“İlham Əliyev ata yurdumu işğaldan azad etmiş prezidentdir və…”- JALƏ CAVADOVA

Oxunma sayı: 4847

Jalə Cavadova: “Bütün bu əvəzolunmaz duyğulara görə cənab Prezident İlham Əliyevə minnətdaram”

…Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim, mərhum komandir Rövşən Cavadovun qızı Jalə Cavadova “Təzadlar”a sensasion müsahibə vermişdir. Müsahibədə inanılmaz qaranlıqlara işıq salınır və J.Cavadovanın nə qədər cəsarətli olduğu və intellektual dünyagörüşə malikliyi ortaya qoyulur. “…Mən 32 ildən sonra Laçında olanda, atamın döyüşdüyü torpaqları azad görəndə elə bildim yenidən doğulmuşam. Bu inanılmaz, ağlagəlməz bir hiss idi, sözlə ifadə etmək mümkünsüzdür. O dağlara baxanda düşünürdüm ki, cənab Prezident İlham Əliyev təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yeni bir tarix yazmadı, həm də bəzi hallarda əlimizi belə üzdüyümüz – itirdiyimiz yurdlarımızın işğalı ilə heç vaxt barışmayacağımıza köklənmiş, amma getdikcə itirilməkdə olan ümidlərimizi də bizə qaytardı…”,- deyən Jalə Cavadova arzularını da dilə gətirdi: “…Arzu edirəm ki, Qarabağda döyüş yolu keçmiş sabiq “OMON”çulara bəraət verilsin, o döyüşlərdə sonadək olmuş atamın adı azad edilmiş Laçında nişanələnsin… Atamın ən böyük arzu və məqsədi də Azərbaycanın bir qarış torpaqlarının belə işğalda qalmaması idi… Atam müsahibələrində də həmişə deyirdi ki, Azərbaycanı mövcud bəlalardan yalnız Heydər Əliyev xilas edə bilər… Amma…”.

Beləliklə, həmin müsahibəni təqdim edirik:

-Jalə xanım, xoş gördük…

-Təşəkkür edirəm…

-Belə başa düşürəm ki, mətbuata müsahibəniz ilk dəfədir.

-Bəli, uzun illərdir mətbuatdan kənar olmağa çalışmışam. Yəni, iş fəaliyyətim, ailə və s. qayğılarımız imkan verməyib ki, mediaya açıq olum. Amma müraciət edən jurnalistlər də çox olub. Hər birinə minnətdaram, amma onlara da izah etmişəm ki, müsahibələrə hələki hazır deyiləm, buna zaman lazımdır. Yadımdadır, siz neçə il əvvəl dediniz ki, ürəyiniz istəyəndə və psixoloji-mənəvi hazır olanda bildirin, ictimaiyyət üçün söhbət edək. Mən o vaxt sizə demişdim, nə qədər ki, torpaqlarımız işğal altındadır, ata yurdum, babamın yenidən gəzib-görmək istədiyi o torpaqların nisgilini özü ilə aparması səbəbindən hələki danışmağa, müsahibə verməyə hazır deyiləm. Jurnalistləri də başa düşürəm və suallarının əsas ağırlıq mərkəzində nələrin olacağını da bilirdim, amma o vaxt nə danışaydım…

-Onda icazənizlə, indiyədək demədiyinizi, amma demək istədiyinizi dilə gətirək: necəsiz, ailədə qayğılar necədir? Yəqin ki, nəvələr başınızı qatır…

-(Gülür). Bəli, nəvələr başımı qatır, elə onların sayəsində gələcəyimə ümidlənirəm.

-Sirr deyilsə, neçə nəvəniz var?

