“Ölkədə iki ərəb şəhəri deyil, Tbilisi və Batuminin yaxınlığında Avropa üslubunda iki yeni gürcü yaşayış məkanı yaradılacaq”. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze “Eagle Hills” ərəb şirkətinin Gürcüstanda yeni inşa edəcək şəhərləri ilə bağlı sualları cavablandırarkən deyib. Onun sözlərinə görə, layihə çərçivəsində ümumilikdə 16 min fərdi ev və mənzilin tikintisi planlaşdırılır. Kobaxidzenin sözlərinə görə, bu iri həcmli investisiya layihəsi ətrafında yayılan iddialar “tamamilə yalan üzərində qurulmuş anti-dövlət kampaniyasıdır”.
Baş nazir vurğulayıb ki, layihənin ölkə iqtisadiyyatına verəcəyi böyük töhfə Gürcüstanın “bədxah qüvvələri” üçün narahatlıq yaradır: “Dövlət iqtisadi cəhətdən nə qədər güclü və müstəqil olarsa, onun müstəqilliyini sarsıtmaq bir o qədər çətin olur. Bu səbəbdən layihə ətrafında ‘ərəbizasiya’ barədə yalan məlumatlar yayırlar”. Kobaxidze bildirib ki, son illərdə xaricilərin Gürcüstanda 60 mindən çox mənzil aldığı halda, bu proses heç bir demoqrafik problem yaratmayıb: “Əgər bu layihədəki mənzillərin 60 faizini xaricilər alsalar belə, bu cəmi 9.600 mənzil deməkdir. Bu isə ölkəyə demoqrafik təsir göstərə biləcək rəqəm deyil”.
Baş nazir əlavə edib ki, xarici alıcılara yaşayış icazəsi üçün heç bir xüsusi güzəşt tətbiq olunmayacaq: “Eagle Hills” şirkətinin beynəlxalq alıcılara satış gözləntisi şirkətin geniş xarici satış şəbəkəsinə əsaslanır. Lakin Gürcüstanın iqtisadi yüksəlişi və layihənin qiymət siyasəti nəzərə alınarsa, yerli alıcıların payının 50 faizdən xeyli çox olacağı gözlənilir”, – deyə Kobaxidze qeyd edib.
maraqlı layihədir və ölkənin sosial həyatında yenilik deməkdir.
Elbar

