Hörmətli  alim, düşüncə insanı, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Univerisitetinin müəllimi Boran Əzizin “Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən represiya edilmişlər” (Acı həqiqətlər, ağrılı faktlar”) adlı kitabını oxuyub qurtararkən aldığım təəssüratımı,  keçirdiyim hiss və duyğularımı qələmə almaq qərarına gəldim.

Kitab əsasən Stalinin ömrününün sonunadək davam edən, ancaq 1937-1938-ci illərdə daha da intensivləşən represiyadan bəhs edir. Eyni zamanda bu kitabla ölkəmizin, o cümlədən Qarabağın XIX, XX, XXI yüzilliklərini əhatə edən keşməkeşli tarixinə işıq tutulub. Qeyd edilən dövrdə Mərzili əhalisinin həyat tərzi, məşğuliyyəti, sosial vəziyyəti, tərkibi, elmə-savada, ictimai-siyasi həyata münasibəti, bilavasitə iştirakçısı olduğu hadisələr, bu kənd əhalisinin bir-birinə, torpağına-vətəninə, millətinə, dininə bağlılığı maraqlı tarixi fakt olan və əsl reallıqları ehtiva edən arxiv sənədləri əsasında qələmə alınmışdır. Kitabın əvvəlindən sonunadək  müəllifin faktlara yanaşmasında hiss olunan səmimiyyəti oxucuda xoş duyğular yaradır.

Bəhs etdiyim kitabın “Ön söz” müəllifi tarix elmləri doktoru, Dövlət Mükafatı laureatı Nigar Rövşən qızı Gözəlovadır. Açıq-aydın görünür ki, Nigar xanım bu yazısı üçün bir çox ölkələrin nüfuzlu arxiv və kitabxanalarında qorunan sənədlərdən istifadə etmişdir...

Boran Əziz kitabın giriş hissəsində yazır: “...qırmızı terrorun qurbanları haqqında geniş məlumatlar ilk dəfə arxiv materialları əsasında araşdırılaraq elmi dövriyyəyə daxil edilmişdir. Oxucuların, geniş ictimaiyyətin, elmi dairələrin diqqətinə çatdırılan məlumatlar yalnız istintaq materialları əsasında hazırlanmışdır”. Bu isə o deməkdir ki, kitabda əksini tapan gerçəkliklər hər bir oxucu üçün yeni faktlardır. Mənə elə gəlir ki, Boran müəllimin bu kitabının maraqla qarşılanmasının ən mühüm səbəblərindən biri budursa, digər mühüm səbəbi bu acı faktların oxucuya peşəkarlıqla çatdırılmasıdır.

Tarix göstərir ki, ümumbəşəri dəyərləri qəbul edərək özünə hörmət edən heç bir dövlət tarixin faciəvi səhifələrindən olan represiya, işgəncə faktına biganə qalmır, onu gizlətmir. Əksinə, ondan nəticə çıxarmaq üçün xalqa bəyan edilir, gələcək nəslə çatdırılır. Elə buna görədir ki, Azərbaycan dövləti də problemi araşdırmaq üçün tədqiqatçı alimlərimizə hər cür şərait və imkan yaradır.

Beləliklə, 90 ilə yaxın bir müddətdə (1937-2024) tam məxfilik və digər səbəblərdən arxiv adlı “həbsxana”da saxlanılan, günəş işığına həsrət qalan “məşum sənədlər” müəllifin əzmkarlığı, illərlə çəkdiyi zəhmət hesabına 493 səhifəlik kitab halında xalqa, eləcə də represiyaya-işgəncəli istintaqlara məruz qalmış insanların varislərinə çatdırılmışdır.

