Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığını bərpa etməyə hazırdır və Amerika administrasiyasından qərar gözləyir.
Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
“Siz Gürcüstan-Amerika münasibətlərinin kontekstindən xəbərdarsınız. Bu kontekst çox çətindir; onu Bayden administrasiyası yaradıb. Görəcəyik; səbirlə gözləyirik. Biz açıq şəkildə bəyanat verdik ki, strateji tərəfdaşlığı ABŞ ilə sıfırdan və konkret bir təlimatla bərpa etməyə hazırıq. Amerika administrasiyasından qərar gözləyirik”, – Kobaxidze bildirib.
Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildə ölkənin xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra xeyli pisləşdi. Kobaxidzenin ötən ilin 28 noyabrında AB-yə üzvlük danışıqlarının açılması prosesinin dondurulduğunu açıqlamasından sonra ABŞ Dövlət Departamenti respublika ilə strateji tərəfdaşlığı dayandırdı. Donald Trampın prezident seçilməsindən əvvəl belə, Gürcüstan hakimiyyəti dəfələrlə ABŞ-da hakimiyyət dəyişikliyinə və Vaşinqtonla münasibətlərin yenidən qurulmasına ümid etdiklərini bildirib.
E.ŞİRİNOV







