Şöhrət qazanmış müdriklər haqqında

               Siz ey şöhrət qazanmış müdriklər, sizin hamınız həqiqətə yox, xalqa və xalq xurafatına xidmət etdiniz! Məhz buna görə sizə hörmət  edirdilər.

         Və buna görə də yalnız sizin inamsızlığınıza dözdülər ki, bu da xalqa hazırcavab və dolanbac bir yol idi. Beləliklə, Rəbb qullarına bu cür ixtiyar verir və üstəlik də onların öz iradələrini ələ salır.

         Ancaq canavarın itlərə nifrət etdiyi kimi, insanlara nifrət edən kimdir axı? Ola bilsin azad bir ağıl, zəncirlərin düşməni, dua etməyən və meşələrdə yaşayan.

         Onu sığınacağından qovmaq-bu həmişə xalq arasında “ədalət hissi” adlanırdı. O, öz itlərini hələ də onun üzərinə qısqırdır.

         “Həqiqət var: çünki xalq var! Vay, axtaranın halına!” - lap qədimdən belə olub.

         Siz öz xalqınızın ibadətlərinə haqq qazandırmaq istəyirdiniz. Siz bunu “həqiqət əzmi” adlandırdınız, ey şöhrət qazanmış müdriklər!

         Sizin ürəyiniz həmişə özünə belə deyirdi: “Mən xalqın içindən çıxmışam və oradan Allahın səsi mənə nazil olub”.

         Siz eşşək kimi inadkar və ağıllı məxluq olaraq həmişə xalqa vasitəçi olmusunuz.

         Xalqla barışmaq istəyən bir çox hökmdarlar isə atlarından- eşşəklərindn əvvəl şöhrət qazanmış müdrikləri qoşurdular.

         İndi isə, ey müdriklər, nəhayət, mən sizdən aslanın dərisini üstünüzdən çıxarıb atmağınızı istəyirəm!

         Yırtıcı bir heyvanın alabəzək dərisini və araşdıranın, axtaranın və fəth edənin saçını!

         Ah, sizin “düzgünlüyünüzə” inanmağı öyrənməyim üçün siz əvvəlcə ibadət etmək istəyindən əl çəkməlisiniz.

         Mən Allahların olmadığı səhraya gedib ibadət etməyə hazır olanı düzgün adlandırıram.

         O, günəşin qızdırdığı sarı qumda, bütün canlıların ağacların kölgəsində dincəldiyi bulaqlarla zəngin adalara xəsisliklə baxır.

         Ancaq onun bu hərisliyi onu bu razı olanlara oxşamağa məcbur edə bilməz. Çünki oazislərin olduğu yerdə bütlər də var.

          Ac, güclü, tənha və allahsız olmaq - aslanın iradəsi belə istəyir.

         Qulların xoşbəxtliyindən azad olmaq, tanrılardan və onların ibadətindən xilas olmaq, qorxmaz və qorxu yaradan, böyük və tənha olmaq – düzgünlərin iradəsi belədir.

         Səhrada çölün Rəbbi kimi düzgün, sərbəst zəkalı insanlar, şəhərlərdə isə yaxşı bəslənmiş, şöhrət qazanmış müdriklər-yük heyvanları yaşayırdı.

         Çünki onlar həmişə eşşək kimi xalqın arabasını çəkirlər!

 Buna görə onlara qəzəblənmirəm. Amma qoşquları qızılla parıldasa belə, onlar mənim və qoşqulu insanların xidmətçisi olaraq qalırlar.

         Və onlar çox vaxt mükafata layiq yaxşı qulluqçular idilər. Çünki fəzilət belə deyir: “Əgər qul olmalısansa, xidmətin kimə daha faydalıdırsa, onu axtar!”

         “Ağanızın ruhu və fəziləti onun xidmətçisi olduğunuz üçün böyüməlidir. Ona görə də siz də onun ruhu və fəziləti ilə birlikdə böyüyəcəksiniz!”

         Həqiqətən, siz ey izzətli müdriklər, siz, xalqın xidmətçilərisiniz! Siz xalqın ruhu və fəziləti ilə , xalq isə sizin vasitənizlə böyüdü! Bunu sizin şərəfinizə deyirəm!

         Amma siz mənim üçün, hətta öz fəzilətlərinizdə də, ruhun nə olduğunu bilməyən uzaqgörən bir xalq olaraq qalırsınız!

         Ruh özü həyata müdaxilə edən bir həyatdır. O öz iztirabları ilə  biliklərini artırır. Bunu bilirdinizmi? 

         Ruhun xoşbəxtliyi isə qırğın üçün göz yaşları ilə məsh olunmaq və müqəddəs olmaqdır - bunu artıq bilirdinizmi?

         Korun həm korluğu, həm də əlini ovuşdurması onun baxdığı günəşin qüdrətinə şəhadət verir - siz artıq bunu bilirdinizmi?

         Dərkedən qurmağı dağların köməyi ilə öyrənməlidir! Ruh təkcə dağları hərəkətə gətirmir - siz artıq bunu bilirdinizmi?

         Siz ancaq ruhun qığılcımlarını bilirsiniz, amma onun nə olduğunu, nə də onu əmələ gətirən çəkicin sərtliyini görmürsünüz!

         Həqiqətən, siz ruhun məğrurluğunu bilmirsiniz! Amma o nə vaxtsa danışmaq istəsəydi, ruhun təvazökarlığına daha az dözərdiniz!

         Və siz heç vaxt ruhunuzu qarla örtülmüş bir çuxura ata bilməzsiniz. Çünki bunun üçün kifayət qədər isti deyilsiniz! Ona görə də onun soyuqluğunun ləzzətlərini bilmirsiniz.

         Ancaq hər şeydə, mənim fikrimcə, ruhla çox asanlıqla davranırsınız və müdriklikdən tez-tez pis şairlər üçün bir sığınacaq və xəstəxana düzəldirdiniz.

         Siz qartal deyilsiniz. Ona görə də ruhun qorxusunda xoşbəxtliyi yaşamadınız. Kim quş deyilsə, uçurumun üzərindən uçmamalıdır.

         Mənə isti görünürsünüz. Lakin hər hansı bir dərin idrakdan soyuqluq əsir. Ruhun ən dərin mənbələri buz kimi soyuq, isti əllər və yorulmaq bilməyənlər üçün bir müalicədir.

        Budur, hörmətli, ciddi, düz kürəkli izzətli müdriklər! - güclü külək və güclü iradə sizi idarə etmir.

         Siz heç dənizdə yuvarlaqlaşdırılmış, küləkdən şişmiş və tufandan titrəyən yelkən görmüsünüzmü?

         Ruhun tufanından titrəyən yelkən kimi, mənim vəhşi müdrikliyim dəryadan keçir!

         Amma siz, ey xalqın nökərləri, siz, şöhrət qazanmış müdriklər, mənimlə necə gedə bildiniz!

         Zərdüşt belə dedi.

  Gecə nəğməsi

           Gecə: indi bütün  bulaqların səsi daha yüksəkdən gəlir. Mənim ruhum da qaynayan bir bulaqdır.

         Gecə: indi sevgililərin bütün nəğmələti təzəcə oyanır. Mənim  ruhum da bir aşiqin nəğməsidir.

         İçimdə sönməz, doyumsuz nəsə bir şey var və o danışmaq istəyir. İçimdə sevgi hərisliyi var və o özü sevgi dilində danışır.

         Mən işıqam; ah, kaş ki, gecə olsaydım! Amma bu elə mənim tənhalığımdır ki, işıqla əhatə olunmuşam.

         Oh, kaş qaranlıq və gecə ola bilsəydim! İşığın şüalarında  necə əylənərdim!

         Və hətta sizə xeyir-dua da verərdim, ey səmada qurdlar kimi parıldayan ulduzlar! Və mən sizin işıq hədiyyələrinizdən xoşbəxt olardım.

         Amma mən öz işığımda yaşayıram, özümdən çıxan alovu yenidən uduram.

         Mən alanın xoşbəxtliyini bilmirəm və tez-tez xəyal edirdim ki, oğurluq, almaqdan daha xeyirlidir.

         Bu mənim kasıblığımdır ki, əlim hədiyyə verməkdən heç vaxt dincəlmir. Bu mənim həsəd aparmağımdır ki, mən gözləyən gözləri və həsrətin nurlu gecələrini görürəm.

        Bağışlayan hər kəsin vay halına! Ey günəşimin tutulması! Ey arzuların aclığı! Ey toxluq içində şiddətli aclıq!

         Məndən alırlar, amma mən onların ruhuna toxunurammı? Vermək və almaq arasında bütöv bir uçurum var.Lakin ən kiçik uçurumun üzərində körpü salmaq çox çətindir.

         Aclıq mənim gözəlliyimdən irəli gəlir. Şam olduğum adamlara əzab vermək, bəxş etdiyimləri qarət etmək istərdim.

         Digər əl artıq ona uzanarkən əlinizi geri çəkmək. tökülərkən tərəddüd edən şəlalə kimi  tərəddüd etmək. Mən pisliyə qarşı bu cür ac oluram.

         Belə intiqamı mənim artıqlığım uydurur. Belə hiyləgərlik mənim tənhalığımdan irəli gəlir.

         Vermək xoşbəxtliyim hədiyyədə dondu, fəzilətim özümdən və artıqlığımdan yoruldu!

         Kim həmişə bağışlayırsa, onun ayıbını itirmək təhlükəsi var. Davamlı paylayanın əlində və ürəyində qabar olur.

         Mənim gözlərim istəyənlərin qarşısında artıq nəmlənmir. Çünki əllərin titrəməsindən əlim çox qabalaşıb.

         Gözlərimdəki yaş, ürəyimdəki tük hara getdi? Oh, bütün bağışlayanların tənhalığı! Oh, bütün bu parıltıların səssizliyi!

         Böş fəzada bir çox günəşlər fırlanır.Onlar qaranlıq olan hər şeyi öz şüaları ilə işıqlandır, mənə gələndə isə susurlar.

         Oh, bu, nurlu hər şeyə qarşı işığın düşmənçiliyidir: o, amansızcasına öz yolu ilə gedir.

         Qəlbin dərinliklərində parlayan hər şeyə qarşı ədalətsizlik, başqa günəşlərə biganəlik - hər günəş bu cür hərəkət edir.

         Bir fırtına kimi, günəş öz yolları ilə tələsir və bu, onların hərəkətidir. Onlar öz sərt iradələrinin ardınca gedir və  bu, onların soyuqluğudur.

         Oh, siz ey qaranlıq gecələr, parlayan hər şeydən istilik yaradan sizsiniz! Siz işığın şəfəqlərindən zövq alırsınız!

         Ah, ətrafımda buz və buzda yanan  əlim! Ah, içimdə sizin ehtirasınıza can atan bir ehtiras!

         Gecə: ah, mən niyə işıq olmalıyam! Mən qaranlıq və tənhalıq üçün susayıram!

         Gecə: indi mənim danışmaq istəyim bulaq kimi qaynayır.

         Gecə: indi bütün qaynayan bulaqlar daha yüksək səslə danışır.Mənim ruhum da qaynayan bir bulaqdır.

         Gecə: indi bütün sevgililərin nəğmələri oyanır. Mənim də ruhum bir aşiqin nəğməsidir.

         Zərdüşt belə oxudu.

  Rəqs nəğməsi

           Bir axşam Zərdüşt şagirdləri ilə meşədə gəzirdi. Və beləcə o, bulaq axtararaq, səssiz ağaclarla və kollarla əhatə olunmuş bir çəmənliyə çıxdı. Çəmənlikdə qızlar  rəqs edirdilər. Zərdüştü tanıyan qızlar rəqslərini dayandırdılar. Zərdüşt mehribancasına onlara yaxınlaşıb  dedi:

         “Rəqs etməyi dayandırmayın, əziz qızlar! Sizə yaxınlaşan nə pis adam, nə də qızların düşmənidi.

         Mən Allahın şeytan qarşısında şəfaətçisiyəm, o isə ağırlıq ruhudur. Mən necə ilahi rəqslərin,yaxud rəqs edən gözəl qadın ayaqlarının düşməni ola bilərəm?

         Düzdür, mən qaranlıq ağaclardan ibarət, zülmətlə dolu bir meşəyəm, amma kim mənim qaranlığımdan qorxmasa, sərv ağaclarımın çətiri altında gül kolları tapar.

         O,qızlar üçün əziz olan kiçik bir tanrı tapacaq. O, gözlərini yumaraq quyunun yanında sakitcə yatır.

         Doğrudan da, o, günün günorta vaxtı yuxuya getdi, tənbəl! Görəsən o, kəpənəklərin dalınca çox qaçmayıb ki?

         Gözəl rəqqaslar, əgər mən kiçik tanrını bir az cəzalandırsam, mənə qəzəblənməyin! O, bəlkə də qışqırıb ağlayacaq, amma o ağlayanda belə gülməyə hazırdır!

         Qoy o, göz yaşları ilə səndən rəqs etməyi xahiş etsin. Mən isə onun rəqsinə mahnı oxuyacağam:

         “Dünyanın ağası” deyilən mənim ən böyük və ən qüdrətli iblisimin, ağırlıq ruhunun rəqs və istehza mahnısını.

         Və budur, Zərdüştün oxuduğu mahnıya Kupidon və qızlar birlikdə rəqs etdilər.    

         Bu yaxınlarda sənin gözlərinə baxdım, ey həyat! Və mənə elə gəldi ki, anlaşılmazlığa qərq oluram.

     Amma sən məni qızıl tilovla çıxardın. Mən sənə anlaşılmaz dedikdə istehza ilə güldün.

       “Bütün balıqlar belə deyirlər,” deyə cavab verdin, “onların başa düşmədikləri elə anlaşılmazdır.

         Baxmayaraq ki, siz kişilər məni “dərinlik” və ya “sədaqət”, “əbədilik”, “sirr” adlandırırsınız. Ancaq mən yalnız dəyişkən, vəhşi təbiətli və hər şeydən əvvəl fəzilətsiz bir qadın kimiyəm.

         Amma siz kişilər bizə həmişə öz fəzilətlərinizi bəxş edirsiniz - ey fəzilətlilər!

     Beləcə, həyat bir qadın kimi güldü. Amma mən özü haqqında pis danışanda nə onun özünə, nə də gülüşünə inanmıram.

       Və mən öz vəhşi müdrikliyimlə onunla üz-üzə danışanda o, mənə qəzəblə dedi: “Sən istəyirsən, susayırsan, sevirsən və ona görə də həyatı yalnız sən tərifləyirsən!”

         Qəzəblə “həqiqəti demək” olmaz və bu, insan müdrikliyinə xas ola bilməz. Bu nöqteyi-nəzərdən, mən hirslənsəm də, ona cavab vermədim və həqiqəti söyləmədim.

         Üçümüz arasında vəziyyət belədir. Mən bütün qəlbimlə yalnız həyatı, ən çox da ona nifrət etdiyim zaman sevirəm!

         Amma əgər mən müdrikliyi sevirəmsə və çox vaxt onu çox sevirəmsə, bu, mənə onun həyatı çox xatırlatdığına görə baş verir!

         Onun gözlərinin, gülüşünün və hətta qızıldan dəstəyi olan balıq tutmaq üçün qarmağının bir-birinə bənzəməsində mənim nə günahım var?

        Və bir dəfə həyat məndən “müdriklik nədir?” soruşanda mən ehtirasla cavab verdim: “Oh, bəli, müdriklik!”

         Ona susayır və ondan doymurlar, gizlincə baxır və torla tuturlar.

         O gözəldirmi? Mən hardan bilirəm! Ancaq hətta ən köhnə bir balıq hələ də onun yemi üçün gedir.

         O, dəyişkən və inadkardır. Onun tez-tez dodaqlarını dişlədiyini, saçlarını daraqla dolaşdırdığını görmüşəm.

         Ola bilsin ki, o, bir qadın kimi pis və hiyləgərdir, lakin özü haqqında pis danışanda, o, daha çox cəlb edir”.

         Mən bunu həyata deyəndə o, pis-pis gülümsədi və gözlərini yumdu. “Kimdən danışırsan? - o soruşdu. - Mənim haqqımda deyilmi?

         Və əgər sən haqlı olsan belə, bunu üzümə demək olarmı! Amma indi mənə öz müdrikliyindən danış!”

         Ah, yenə gözünü açdın, ey sevgili həyat! Və mənə elə gəldi ki, mən yenə anlaşılmazlığa qərq oluram.    

         Zərdüşt belə oxudu. Amma rəqs bitəndə və qızlar gedəndə o, kədərləndi.

         “Günəş çoxdan batdı,” nəhayət dedi,- çəmənlik nəm oldu, meşələrdən sərin bir meh əsir.

         Hansısa naməlum bir şey məni əhatə edir və fikirli-fikirli mənə baxır. Necə! Sən hələ sağsan, Zərdüşt?

         Niyə? Nə üçün? Haraya? Haradan? Necə? Məgər artıq yaşamaq ağılsızlıq deyilmi?

         Ah, dostlar, bu axşam məndən soruşur. Kədərimi bağışlayın!

         Axşam düşdü.Axşam düşüdüyünə görə məni bağışlayın!"

         Zərdüşt belə dedi.

  (Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

Pin It

Yaramaz insanlar haqqında

        Həyat sevinc bulağıdır. Ancaq yaramaz insanlar  bu bulaqdan su içdkdə bulaq zəhərlənir.

        Mən təmiz hər şeyi sevirəm. Amma mən dişlərini ağartmış və murdar hərisli sifətləri görə bilmirəm.

         Onlar baxışlarını bulağın dərinliklərinə zillədilər. İndi budur, onların iyrənc təbəssümü görünür.

         Onlar şəhvətləri ilə müqəddəs suyu zəhərlədilər; çirkli yuxularına sevinc deyəndə, sözləri də zəhərlədilər.

         Alovlar nəm ürəklərini odun üstünə qoyanda qəzəblənir. Yaramaz insan atəşə yaxınlaşanda ruh özü qaynayır və tüstülənir.

         Onların əllərindəki meyvələr xırda və çürük olur.Onların baxışları kökü alt-üst edir və meyvə ağacını quru, ölü ağaca çevirir.

         Həyatdan üz döndərənlərin çoxu yalnız yaramaz insanlardan üz döndərdi. Onlar nə mənbəni, nə alovu, nə də meyvəni bu cür insanlarla bölüşmək istəmədilər.

         Səhraya gedən və vəhşi heyvanlarla birlikdə susuzluqdan əziyyət çəkənlərin çoxu su olan yerdə dəvə otaranların yanında oturmaq istəmirdilər.

        Bütün taxıl sahələrinə viranəlik və dolu ilə gələnlərin çoxu yalnız ayağını yaramazın ağzına soxmaq və bununla da onun ağzını yummaq istəyirdi.

         Həyat düşmənçilik və ölüm, əzab çəkənlərin  xaçlarını tələb edir. Bunu bilmək hələ mənim üçün kifayət deyil və bu, boğazımda qalan tikənin hələ ən böyüyü də deyil.

          Ancaq bir dəfə soruşdum və sualım az qala boğazımda qaldı: necə? Doğrudanmı, həyatda yaramaz, tör-töküntü insanların olması zəruridir?

         Həyat çörəyində zəhərli bulaqlar, üfunətli odlar, çirkli yuxular, qurdlar lazımdırmı?

         Həyatımı acgözlüklə yeyən nifrətim deyil, ikrah hissim idi! Ah, mən tez-tez, hətta yaramaz adamları  hazırcavab görəndə belə ağlımdan yorulurdum.

         Mən yaramazlarla mənfəətpərəstlik və alver  sövd ələşməsini hökmranlıq adlandıran hakimləri görəndə onlardan üz çevirdim! 

        Mən qulaqlarımı tıxayıb əcnəbi dildə danışan xalqlar arasında yaşamışam ki, hakimiyyət uğrunda onların qazanc və alver dilləri  mənim üçün yad olsun.

        Və mən qəzəbli halda, burnumu tutaraq dünən və bu gün çox şeyə rast gəldim. Bu pis insanların gördükləri işlərdən pis qoxu gəldiyinin şahidi oldum!

         Kar, kor və lal olmuş bir şikəst kimi uzun müddət yaşadım ki, hökmranlıq edən, əylənən pis insanlarla  yaşamayım.

         Ruhum pilləkənlərı çox çətinliklə, ehtiyatla qalxdı. Azacıq da olsa sevinc hissi onu bürümüşdü. Əsaya söykənən kor üçün həyat davam edirdi.

         Mənə nə oldu belə? Necə oldu ki, ikrah hissindən xilas ola bildim? Kim mənim bu baxışlarımı cavanlaşdırdı? Mən pis,yaramaz insanın artıq oturmadığı mənbədəki yüksəkliyə necə qalxdım?

         Məgər mənbəni tapan və mənə qanad və güc verən mənim ikrah hisslim deyildimi? Həqiqətən, sevinc hissini yenidən yaşamaq üçün çox yüksəklərə qalxmalı idim!   

         Mənim üçün çox tez axırsan, sevinc mənbəyi! Və qabı doldurmaq üçün onu tez-tez boşaldırsan!

         Mən hələ sənə daha təvazökar yanaşmağı öyrənməliyəm: ürəyim hələ də sənə qarşı çox tez döyünür:

         Yayda yanab ürəyim qısa, qızmar, kədərli və həddindən artıq xoşbəxtdir. O necə də sənin sərinliyinə can atır!

          Baharımın yavaş kədəri, iyundakı qar lopalarımın pisliyi keçib getdi! Yayda, yayın günortasında sevindim!

         Yayda soyuq bulaqlar və xoşbəxt sükutla ən yüksəklərdə oldum. Ey dostlar, gəlin ki, sükut daha mübarək olsun!

         Çünki bu, bizim yüksəkliyimiz və vətənimizdi. Biz burada bütün natəmizlər və onları ehtiraslarının əlçatmaz bir yüksəkliyində yaşayırıq.

         Dostlar, baxışlarınızı sevincimin bulağına yönəldin! Məgər o, bundan bulanacaqmı? O, sizə öz saflığı ilə gülümsəyəcək.

         Biz gələcəyin ağacında yuvamızı qururuq. Qartallar dimdiklərində biz tənhalara yemək gətirməlidir!

         Mən natəmizlərin yeyə biləcəyi qidanı demirəm! Çünki onlara elə gəlirdi ki, odu udurlar. Amma belə olanda onlar öz  boğazlarını yandırardılar!

         Həqiqətən, biz burada murdarlar üçün məskən salmırıq! O zaman bizim xöşbəxtliyimiz onların bədəni və ruhu üçün bir buz mağarası olardı.

        Biz də əzəmətli küləklər kimi onların üzərində- qartallarla,  günəşlə qonşu yaşamaq istəyirik. Çünki əzəmətli küləklər belə yaşayır.

          Mən də külək kimi nə vaxtsa yenə onların arasında əsmək və ruhumla onların ruhunun nəfəsini kəsmək istəyirəm. Mənim gələcəyim belə istəyir.

         Həqiqətən, əzəmətli Zərdüşt küləyi bütün düzənliklər üçündür. O öz düşmənlərinə və tüpürən hər kəsə belə məsləhət verir: “Küləyə qarşı tüpürməkdən çəkinin!”

         Zərdüşt belə dedi.  

 Hörümçəklər haqqında

           Bax, bu, hörümçəklərin çuxurudur! Onun özünə baxmaq istəyirsənmi? Budur, onun toru asılıb. Onun titrəməsi üçün ona toxun.

         Budur, o, könüllü gəlir. Salam, hörümçək! Sənin belində üçbucağın və əlamətin izi qaralır və mən də sənin ruhunda olanları bilirəm.

         Ruhunda intiqam almaq hissi var. Dişlədiyin yer yara tökür. Zəhərin intiqam almaq hissi ilə ruhunu fırlanmağa məcbur edir!

         Ona görə sizə simvol olaraq deyirəm, ey bərabərlik təbliğçiləri, ruhları fırladanlar!

         Hörümçəklər, siz mənim üçün gizli qisasçılarsınız!

         Ancaq mən sizin yuvalarınızı üzə çıxaracağam.Ona görə də mən yüksəkliyimin gülüşü ilə sizin üzünüzə gülürəm.

         Ona görə də sizin torunuzu qoparıram ki, qəzəbiniz sizi yalan mağarasından çıxarsın və intiqamınız “ədalət” sözündən çıxsın.

         Qoy insan qisas almaqdan qurtulsun. Bu mənim üçün ən yüksək ümidə aparan körpü və uzun tufanlardan sonra səmadakı göy qurşağıdır.

         Ancaq təbii ki, hörüçəklər başqa bir şey istəyirlər. “Bizim fikrimizcə, ədalət məhz onda olacaq ki, dünya bizim intiqamımızın ildırımları ilə dolu olacaq” deyə onlar bir-birlərinə belə deyirlər.

         “Bizim kimi olmayan hər kəsi qisas almağa və rüsvayçılığa təhrik edirik”- hörümçəklərin andı belədir.

         Və yenə də: “Bərabərlik əzmi- bundan sonra fəzilətin adı belə olmalıdır və biz səsimizi bütün güc sahiblərinə qarşı qaldırırıq!”

         Bərabərlik təbliğçiləri! Zalımın gücsüz çılğınlığı sizə “bərabərlik” haqqında bağırır. Sizin zalımlıq istəyiniz fəzilət haqqında sözlərin arxasında bu cür gizlənir!

         Həsrətli qaranlıq, gizli həsəd aparma, ola bilsin atalarınızın qaranlığı və həsəd aparmaları -  qisas almanın  çılğın alovu  sizi yandırır.

         Atanın susduğu şey oğlunda danışmağa başlayır və mən atanın çılpaq sirrini tez-tez oğlunda tapırdım.

         Onlar ilhamlanmış insanlara bənzəyirlər. lakin onları ruhlandıran ürək deyil – qisas almaqdır. Əgər onlar zərif və soyuq olsalar, onları zərif və soyuq edən ağıl deyil, həsəd aparmaqdır.

         Həsəd aparmaları onları hətta mütəfəkkirlərin yoluna aparır.    Onların həsəd aparmalarının fərqləndirici xüsusiyyəti isə həmişə həddi aşmalarıdır. Belə ki, onların yorğunluğu nəhayət qarda yuxuya getməlidir.

         Onların hər şikayətində bir intiqam hissi, təriflərində əzab vermək istəyi var. Hakim olmaq onlara xoşbəxtlik kimi görünür.

         Amma sizə, dostlarım, məsləhət görürəm: cəzalandırmaq istəyi güclü olan heç kəsə etibar etməyin!

         Onlar  pis mənşəli bir xalqdır. Onların sifətindən cəlladlıq yağır.

         Öz ədalətindən çox danışanların hamısına etibar etməyin! Belə ki, onların ruhlarında  belə ədalət yoxdur.

         Əgər onlar özlərini “xeyirxah və saleh” adlandırırlarsa, unutmayın ki, onlar bunu hakim olmaq üçün edir!

         Dostlar, istəmirəm ki, məni onlara tay tutasınız.

         Mənim həyat haqqında təlimlərimi təbliğ edənlər də var. Onlar eyni zamanda bərabərlik və hörümçək təbliğçiləridir.

         Yuvalarında oturaraq həyatdan üz döndərən bu zəhərli hörümçəklər həyatın lehinə danışırlar. Çünki bununla əzab vermək istəyirlər.

         Bununla onlar indi güc sahibi olan hər kəsə əzab vermək istəyirlər.Çünki onların arasında hələ də ölüm təbliği hökm sürür.

         Əgər başqa cür olsaydı, hörümçəklər başqa cür öyrədərdilər. Çünki onlar bir vaxtlar dünyanın ən pis böhtançıları və kafirləri idilər.

         Mən bu bərabərlik təbliğçiləri ilə bir yerdə olmaq, nə də onlara bərabər olmaq istəmirəm. Çünki ədalət mənə deyir: “insanlar bərabər deyil”.

         Və onlar bərabər olmamalıdır! Əgər mən fərqli danışsaydım, o zaman fövqəlinsana olan sevgimin nə mənası?

         Qoy minlərlə körpü və cığır gələcəyə doğru can atsın və onların arasında getdikcə daha çox müharibə və bərabərsizlik olsun. Mənim böyük sevgim bunu mənə deməyə vadar edir!

        Onlar düşmənçilikləri zamanı obrazların və ruhların ixtiraçılarına çevrilməli və bu obrazlar və kabuslarla son mübarizədə vuruşmalıdırlar!

         Xeyir və şər, varlı və kasıb, yüksək və alçaq və bütün dəyərlərin adları: hər şey silah və qışqırıq simvolu olmalı və həyatın həmişə yenidən özünə qalib gəlməsini göstərməlidir!

        Həyatın özü sütunların və pillələrin köməyi ilə ayağa qalxmaq, uzaq üfüqləri araşdırmaq və xoşbəxt gözəlliklərə baxmaq istəyir və bunun üçün ona hündürlük lazımdır!

         Hündürlüyə ehtiyacı olduğu üçün ona pillələr və pillələrin ziddiyyətləri və onlarla yüksələnlər lazımdır! Həyat yüksəlmək və yüksələrkən özünə qalib gəlmək istəyir.

         Və baxın, dostlarım! Burada, hörümçək mağarasının olduğu yerdə qədim məbədin xarabalıqları var. Onlara açıq gözlərlə baxın!

         Həqiqətən, bir vaxtlar fikirlərini buraya əlavə edən insan, insanların ən ağıllıları ilə birlikdə bütün həyatın sirrini bilirdi!

         Hətta gözəllikdə də mübarizənin, bərabərsizliyin, müharibənin, hakimiyyətin olduğunu o, bizə burada ən aydın simvolun köməyi ilə öyrədir.

         Burada, mübarizədə, qövslər necə də ilahi şəkildə qırılır, işıq və kölgə kimi bir-birinə qarşı ilahi sürətlə tələsir.

         Mənim dostlarım, biz də inamla və gözəl şəkildə düşmən olacağıq! İlahi şəkildə bir-birimizə qarşı can atırıq!

         “Cəza və ədalət olmalıdır, - o düşünür, - axı, əbəs yerə deyil ki, o, burada düşmənçiliyin şərəfinə mahnılar oxuyur!”

         Vay! Məni hörümçək dişlədi, mənim köhnə düşmənim! O,ilahi bir inamla və gözəl bir şəkildə barmağımı dişlədi!

         Bəli, o, öz intiqamını aldı! Və yenidən vay! İndi o, ruhumu qisas almağa məcbur edəcək!

         Dostlar, məni bu dirəyə möhkəm bağlayın ki, fırlanmayım! Çünki qisas burulğanındansa, sütun olmağı üstün tuturam!

         Həqiqətən, Zərdüşt qasırğa deyil. Əgər o, rəqqasdırsa, amma heç bir halda hörümçək rəqqası deyil!

          Zərdüşt belə dedi.

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

Pin It

Kahinlər haqqında

           Bir gün Zərdüşt şagirdlərinə bir işarə verdi və onlara bu sözləri söylədi:

          “Budur, kahinlər mənim düşmənlərim olsalar da, siz onların yanından səssizcə, qılınclarınızı  endirərək keçirsiniz!

         Onların arasında qəhrəmanlar da var, amma onların çoxu çox əziyyət çəkib və buna görə də başqalarına əziyyət vermək istəyirlər.

         Onlar zalım düşməndirlər və onların təvazökarlığından daha qisasçı heç nə yoxdur. Onlara hücum edən asanlıqla murdarlanır.

         Amma mənim qanım onların qanına bağlıdır və mən istəyirəm ki, qanım onların qanında şərəflənsin”.

         Onlar Zərdüştün yanından keçəndə Zərdüştü kədər bürüdü, amma o tez bir zamanda özünü ələ alaraq kədəri özündən uzaqlaşdırıb dedi:

         Bu kahinlərə yazığım gəlir. Onlar mənim üçün iyrəncdirlər. Amma onlar rast gəldiyim pis insanlardan daha az pisdirlər.

         Mən əzab çəkirəm və onlarla birlikdə əziyyət çəkmişəm. Onlar mənim üçün damğalıdırlar. Xilaskar adlandırdıqları adam onları zəncirlədi.

         Saxta dəyərlərin və çılğın sözlərin buxovlarında qalanlar! Ah, kaş kimsə onları bu xilaskarın əlindən qurtara bilsəydi!

         Dəniz onları hər tərəfə atanda onlar adaya heç  vaxt yaxınlaşa bilməyəcəklərini düşünürdülər, amma o, yatmış bir əjdaha idi!

         Yalan dəyərlər və ağılsız  sözlər fani insanlar üçün ən pis əjdaha idi. O, taleyi uzun müddət yatmış vəziyyətdədir və onları gözləyir.

         Nəhayət o, oyanır, güdür, üzərində ev tikən hər şeyi yeyir və udur.

         Oh, bu kahinlərin özləri üçün tikdikləri bu evlərə baxın! Onlar bu mağaralarını kilsə adlandırırlar.

         Oh, bu saxta işıq, bu boğucut hava! Burada ruh yüksəkliyə ucalmağa cəsarət etmir!

         Çünki onların inamı belə buyurur: “Ey günahkarlar, pilləkənləri diz çökərək qalxın!”

         Həqiqətən də, mən həyasızı onların utancının və hörmətinin əyri gözlərindən daha çox görməyə üstünlük verirəm!

         Bu tövbə mağaralarını və pilləkənlərini özü üçün kim yaratdı? Məgər onlar açıq-aydın səmadan gizlənmək və utanmaq istəyənlər deyildilərmi?

       Ürəyimi yalnız aydın səma dağılmış damların yaxınlığındakı otlara və al-qırmızı xaşxaşlara baxandan sonra   Allahın məskəninə çevirəcəyəm.

         Onlar özlərinə zidd və iztiraba səbəb olanı Allah adlandırırdılar. Həqiqətən də, onların ibadətində çoxlu qəhrəmanlıq var idi!

        Və onlar öz Allahını bir insanı çarmıxa çəkməkdən başqa yolla sevməyi bilmirdilər!

         Onlar cəsədlər kimi yaşamağı düşünür və meyitlərinə qara paltar geyindirdilər. Mən onların çıxışlarında  tabutdan gələn  üfunət iyini hiss edirəm.

         Onların yaxınlığında kim yaşayırsa, o, şirin bir xəyal aləmində öz mahnısını oxuyan qurbağa olan qara gölməçələrin yaxınlığında yaşayır.

         Onlar mənə ən yaxşı mahnılar oxumalıdırlar ki, mən onların xilaskarına inanmağını öyrənə bilim. Onun şagirdləri azad görünməli idilər!

         Onları çılpaq görmək istərdim.Çünki tövbəni yalnız gözəllik təbliğ etməlidir. Amma  kəfənlənmiş bu kədər kimi inandıracaq!

         Həqiqətən də, onların xilaskarları azadlıqdan və azadlığın yeddinci səmasından gəlməyiblər! Onların özləri heç vaxt idrak xalçalarını gəzməyiblər!

         Bu xilaskarların ruhu dəliklərdən ibarət idi.Və onlar Allah adlandırdıqları ağılsızlığı, tıxacıı bu deşiklərdə yerləşdirdilər.

         Onların ruhları mərhəmətlərində boğuldu və bu mərhəmətdən qürrələndilər, amma nəticədə böyük ağılsızlıqları  üzə çıxdı.

         Onlar qəzəblə və qışqıra-qışqıra sürülərini öz yolları ilə qovur və düşünürdülər ki, gələcəyə yalnız bir yol aparır! Bu, çobanların özləri də qoyun idilər!

         Çobanların düşüncələri dar, ruhları isə geniş idi. Amma, qardaşlarım, indiyədək ən geniş ruhlar necə də kiçilmiş görünüblər!

         Onlar getdikləri yolu qana boyadılar və onların ağılsızlıqları həqiqətin qanla sübut olunduğunu öyrətdi.

         Lakin qan, həqiqətin ən pis şahididir. Qan ən saf təlimi dəlilik dərəcəsinə gətirir və ürəklərin nifrəti həddinə qədər zəhərləyir.

         Və kimsə öz təliminə görə özünü oda-alova atırsa, bu nəyi sübut edir? Amma insanın təlimi öz yanmasından irəli gəlirsə, bu tam başqa məsələdir!

         Dolğun bir ürək və soyuq bir baş – onların qarşılaşdığı yerdə “xilaskar” adlandırılan bir qasırğa yaranır.

         Həqiqətdə isə xalqın xilaskar adlandırdığı insanlardan daha böyük və daha yüksək insanlar var idi. Bu qasırğalar  hər şeyi özünün ardınca aparırdı!

