Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 18:44

Beyləqanda rus bölməsi ilə bağlı suallar artır: azalan doğum fonunda köhnə normativlər nə dərəcədə əsaslıdır?

Beyləqan şəhəri Ramiz Abbasov adına 4 nömrəli tam orta məktəbdə rus bölməsi üzrə I sinfin açılmaması ətrafında yaranan narazılıqlar davam edir. Məsələ ilə bağlı valideynlərin etirazlarını əks etdirən yazımız dərc olunsa da, indiyədək nə Mil-Muğan Regional Təhsil İdarəsi, nə də Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyəti qane edən ətraflı izahat verilməyib.

Halbuki məsələ təkcə 14 uşağın taleyi ilə bağlı deyil. Burada valideynlərin təhsil dili seçimi hüququ, təhsil siyasətinin şəffaflığı, normativ sənədlərin tətbiqi və dəyişən demoqrafik reallıqlara uyğunlaşma məsələləri gündəmə gəlir. Valideynlərin bildirdiyinə görə, hazırda rus bölməsi üzrə I sinfə qəbul üçün 14 şagird qeydiyyatdan keçib və qəbul prosesi hələ tam yekunlaşmayıb. Buna baxmayaraq, Mil-Muğan Regional Təhsil İdarəsi sinfin formalaşdırılması üçün normativ tələbin ödənilmədiyini əsas gətirərək yeni sinfin açılmasının nəzərdə tutulmadığını açıqlayıb.
Lakin burada diqqət çəkən mühüm məqam mövcud normativlərin özüdür.

Normativ sənəd nə deyir?

Ümumtəhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsinə əsasən, ümumtəhsil məktəblərində sinifdə şagird sayı adətən 20 nəfərdən az olmamalıdır. Eyni sənəddə açıq şəkildə göstərilir ki, zəruri hallarda şagird sayı 20-yə çatmadıqda da mövcud sayla sinif təşkil olunmasına icazə verilir.
Məhz bu müddəa valideynlərin əsas arqumentidir.

Onlar haqlı olaraq soruşurlar:

Əgər normativ sənəd azsaylı siniflərin yaradılmasına imkan verirsə, Beyləqanda 14 şagird üçün rus bölməsi niyə açılmır?
Üstəlik, ötən illərdə daha az və ya buna yaxın sayda şagirdlərlə siniflərin fəaliyyət göstərdiyi də qeyd olunur.

Demoqrafik reallıq dəyişib

Məsələyə yalnız bir məktəb və ya bir sinif prizmasından baxmaq düzgün olmazdı.
Azərbaycan son illərdə ciddi demoqrafik dəyişikliklərlə üzləşir. Rəsmi statistikaya görə, ölkədə 2019-cu ildə 141 min 179 uşaq doğulduğu halda, 2020-ci ildə bu rəqəm 126 min 571-ə düşüb. Bir il ərzində doğulan uşaqların sayı 14 min 608 nəfər azalıb. Bu isə təxminən 10,3 faiz azalma deməkdir.
Ekspertlər bunu əsasən COVID-19 pandemiyasının yaratdığı qeyri-müəyyənlik, sosial-iqtisadi risklər və son illər müşahidə olunan ümumi doğum azalması ilə izah edirlər.
Məhz 2020-ci ildə doğulan uşaqlar 2026–2027-ci tədris ilində I sinfə gedəcəklər.
Başqa sözlə, bu il məktəblərdə komplektləşdirilən birinci siniflər əvvəlki illərlə müqayisədə sayca 10,3% daha az olan bir nəslin nümayəndələrindən formalaşır.

Bu halda təbii sual yaranır:

Əgər ölkə üzrə doğulan uşaqların sayı 10 faizdən çox azalıbsa, onilliklər əvvəl formalaşmış minimum şagird sayı meyarlarının dəyişməz saxlanılması nə dərəcədə əsaslıdır?

20 şagird normativi bugünkü reallığa uyğundurmu?

