“Uzun illər bu sektorda olmağıma baxmayaraq, ilk dəfədir bu mövzuda və səviyyədə, açıq ünvanlı bəyanat müşahidə edirəm.”
***
Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə?
Bu günlərdə maraqlı bir açıqlama diqqətimi cəlb etdi. Deputat Ramid Namazovun “Azərbaycana qarşı kiber hücum Rusiyadan olub” açıqlaması çox düşündürücü və əslində, aydın səmada goy gurultusudur. Uzun illər bu sektorda olmağıma baxmayaraq, ilk dəfədir bu mövzuda və səviyyədə, açıq ünvanlı bəyanat müşahidə edirəm.
TEZADLAR.AZ xəbər verir ki, bunu
Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O xatırladıb ki, bu fikirləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən toplantıda səsləndirib.
“Ramid Namazov bir müddət öncə “Global Media Group”a daxil olan media resurslarına olan hücumların səbəbi və mənbəyi ilə danışarkən bu fikirləri açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycana qarşı kiberəməliyyatları həyata keçirən peşəkar və mütəşəkkil dəstə olub. Milli Məclisin komissiyası Rusiyadan həyata keçirildiyi bildirilən kiberhücumun səbəbinin haradan qaynaqlandığını da göstəırib. Kiberhücum Bakıda “Rus evi”nin və “Sputnik Azərbaycan” agentliyinin bağlanmasına cavab olaraq həyata keçirilib. Əlbəttə, Rusiyanın Azərbaycana olan münasibəti nöqteyi-nəzərindən açıqlama tam ağlabatandır. Amma burada bir diqqətçəkən məqam var:
Belə bir açıqlama üçün əsas ola biləcək hesabatı və rəyi görəsən, hansı qurum hazırlayıb? Ölkənin İT və kibertəhlükəsizliyinə cavabdeh peşəkar dövlət qurumları, yoxsa Milli Məclisin İT komandası ?
Azərbaycanda kibertəhlükəsizlik sahəsində cavabdeh olan peşəkar dövlət qurumları, XRİTDX-nin və DTX-nın müvafiq mərkəzləri (CERT, Milli Kibertəhlükəsizlik Mərkəzi) var. Maraqlıdır ki, həmin tədbirdə iştirak edən peşəkar qurumların nümayəndələri “hücum Rusiyadan qaynaqlanıb” açıqlamasına münasibət bildirməyiblər.
Kiberhücumlar ciddi dövlət və milli təhlükəsizlik məsələsidir.
Rusiya və Ermənistan tərəfindən, həmçinin regionda və dünyada bizə qarşı “maraqlı” olan elə ölkələr var ki, onlar tərəfindən dövlət səviyyəsində ölkəmizə peşəkar formada kiber hücumlar həmişə labüddür.
Bu baxımdan, düşünürəm ki, bu sahədə yalnız peşəkar və cavabdeh qurumlar tərəfindən texniki- texnoloji sübutlar əsasında, beynəlxalq kiber platformalarla və dövlətlərlə əməkdaşlıq şəraitində danışmaq daha güvənli ola bilərdi.
İstənilən halda, düşünürəm ki, ölkənin informasiya təhlükəsizliyi və kiber mühitin inkişafı baxımından, bu sahəyə diqqətin yönəldilməsi baxımından Milli Məclisin müvafiq Komissiyasının səyləri təqdirəlayiqdir”, – deyə o vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov fevralın 20-də bir sıra media resusrlara hücumlarla bağlı danışarkən qeyd edib ki, hücum texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilib: “Kiberhücum Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilib. Təbii ki, bu təəssüf hissi doğurur”.
Deputat vurğulayıb ki, bu, həmçinin Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına və əlaqələrin ruhuna zidd olan bir haldır. “Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilmişdir. Bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir. Kibercasusluqla məşğul olan APT29-un fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir”.
Həmçinin bildirib ki, aparılan kiberpsixologiya təhlilləri nəticəsində hücumun motivinin də haradan qaynaqlandığı aydın olur. “Motiv – fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi” və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib”.
JASMİN