Prezident İlham Əliyev: ”Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib”.
...2023-cü il yanvarın 27-də Tehrandakı səfirliyimizə olan terror hücumunun 2 ili tamam olur. Hadisə özlüyündə çox faciəvidiR. İranın molla rejiminin Azərbaycan dövlətinə qarşı kini-küdurəti məhz bu terror hücumu nəticəsində tam çılpaqlığı ilə üzə çıxdı. Hadisənin təfərrüatına getməzdən əvvəl 2 il bundan öncə bu hücumla bağlı yazdığım “Vasif Tağıyevə Milli Qəhrəman adı verilməlidir” başlıqlı yazıdan bir cümləni olduğu kimi yenidən təqdim edirəm: “...Əlbəyaxa döyüşlə Şuşanı alan igidlərimizdən biri- Vasif Tağıyevi qətiyyən ayırmaq olmaz və Vasif də müstəqil dövlətin ərazisinə avtomat silahla hücum edən terrorçunun üstünə əliyalın gedərək, əlbəyaxa döyüşlə onu zərərsizləşdirib, bununla da onlarla səfirlik əməkdaşının həyatını xilas etmişdir”.
Bəli, doğrudan da Vasif Tağıyevə bu müddət ərzində layiq olduğu ad verilmədi. Axı, o həyatını riskə qoyaraq, əli avtomatın tətiyində olub səfirliyin əməkdaşlarını atəşə tutan terrorçu ilə üz-üzə duraraq qartal tək terrorçu Yasin Hüseynzadənin üstünə şığımışdır. Bu zaman qolundan və çiynindən güllə yarası alsa da, son ana qədər terrorçunu əldən buraxmamış və onu tam tərkisilah edəndən sonra bayıra atmışdır.
İndi təsəvvür edin, Vasif də ilk anda güllənin qabağından qaçıb, gizləndiyi yerdən çıxmazdı və heç kim də onu qınamazdı. Onda nə baş verərdi? Artıq səfirliyin əməkdaşı Orxan Əsgərov qətlə yetirilmiş, digəri isə yaralanmışdı. Terrorçu Yasinin məqsədi də səfirliyin yuxarı qatına qalxıb, orada olan səfirlik əməkdaşlarının özlərini, ailələrini və uşaqlarını bütünlüklə qətlə yetirmək idi. Bütün bunları düşünən səfirliyin Mühafizə Xidmətinin əməkdaşı Vasif Tağıyev ölümünü gözünün altına alaraq, atəş açan terrorçunun birbaşa üstünə getmiş və dediyimiz kimi, yaralansa da, Yasin Hüseynzadəni avtomat qarışıq qucaqlayaraq, ona məqsədini axıra qədər icra etməyə imkan verməmişdir. Vasif teerrorçunu avtomat qarışıq, polad kimi möhkəm qolları ilə qucaqladığından, silahın lüləsi yuxarı olduğu üçün və qatil barmağını tətikdən çəkmədiyindən otağın tavanı dayanmadan açılan güllələrdən deşik-deşik olmuşdu. Terrorçu bir anlıq Vasifin əlindən şıxa bilsəydi, onda faciənin miqyasını təsəvvür etmək olardımı? Deməli, Vasif Tağıyev öz həyatı bahasına səfirliyimizin təxminən 30-dan çox əməkdaşını real ölümün pəncəsindən qurtarmışdır. Bunun adı, əsl qəhrəmanlıqdır. Bu qəhrəmanlığına görə Vasif Tağıyevə “Rəşadət ordeni” verilmişdir.
Gəlin, bir anlıq 2024-cü il dekabrın 25-də Rusiya səmasında raketlə 2 dəfə vurulmuş və bunun da nəticəsində Qazaxıstanın Aktau hava limanı yaxınlığında, pilotlarımızın misilsiz qəhrəmanlığı nəticəsində qəza enişi edən təyayrəmizi yada salaq. Təyyarənin pilotları İqor Kşnyakinin və Aleksandr Kalyaninovun öz həyatlarını riskə ataraq və misilsiz qəhrəmanlıqları nəticəsində hava gəmisində olan 67 nəfərdən 29 nəfəri sağ qaldı. Haqlı olaraq da bu iki pilot və son ana qədər salonda qorxu, qarmaqarışıqlıq, ajiotaj yaranmasına öz təmkini, səbri ilə imkan verməyən bələdçi Hökümə Əliyeva Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər. Təyyarə qəzasında həlak olanların hər birinə Allah rəhmət eləsin!