Bir çox təhsil mütəxəssisləri hesab edir ki, siniflərin komplektləşdirilməsi ilə bağlı normativlər demoqrafik vəziyyət nəzərə alınmaqla dövri şəkildə yenilənməlidir.
Bu gün Azərbaycanda illik doğum sayı 30-40 il əvvəlki göstəricilərdən xeyli aşağıdır. Vaxtilə hər il 160-170 min uşağın doğulduğu dövrlərdə müəyyənləşdirilən meyarların hazırkı şəraitdə eyni qaydada tətbiq olunması suallar yaradır.
Üstəlik, müasir təhsil yanaşmaları göstərir ki, azsaylı siniflər tədrisin keyfiyyətinə mənfi deyil, əksinə müsbət təsir göstərə bilir.
İnteraktiv təlim metodlarının tətbiqi, fərdi yanaşma, şagirdin inkişaf dinamikasının izlənilməsi və müəllim-şagird ünsiyyətinin gücləndirilməsi baxımından 14-16 nəfərlik siniflər bir çox hallarda daha əlverişli hesab olunur.
Bir çox müəllimlər dəfələrlə bildiriblər ki, 30 və daha çox şagirdin olduğu siniflərdə hər bir uşağa lazımi diqqət ayırmaq olduqca çətindir.
Bu baxımdan Beyləqandakı 14 nəfərlik potensial sinfin tədris keyfiyyətinə mane olacağı barədə arqumentlər ciddi əsaslandırma tələb edir.

Beyləqan üçün məsələ daha həssasdır

Valideynlərin narahatlığını artıran başqa bir məqam isə odur ki, Beyləqan şəhərində rus bölməsi artıq yalnız 4 nömrəli məktəbdə fəaliyyət göstərir.
Əvvəllər mövcud olan digər rus bölmələri bağlanıb.
Belə olan halda, yeni I sinfin açılmaması faktiki olaraq şəhərdə rus dilində təhsil almaq istəyən ailələrin seçim imkanlarını daha da məhdudlaşdırır.
Bu isə məsələyə təkcə statistik yox, həm də hüquqi və sosial aspektdən yanaşmağı zəruri edir.

Mil-Muğan Regional Təhsil İdarəsinə açıq suallar

Məsələnin ətrafında yaranan sualların aradan qaldırılması üçün Mil-Muğan Regional Təhsil İdarəsinin ictimaiyyətə daha ətraflı izahat verməsi vacib görünür:

– Rus bölməsi üzrə I sinfin açılmaması hansı konkret normativ-hüquqi sənədə əsaslanır?
– Ümumtəhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsində nəzərdə tutulan istisna mexanizmi niyə tətbiq edilmir?
– Azalan doğum göstəriciləri fonunda minimum şagird sayı meyarlarına yenidən baxılması gündəmdədirmi?
– Hazırda qeydiyyatdan keçmiş 14 şagird üçün sinfin açılması imkanları yenidən nəzərdən keçiriləcəkmi?
– Beyləqan şəhərində rus bölməsinin gələcək fəaliyyəti ilə bağlı hər hansı konsepsiya mövcuddurmu?

Valideynlər nə xüsusi güzəşt, nə də imtiyaz tələb edirlər. Onlar yalnız qanunvericiliyin verdiyi imkanların obyektiv şəkildə tətbiq edilməsini və övladları üçün etdikləri təhsil seçiminə hörmətlə yanaşılmasını istəyirlər.
Bu gün Beyləqanda müzakirə olunan məsələ əslində daha böyük bir sualı gündəmə gətirir: Azərbaycanın təhsil sistemi dəyişən demoqrafik reallıqlara uyğunlaşmağa hazırdırmı?
Bu sualın cavabı təkcə 14 uşağın deyil, gələcək illərdə minlərlə ailənin qarşılaşacağı problemlərin həlli baxımından da mühüm əhəmiyyət daşıyır.

Akif NƏSİRLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!