Bakıda yüzə yaxın qəzalı vəziyyətdə olan bina yaxın vaxtlarda mərhələli şəkildə söküləcək.
Bu barədə Trend-ə əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, binaların sökülməsi əmlak bazarına müsbət təsir göstərəcək: "Bundan başqa, qəzalı binaların sökülərək yerində yeni binaların tikilməsi şəhərin görünüşünə də müsbət təsir edəcək. Hər yeni bina tikiləndə ölkəmizdə fəaliyyət göstərən tikinti materialları istehsal edən zavodların, fabriklərin gəlirləri artır, yeni iş yerlərinin açılmasına səbəb olur. Həmin binalar tikilib qutardıqdan sonra da onların təmirində istifadə olunan materiallar, mebellər, aksesuarlar yenə yerli bazarlardan alınır. Bu da iqtisadi baxımdan müsbət amildir".
E.Fərzəliyev qeyd edib ki, qəzalı və köhnə binalar söküldükcə həmin binalara maraq artır.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlidir.
Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.