivliyini əsas tutub ərazidə olduq.
Gördüklərimiz bizi də çaşdırdı. Babək-31 ünvanı ətrafında yaşayan və işləyənlərlə söhbət etdikdə bizi də xəbərdar etdilər ki, həmin zolağı paytaxt istiqamətinə, yəni düzünə getməyək, yoxsa 100 manat cərimə və 2 bal səhər «hədiyyəmiz» olacaq.
Beləliklə, apardığımız müşahidələri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Rəşid Piriyevin diqqətinə çatdırırıq. Foto və videogörüntülər də təsdiqləyir ki, Babək prospekti ilə hərəkət edərək sağ zolaqdan istifadə edən sürücülər yolun həm ortasında, həm də işıqforun qarşısında (bu nişan lap əvvəldə də var) aydın şəkildə görürlər ki, həm düz, həm də sağa(Keşlə tərəfə) hərəkətə icazə var. Amma buna qəti əmin olaraq düzünə hərəkət edən sürücülər işıqforu keçən kimi avtobus zolağının olduğunu bildirən nişanla qarşılaşırlar. Halbuki bu nişan sonradan qoyulub, qoyulubsa belə, həm də işıqfora qədər də olmalıdır ki, sürücü çaşmasın, hərəkət trayektoriyasını nizamlaya bilsin.
Fotoşəkildən o da göründüyü kimi, BUS nişanı elə qoyulub ki, sağ zolaqla hərəkət edən sürücü işıqforun dirək və başlığına görə onu əvvəldən görə bilmir, yalnız işıqforu keçəndə onun mövcudluğu üzə çıxır. Bir də axı, sürücü düzünə hərəkətə icazə nişanını da əvvəldən görür və hərəkətində haqlı olduğunu düşünür.

Ən pisi odur ki, BUS nişanı ilə qəflətən qarşılaşan sürücü sola çıxma xəbərdarlığı edən işığını yandırıb sol zolağa çıxırsa belə, ona da cərimə yazılır.
Süal olunur: DİN-nin İntellektual İdarəetmə Mərkəzinin həmin nöqtədəki kamerasının arxasında dayanan operator cərimələnmə anını görə və qeydə ala bilir, amma həmin ərazidəki çaşdırıcı, aldadıcı və səhv yol nişanını niyə görmür, yaxud görə bilmir???
Daha bir vacib məqam: necə olur ki, həmin ərazidə-Keşlədən gəlib Babək prospektinə doğru sağa çıxanlar BUS zolağını keçib sola çıxarkən cərimələnmirlər, amma düzünə gəlib sola çıxanlar cərimələnirlər???
Bu sualın cavabı qalsın sonraya. Amma bir faktı da deyək ki, biz orada olan zaman ən azı 10-a yaxın sürücünü bu cərimələrdən qoruduq, işarə etdik ki, sol zolağa indidən çıxıb düz hərəkət etməsinlər. Hətta bəzi sürücülər isə bizə irad tuturdu ki, yolun ortasında düzünə hərəkətə icazə verən nişan var və s.
Nə isə… Hesab edirik ki, paytaxtın yollarına cavabdeh qurumlar tezliklə bu yol nişanı anlaşılmazlığını aradan qaldıracaqlar və süni şikayətlərin nazirliyə, digər rəsmi qurumlara axınına yol verilməyəcək. Çünki həmin ərazidə çalışan-işləyən şəxslər bildirdilər ki, bu problemlə hər gün qarşılaşdıqlarından kütləvi müraciət imzalayıb aidiyyəti qurumlara göndərməyə hazırlaşırlar.
Elçin Məmmədli
(Fotolar müəllifindir)