 boran-eziz

Bir daha qeyd etməyi vacib hesab edirəm ki, illərlə üzərində işlənilmiş bu tədqiqat kitabı böyük fiziki və mənəvi zəhmətin məhsuludur. Kitabda əksini tapan acı reallığın biri də ondan ibarətdir ki, Mərzili kəndindən istintaqı aparılan 40 nəfər insanın, haqlarında ölüm hökmü çıxarılan 23 nəfərin müstəntiq və hakimlərinin əksəriyyəti milliyyətcə erməni və rus olmuşdur. İstintaq sənədlərindəki sualların, cavabların, toplanan sənədlərin hamısındakı oxşarlıq istintaqın qeyri-obyektivliyini göstərir. Nəticə etibarı ilə, tərtib edilmiş sual və cavabların, arayışların mətni-məzmunu Mirzə Cəlilin acı gülüş doğuran hekayələrini xatırladır.

İstintaqa cəlb olunanların hər biri üçün kənd sovetindən alınan arayışlarda şəxsə məxsus əkin yeri, tövlə, kotan, mala, at, öküz, qoyun, keçi, müxtəlif vergilər əksini tapıbdır ki, müəllif də onları cədvəl formasında sistemləşdirərək kitaba daxil edib. Həmçinin, əsər boyu müstəntiqlə məhkum arasında davam edən sual-cavab proseslərini hörmətli alimimiz Boran Əzizin təhlil-təfsiri, hüquqi-məntiqi yanaşması, izahlı qiymətləndirməsi kitabın əvvəlindən sonunadək davam edir. Bu yanaşma adi müstəntiqdən “Ellər Atası”na qədər uzanan möcüzəli və sirli zəncirin mahiyyətini açaraq ifşa edir.

Kitabda əksini tapmış başqa bir məsələ barəsində: 1921-ci ildə Sovet işğal rejimi həm kənd təsərrüfatı ilə bağlı, həm də əhali arasında siyahıyaalma aparır. Bu barədə müəllif yazır: “Bu əhali sayının əvvəlkilərdən fərqi burasındadır ki, burada təsərrüfatın sayı, hər yaş qrupuna görə kişi və qadınların sayı, savadlı adamların sayı, sayım dövründə kənddə olmayanların sayı, işğalçı qırmızı ordunun tərkibində olanlar, atlar, onların yaşı, iribuynuzlu mal-qaranın, camışın, dəvənin sayı və onların yaşı, ... haqqında məlumatlar toplanmışdır”. Məllif haqlı olaraq fikrinin davamında yazır ki, belə geniş və əhatəli məlumat Sovet işğal rejiminin xalqı istəməyi ilə bağlı olmayıb, onların gələcəkdə vətənimizdə iqtisadi və mədəni sahədə həyata keçirəcəyi siyasətlə bağlı olmuşdur.

Bu kitaba görə bir daha Boran müəllimə təşəkkür edir, elmi araşdırmalarında uğurlar arzulayıram. Və demək istəyirəm ki, sizin əzmkarlığınız mənə xatırlatdı: 1. Dünya şöhrətli rəssam Sakit Məmmədov bir müsahibəsində çəkdiyi əziyyət və zəhməti xatırlayandan sonra deyir ki, “Mən alın yazımı alın tərimlə yuyub yenidən yazmışam”. Deməli, elə şəxsiyyətlər var ki, Allah-Tala onlara “korrektə” etməyə icazə verir. 2. Zəhmətsevərliyinə görə Qulam Məmmədlini, mütəfəkkirimiz Əhməd Ağaoğlunu, Həsən bəy Zərdabini xatırladım.

Boran Əziz düşüncə adamıdır və onun düşüncəsinin mayası doğulduğu kəndinə, el-obasına, insanlığa, bütövlükdə cəmiyyətə və elmə münasibətdə olan təşnəliyindədir.

Uğur olsun, el-obasının, xalqının sevimlisi olan tarixçi-alim Boran Əziz!

Nazim Nəsibov,

“Tərəqqi” medallı, “İlin müəllimi”, təqaüdçü müəllim

nazim-nesibov

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN