İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib.
Tezadlar.az xəbər verir ki, İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi əvvəlcə Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması ilə bağlı kədərləndiklərini bildirib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün strateji imkanlar, vergi sahəsində əlaqələrin təşviqi və beynəlxalq münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məsələlərinə toxunublar. İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tətbiq etdiyi həllər, vergi uyğunluğu, məlumat mübadiləsi, gəlir vergisinə yanaşma, rəqəmsal vergi mexanizmləri kimi təcrübələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın vergi xidməti tərəfindən tətbiq olunan yeniliklər və İnternet Vergi İdarəsinin imkanları diqqətə çatdırılıb. Qeyd edilib ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində xüsusi platforma yaradılıb və elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçota alınmasına başlanıb.
Görüşdə tərəfdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün iqtisadi faydaları vurğulanıb. Tərəflər vergi sistemində tətbiq edilən yeniliklərin biznes təcrübələrinin transformasiyasına və investisiya mühitinə töhfələri barədə fikirlərini bölüşüblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.
R.XUDATQIZI