Nəhayət, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyində aparılan bərkitmə işləri yekunlaşıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, muzeyin himayədarı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov bu barədə məlumat verib. O bildirib ki, 200-dən çox yaşı olan ikimərtəbəli binada bərkitmə işləri başa çatdırıldıqdan sonra muzeyin daxili təmirinə başlanılmalıdır. Muzeyin daxili bərpası Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Qeyd olunur ki, layihənin ilkin mərhələ üçün ümumi dəyəri 350 min lari civarında hesablanıb. 340 min lari Tbilisi meriyası tərəfindən xərclənib, SOCAR isə bu işlərə dəstək göstərərək ilkin mərhələdə 10 min lari ayırıb. Layihənin son təsdiqi və büdcə detalları tamamlandıqdan sonra ikinci mərhələyə start veriləcək.
Beləliklə, ədibin ev muzeyi tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.