Indi gəlin, Tehranda səfirliyimizə hücumla təyyarə qəzasını müqayisə edək. Təyyarəyə də başqa dövlətin insanı tərəfindən terror hücumu olmuş və bu hücum nəticəsində təyyarənin gövdəsi dəlik-dəlik olmuş, nəticədə pilotlar idarəetməni itirmişdir. Yalnız pilotların peşəkarlığı və əzmkarlığı sayəsində 67 nəfərin 29-u sağ qalmışdır. Məhz pilotların peşəkarlığı sayəsində Rusiyanın təyarəni dənizdə batırmaq planı iflasa uğramışdır. Elə bu qəhrəmanlıqlarına görə də hər iki pilota və Hökumə Əliyevaya Milli Qəhrəman adı ana südü kimi halaldır… 2023-cü ilin yanvarın 27-də isə Tehrandakı Azərbaycan səfirliyinə də başqa dövlətin insanı tərəfindən terror hücumu olmuşdur. Bu dəfə terrorçu raketlə yox, avtomatla silahlanmışdır. Iran hakimiyyətinin xeyir-duası ilə həyata keçirilən bu terror əməliyyatı da, məhz Vasif Tağıyevin əzmkarlığı və qəhrəmanlığı sayəsində uğursuzluğa düçar olmuşdur. Bu hücumu planlaşdıranların ağıllarına heç vaxt gəlməzdi ki, dayanmadan atəş açan terrorçunun üstünə əliyalın kimsə getməyə cəsarət edə bilər. Bəli, Vasif Tağiyev məhz atəş açan terrorçunun üstünə şir tək atılaraq, qatilə ağalarının niyyətini tam həyata keçirməsinə imkan verməmişdir.
İstəkli oxucular, bu, qəhrəmanlıq deyilsə, bəs nədir? Yoxsa, biz də I Qarabağ müharibəsində layiq olduğu Milli Qəhrəman adını alan Natiq Qasımovun doğmaları kimi 32 il gözləməliyik? Axı, bu ad gec-tez ona veriləcək. Hər halda həm ailəsi, həm anası Təranə xanım, doğmaları və bütün Azərbaycan xalqı Vasif Tağıyevə Milli Qəhrəman adının verilməsini vaxtında görsələr yaxşıdır. Mərhum Şairimiz Cabir Novruz demiş, sağlığında qiymət verin insanlara! Mən inanıram ki, yaxın zamanlarda bu məsələyə yenidən baxılacaq və xalqımızın qeyrətli, igid oğlu Vasif Tağıyev layiq olduğu Milli Qəhrəman adını alacaq.
***
…Düzdür, terrorçu Yasin Hüseyzadəyə çıxarılmış ölüm hökmü İranın Ali Məhkəməsi tərəfindən bu günlərdə təsdiq edilib. Amma belə bir bənd də əlavə ediblər: “Qarşı tərəf tələb edərsə, ölüm hökmü icra olunacaq”.
Maraqlıdır, İran hakimiyyəti hər il minlərlə insana, kişi, qadın, uşaq demədən ölüm hökmü çıxarır və dərhal da icra olunur. Amma onlara “qarşı tərəf tələb edərsə, ölüm hökmü icra olunacaq” kimi bəndlər əlavə etmirlər.
Burada qarşı tərəf həm Azərbaycan dövləti, həm də terror hücmu zamanı həlak olan Orxan Əsgərovun atası Rizvan Əsgərov ola bilər. Amma bildiyimiz kimi, elə hadisədən dərhal sonra O.Əsgərovun atası R.Əsgərovun qatil Yasin Hüseynzadəyə ölüm cəzasını tələb edən rəsmi müraciəti məhkəmə sənədlərinin arasındadır. Bu bənd düşünülmüş şəkildə ora salınıb ki, bəlkə qarşı tərəf ölüm tələbindən imtina edər. Çünki İran rejimi bu terrorçunu heç cürə öldürmək istəmir. Təsəvvür edin, ölüm hökmü bir ildən çoxdur çıxarılıb. Bununla belə, məhkəmə işi yenidən istintaqa göndərmişdir. Bəs nə oldu? Niyə İranın Ali Məhkəməsi ölüm hökmünün icra olunması haqqında qərarı təxminən bir ildən sonra tələm-tələsik imzaladı? Bunun başlıca səbəbi Azərbaycan Prezidenti Ilham Əliyevin yerli telekanallara verdiyi müsahibəsidir. Məhz bu müsahibədə 44 günlük qələbəmizin memarı cənab Prezident İlham Əliyev İrandakı səfirliyimizə olan terror hücumu barədə danışmış və qatilin hələ də cəzalandırılmamasına diqqət çəkmişdir. Prezident müsahibəsində İranla gələcək münasibətlər barədə verilən suala cavabında, səfirliyimizə olunan terror hücumu barədə də danışaraq demişdir: “...Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu. Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adevkat addımlar atdı. Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o, adam edam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib”.
Göründüyü kimi, prezident iki il əvvəl səfirliyimizə olan terror hücumu ilə bağlı qətiyyətli mövqe ortaya qoyub və bununla da İran hakimiyyətini elan olunan edam hökmünün yerinə yetirilməməsinə görə, açıq-aşkar ittiham edib. Yalnız bu müsahibədən sonra İranda rejim əl-ayağa düşüb və Iranın Ali Məhkəməsi terrorçu Yasin Hüseynzadənin edam olunması haqqında qərarı təcili surətdə imzalayır.
Maraqlıdır ki, hər il minə qədər insanı kişi, qadın, uşaq, qoca olmasına baxmayaraq, “uf” demədən dar ağacından asırlar, amma bu Yasin məsələsində iki ildir gözləyirlər. Onsuz da bu qatil Yasin Hüseynzadə bir az gec, bir az tez edam olunacaq.
Elçin Məmmədli