Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Tezadlar.az bildirir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir. İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə məlumat təqdim edib. Sonra müsabiqəni uğurla başa vurmuş 38 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb. Eyni zamanda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər. Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarının başlanılması məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
***
Təbii ki, son bir ildə hakimlərin Azərbaycan dövləti adından qəbul etdiyi qərarlardan ictimai şikayətlərin azaldığı hiss olunur. Bu o deməkdir ki, hakimlər ədalətə daha çox yaxın olmağa çalışırlar. Bu isə sahədə islahatların dönməzliyinə işarədir.
Ən maraqlısı, bəzən bir mülki və ya inzibati iş üzrə qəbul edilmi. qərar ona yaxın məhkəmə instansiyasını keçməli olur. Sonda Ali Məhkəmə yeni qərar qəbul edib illərlə davam edən aşağı məhkəmə qərarlarının üstündən qara xətt çəkir. Amma indiyədək qərarlar qəbul etmiş hakimlərin heç biri cəzalandırılmır. Vətəndaş, yaxud hüquqi şəxs isə illərini məhkəmədə itirmiş olur. Bax bunların qarşısı alınmalıdır. Məgər Ali Məhkəmənin hakimi ilə birinci instansiya hakiminin hüquq və vəzifələrində istisnalar var ki?! Hamısı “Məhkəmələr və hakimlər haqqında” Qanunun subyekti deyillərmi?
A.Məmmədli