AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib. Nəşr yazır: "Ekspertlər tamamilə əminliklə deyirlər ki, Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyi də təsdiq edib. Hətta artıq Rusiya rəsmiləri həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib. Qalır onların kimliyini bəyan etmək və cinayət məsuliyyətinə cəlb etmək...".
Zəruri qeyd: AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Faciədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
Beləliklə, "qara qutu" bu dəfə susmadı. Çünki Rusiyada deyil, Braziliyada "dindirildi".
A.Məmmədli