booked.netbooked.net booked.net  

Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın dövlət və ictimai xadimi, Əməkdar hüquqşünas, professor Məmməd Süleyman oğlu Xələfovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək...

Konfransın Təşkilat Komitəsindən "Təzadlar"a bildirilib ki, tədbiri giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açaraq Məmməd Xələfovun elmi-pedoqoji fəaliyyətindən bəhs edəcək.

Sonra "Professor Məmməd Xələfovun həyat və yaradıcılığı haqqında" məruzə ilə BDU-nun Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov, "Azərbaycan Respublikasında mülki hüquq elminin inkişafında professor Məmməd Xələfovun rolu" mövzusunda isə BDU-nun Mülki hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva çıxış edəcəklər.

Daha sonra professor M.Xələfovun tələbələri onunla bağlı xatirələrini söyləyəcəklər.

***

 Xatırladırıq ki, Hüquq fakültəsi hazırda BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biridir. BDU-nun rəsmi saytında da qeyd edilir ki, Hüquq fakültəsinin tarixi böyük və zəngindir, belə ki, o, az qala BDU-nun özü ilə yaşıddır. Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur. Bununla belə, yalnız iki fakültə – dörd kursdan ibarət tibb fakültəsi və bir (birinci) kursdan ibarət tarix-filologiya fakültəsi üçün müvəqqəti ştat və smeta müəyyən edilmişdir. Həmin dövrdə Hüquq fakültəsini (eləcə də fizika-riyaziyyat fakültəsini) sırf maddi-texniki səbəblər və hüquqşünas kadrların çatışmazlığı səbəbindən yaratmaq mümkün olmamışdır. 

 1960-cı illərdə fakültə xeyli böyümüş, onun professor-müəllim heyətinin və tələbə kontingentinin sıraları, fakültə əməkdaşlarının elmi-tədqiqat işlərinin profili və əhəmiyyəti nəzərə çarpacaq dərəcədə genişlənmişdir. Bu zaman Hüquq fakültəsinin dekanları sırasında təşkilatçılıq qabiliyyəti ilə fərqlənən və fakültəyə 18 il rəhbərlik etmiş tanınmış hüquqşünas-alim prof. Məmməd Süleyman oğlu Xələfovun əməyini xüsusi qeyd etmək lazımdır.

(1922-1992) 1954-cü ildə namizədlik, 1974-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildən ömrünün sonunadək Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Hüquq komissiyasının sədri olmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150-dən çox elmi əsərin müəllifi olmuşdur. Rəhbərliyi altında 10-dan çox elmlər namizədi hazırlanmışdır. Hüquqşünas kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla, habelə fəxri fərmanlarla təltif olunmuş, “Azərbaycan SSR-nin Əməkdar hüquqşünası” adına layiq görülmüşdür. Onun Hüquq fakültəsinə rəhbərliyi dövrdə (1962-1980)  həm tədris, həm də elmi-tədqiqat işlərində keyfiyyət amili qabarıq şəkildə önə çıxdı, eləcə də, elmi-pedaqoji istiqamətli işlər sürətləndi. Təkcə bir neçə il ərzində Hüquq fakültəsi müəllimlərinin üç nəfəri doktorluq, 7 nəfəri isə namizədlik dissertasiyası müdafiə etdi. O dövrdə fakültə əməkdaşlarının hazırlayıb müdafiə etdikləri doktorluq və namizədlik dissertasiyalarının hamısının mövzusu çox aktual idi. Dos. A.A.Milman 1965-ci ildə “XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın siyasi quruluşu”, dos. C.H.Mövsümov 1966-cı ildə “1917-1937-ci illərdə Azərbaycan SSR-də məhkəmə və cinayət prosesi”, dos. M.N.Ələsgərov 1968-ci ildə “SSRİ-nin Asiya və Afrikanın gənc müstəqil dövlətləri ilə beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişlər.

***

Sonda xatırladaq ki, BDU-nun Hüquq fakültəsində 100 hüquq  üzrə fəlsəfə doktoru və 22 hüquq  üzrə elmlər doktoru proqramlarında doktorant və dissertantlar hüquq elminin 12 ixtisası üzrə (5602.01 – “Ümumi nəzəriyyə və üsullar”; 5603.01 – “Beynəlxalq hüquq, insan hüquqları”; 5606.01 – “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi”;  5607.01 – “Konstitusiya hüququ, bələdiyyə  hüququ”;  5608.01 – “Mülki hüquq, sahibkarlıq; ailə hüququ; beynəlxalq xüsusi hüquq”; 5609.01 – “Əmək hüququ, sosial təminat hüququ”; 5610.01 – “Təbii ehtiyatlar hüququ, aqrar hüquq, ekologiya hüququ”; 5611.01 – “Cinayət hüququ  və kriminologiya; cəza-icra hüququ”; 5612.01 – “Cinayət prosesi və kriminalistika”; 5613.01 – “Məhkəmə hakimiyyəti, prokurorluq və vəkillik fəaliyyəti, hüquq mühafizə  fəaliyyətinin təşkili”; 5614.01 – “İnzibati hüquq,  maliyyə hüququ,  informasiya hüququ”; 5615.01 – “Mülki proses”) elmi-tədqiqat işləri aparırlar. Fakültə Prezident təqaüdçülərinin sayına görə BDU-da birinci yerdədir. Belə ki, fakültədə əlaçı və istedadlı tələbələr üçün “Heydər Əliyev adına təqaüd”,  “Murtuz Ələsgərov adına təqaüd”, “Məmməd Xələfov adına təqaüd” və s.  təsis edilmişdir.

*** 

Professor Məmməd Xələfovun əziz xatirəsi Azərbaycanın elm ictimaiyyəti tərəfindən heç vaxt unudulmur.

 Qeyd edək ki, Elmi Konfransda "Təzadlar"ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili də iştirak edəcək.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN