Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 halda yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər, o cümlədən qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.