booked.net booked.net  

“Siyasi sistemin təkmilləşdirilməsi, sağlam dialoq mühitinin siyasi dəyər kimi təşviq edilməsi bütün dövrlər üçün aktuallığını qoruyur.  Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə təşəbbüsləri və atdığı addımlar  ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Hər bir demokratik cəmiyyətdə müxalifətin olması vacib amildir. Təbii ki, burada söhbət sağlam düşüncəli, hadisələrə real yanaşan, konstruktiv müxalifətdən gedir.

Əfsuslar olsun ki, müxalifətçiliyi  bu gün də   dövlətə, dövlətçiliyə  qarşı dayanmaq kimi dəyərləndirən siyasi ünsürlər də mövcuddur. Belələri şəxsi ambisiyaları naminə xarici anti-Azərbaycan dairələrin əlində oyuncaq rolunu oynamaqda davam edirlər. Konstruktiv müxalifətə gəldikdə isə, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görür, onları dilə gətirir, onları diqqətə çatdırır və bu, çox müsbət haldır. Ölkə Prezidenti bu fikirlərinin ardınca belə bir çağırışı da səsləndirir ki,   bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır. Bu da  müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev  bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Göründüyü kimi, siyasi dialoq mühitinin formalaşdırılması, partiyalar arasında qarşılıqlı anlaşma mühitinin yaradılması  hər zaman günümüzün əsas məsələlərindən olub”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti 2021-ci ildə  Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında dövlət başçısı İlham Əliyevin  səsləndirdiyi bu çağırışlara da yönəldib: ““Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”. Sözügedən qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı sağlam dialoq mühitinin, həmçinin siyasi partiyaların problemlərə vahid mövqedən yanaşmaq, Azərbaycanın  daha uğurlu gələcəyi naminə birgə addımlamaq istəyini ortaya qoydu. Bu məqamı xüsusi qeyd etməliyik ki, 50-dən artıq siyasi partiya bu istəyini hələ 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəklərini birgə bəyanatın imzalanması ilə ifadə etmişdilər”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, son iki il Azərbaycanda dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi kimi dəyərləndirilir: ““Siyasi dialoq” məfhumunun aktuallaşdırılması, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi,   siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi,  qərəzli mövqelərdən çıxış edən tərəflərin  səhvləri etiraf etmələri və siyasi fəaliyyətlərini yeni təmiz səhifədən başlamaq istəkləri,  ümumilikdə  siyasi sistemin sağlamlaşdırılması dövrü kimi  təhlil edilən bu mərhələdə görülən işlər, atılan addımlar qənaətbəxşdir. Son iki il, eyni zamanda,   siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək mərhələsi kimi də xarakterizə edilə  bilər. Şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutaraq xarici dairələrin diktəsi əsasında oturub-duran siyasi ünsürlərdən ölkəmizin xeyrinə hansısa addımı gözləmək sadəlövhlük olardı. Onların məqsədi ölkəmizin nailiyyətlərinə, hakimiyyətin uğurlu siyasətinə kölgə salmaq, Azərbaycanın imicinə zərbə vurmaqdır.  Tarixi Zəfərimizin  bu ünsürlər tərəfindən necə qısqanclıqla qarşılandığı bu gün də səsləndirdikləri fikirlərdən, iqtidarın dialoqla bağlı açıq mesajlarını özlərinə sərf edən şəkildə  təhlil etmələrindən aydın görünür. Şanlı Qələbəmizdən sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri  Ədalət Vəliyevin siyasi partiyalarla silsilə xarakter daşıyan görüşlərinə hansı partiyaların qatılmadıqları da diqqətdən kənarda qalmır.   Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçıran qüvvələr bu kimi destruktiv addımları ilə  öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar”.

V.Rəhimzadə diqqəti açıq və demokratik rəqabətə çağırış kimi dəyərləndirilən “Siyasi partiyalar haqqında” yeni Qanunun perspektivlərinə, siyasi dialoq mühitinin möhkəmləndirilməsində onun roluna yönəldərək bildirib ki, bu sənəd  siyasi proseslərdə iştirak edən tərəflərin güclərinin balansına xidmət edir: “Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduqlarını sübut edirlər. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri hakimiyyətin siyasətdə bilavasitə demokratiya prinsiplərinə sadiqliyinin təzahürüdür. Şübhəsiz, atılan hər bir addım siyasi partiyalar arasında sağlam rəqabət mühitinin güclənməsinə xidmət edir”.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA