Filippinin keçmiş prezidenti insanlığa qarşı cinayətlərə görə həbs edilib… Tezadlar.az Associated Press-ə istinadla bildirir ki, Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Manila Beynəlxalq Hava Limanında həbs edilib. O, narkotiklərlə mübarizə kampaniyası zamanı ən azı 6 min insanın ölümü ilə nəticələnən məhkəməsiz kütləvi qətllərə görə insanlığa qarşı cinayətlərdə ittiham olunur. Filippin Baş Prokurorluğunun məlumatında deyilir: “Dutertenin həbsi Manila hava limanında xaosa səbəb olub. Onun vəkilləri və köməkçiləri saxlanıldıqdan sonra onunla əlaqə saxlamağa icazə verilmədiklərinə etiraz ediblər. Eyni zamanda Filippin hakimiyyəti isə 79 yaşlı keçmiş prezidentin səhhətinin yaxşı olduğunu və tibbi müayinədən keçdiyini bildirib.”
Xatırlatma: 2016-cı ildən 2019-cu ilə qədər Duterte rəsmi olaraq 6000 insanın ölümü ilə nəticələnən narkomaniyaya qarşı amansız mübarizə kampaniya həyata keçirib. Bununla belə, müstəqil insan haqları təşkilatları qurbanların real sayının on minlərlə ola biləcəyini iddia edirlər. Öldürülənlərin çoxu məhkum edilmiş cinayətkarlar deyil, həm hüquq-mühafizə orqanları, həm də “ölüm dəstələri” adlanan qruplar tərəfindən həyata keçirilən məhkəməsiz edamların qurbanı olublar.
A.Məmmədli