-Beş nəvəm var… Qudalarımın ikisi də çox dəyərli insanlardır, hörmət-izzət sahibidirlər…

-Ananız Zemfira xanım necədir? İmkan olduqca əlaqə saxlayıb əhvalını soruşuram…

-Yaxşıdır, o da başını nəticələri ilə qatır…

-Sosial media hesabınızdan gördüm ki, Laçına getmisiniz…

-Bəli… Atamın da, nənəmin və babamın da həmişə ən böyük arzusu bu idi ki, Laçını bir də görsünlər, azad, görsünlər, işğaldan azad edilmiş görsünlər… Babam Bəxtiyar Cavadov son nəfəsində də, yadımdadır, xəstə olanda siz də gəlmişdiniz, sizin bir yazınız da var idi. O, son nəfəsində də Qarabağı, Laçını, Şuşanı dilə gətirmişdi… Ən böyük arzusu da o yerləri bir də görmək idi…

-Bəli, Allah rəhmət eləsin, Bəxtiyar müəllim xəstə idi, nənəniz Tamara xanım məni çarpayısına yaxınlaşdırdı, dedi, Bəxtiyar, gör kim gəlib eyy, gözünü aç, Asif gəlib… Bəxtiyar müəllim astaca gözünü açdı, baxışları ilə salam verdi. Ovqatını dəyişmək üçün zarafatla dedim ki, Bəxtiyar müəllim, bu nə vaxtın yatmağıdı, günortadır, gəzmək lazımdır… Yavaşca pıçıldadı ki, gəzməli yer orda qalıb… Dedim, ürəyiniz nə istəyir indi? Əlini yavaşca nəmli gözlərinə tərəf aparıb sakitcə “Laçının Turşsuyundan bir stəkan su… Gücün çatar???”. Gülümsədi, dodağı qaçdı…

-(Kövrəlir)Bəli, mən 32 ildən sonra atamın, babamın və nənəmin arzusunu yerinə yetirmək üçün Laçına getdim. Atamın döyüşdüyü torpaqları azad görəndə elə bildim yenidən doğulmuşam, atam sağdır. Bütün bu əvəzolunmaz duyğulara görə cənab Prezident İlham Əliyevə minnətdaram. İnanınırsız, dağlara, ətrafa baxanda gözlərimə inanmırdım. Elə bilirdim yuxu görürəm. Bu inanılmaz, ağlagəlməz bir hiss idi, sözlə ifadə etmək mümkünsüzdür…

-Bu məqamda nələri düşünüb nəticə çıxarırdınız, ürəyinizdən nələri keçirirdiniz?

-Bilirsiz, o torpaqlarda nə qədər igid oğul və qızlarımızın ruhu dolaşır, onların döyüş, mübarizə yolu oralardan keçib. Bütün şəhidlərimizin ruhuna salavat çevirib dualar oxudum. Birdən qəribə bir hiss məni çulğaladı, özümdən asılı olmayaraq ağladım… Nənəm həmişə o yerləri yadına salanda ağlayırdı. Laçında bir təpəciyin üstündə oturub həm də onun əvəzinə ağladım. Dağlara baxanda düşünürdüm ki, cənab Prezident İlham Əliyevin səyi və ordumuzun, igid əsgərlərimizin sayəsində  təkcə torpaqlarımız işğaldan azad edilməyib, bu Azərbaycan tarixində yeni bir şərəfli səhifədir! Cənab Prezident həm də bəzi hallarda əlimizi belə üzdüyümüz, açıq deyim, o torpaqların bir də özümüzə qaytarılacağına olan öləzimiş  ümidlərimizi dirçəltdi, yenidən bizə qaytardı. Açıq deyək də, kim inanardı ki, Şuşa bir də bizim olacaq? Xarici ölkələrin bizə təzyiqlərini göz önünə gətirəndə, ATƏT-in Minsk Qrupu adlı siyasi alverçilərin otuz illik başqatmasını, ermənipərəstliyini düşünəndə ümidlərimiz öləziyirdi. Amma şükür ki, bunların əksi oldu, o torpaqlar işğaldan azad olundu… Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında həmişə səcdəliyik…

-Hətta kim inanardı ki, biz ermənisiz Qarabağda yaşaya bilərik? Yaxud, o separatçıların hamısı indi məhkəmə qarşısında büzüşüb dayanacaq…

(Davamı var)

Asif MƏRZİLİ

Xəbəri paylaş