    Siz isə, qardaşlarım, azadlığa gedən yolu tapmaq istəyirsinizsə, bütün xilaskarlardan  xilas olmalısınız!

         Fövqəlinsan heç vaxt olmayıb! Mən həm ən böyük, həm də ən kiçik insanı çılpaq gördüm.

         Onlar həddindən artıq bir-birlərinə bənzəyir. Və mən onların ən böyüyünün belə həddindən artıq fövqəlinsan olduğunu aşkar etdim.             

         Zərdüşt belə dedi.

Fəzilətlilər haqqında

          Göy gurultusu və göy atəşi ilə yuxulu və yuxulu hisslərə danışmaq lazımdır.

         Ancaq gözəlliyin səsi sakit danışır. O yalnız ən həssas ruhlara siraət edir.

         Sipərimin qalxanı bu gün sakitcə titrədi və güldü. Bu müqəddəs gülüş və gözəllik titrəməsidir.

         Bu gün mənim gözəlliyim sizə güldü, ey fəzilətlilər. Mən onun səsini eşitdim: “Daha çox istəyirlər ki, onların əvəzi ödənilsin!”. 

         Siz hələ onun əvəzinin ödənilməsini istəyirsiniz, ey fəzilətlilər! Fəzilət üçün ödəniş, yer üçün cənnət, bu gününüz üçün əbədiyyət almaq istəyirsiniz?

         İndi siz mənə qəzəblənirsiniz. Çünki mən öyrədirəm ki, mükafat verən yoxdur? Doğrudan da, mən hətta fəzilətin öz-özünə mükafatı olduğunu öyrətmirəm.

         Ah, mənim dərdim budur: mükafat və cəza məkrli şəkildə hər şeyin əsasına - hətta ruhunuzun təməlinə də qoyulub, ey fəzilətlilər!

         Amma mənim sözüm qaban dişi kimi sizin ruhunuzun bünövrəsini şumlayır. Mən sizin üçün xış adlandırılmaq istəyirəm.

         Vəqfinizin bütün gizli şeyləri üzə çıxmalıdır. Siz günəşin altında üzülmüş,əldən düşmüş halda uzananda, yalanlarınız həqiqətinizdən ayrılacaq.

         Çünki sizin həqiqətiniz budur: qisas, cəza, mükafat və intiqam kimi  sözlərin çirkliliyindən daha  təmizsiniz.

           Ana öz övladını sevdiyi kimi, siz də öz fəzilətinizi sevirsiniz. Amma nə vaxt eşidilib ki, ana sevgisi üçün ödəniş istəsin?

         Fəzilətiniz ən qiymətli Mənliyinizdir. Sizdə bir üzük hərisliyi var. O, özünü bir daha dəf etmək üçün dönə-dönə fırlanır.

         Fəzilətinizin hər bir hərəkəti sönmüş bir ulduza bənzəyir. O, həmişə işıq saçaraq hərəkətdə, yoldadir. Görəsən o, daha nə vaxt yolda olmayacaq?

        Beləcə, əməl artıq başa çatmış olsa belə, fəzilətinizin işığı hələ də yoldadır. Qoy o hətta sönsün və unudulsun. Amma onun nurunun şüası hələ işıq saçır və o, daima hərəkətdədir.

         Qoy fəzilətiniz kənar, dəri, örtük kimi şeylər yox, sizin “Özünüz” olsun. Bu, ruhunuzun təməlindən gələn həqiqətdir, ey fəzilətlilər!

         Amma elələri də var ki, onlar üçün fəzilət qamçı zərbəsi altında qıvrılır və siz onların fəryadını çox eşitmisinz!

         Elələri də var ki, öz qüsurlarının tənbəl halını fəzilət adlandırır və nifrət və həsəd aparma ayaqlarını uzadır, “ədalət”ləri də yuxudan oyanıb yuxulu gözlərini ovuşdurur.

         Aşağı düşənlər də var: onları cinləri aşağı salır. Ancaq nə qədər aşağı düşsələr də, gözləri və Allaha olan şəhvətləri daha parlaq yanır.

         Ah, belə bir fəryad qulaqlarınıza çatdı, siz ey fəzilətlilər: “Mən olmayan şey mənim üçün Allah və fəzilətdir!”

         Elələri də var ki, dərəyə daş daşıyan arabalar kimi çətinliklə, cırıltı səslə hərəkət edir, ləyaqətdən, fəzilətdən çox danışır və öz yüyənlərini fəzilət adlandırırlar!

         Elələri də var ki, hər gün qurulan saata bənzəyir. Onlar öz tik-takını edir və onun fəzilət adlandırılmasını istəyirlər.

         Həqiqətən, bu saat məni əyləndirir. Harada belə bir saat tapsam, onu lağa qoyuram. O, hələ  mənim üçün çox cingildəməlidir!

         Digərləri cüzi bir ədalətlə fəxr edir və onun adı ilə  cinayət törədir. Ona görə də dünya onların ədalətsizliklərində boğulur.

         Ah, onların dilində “fəzilət” sözü necə də pis səslənir! Və onlar “Biz birlikdə haqlıyıq” deyəndə “Biz qisas almaqda haqlıyıq!” kimi səslənir.

         Onlar öz fəzilətləri ilə düşmənlərinin gözünü tökmək istəyir. Onlar yalnız başqalarını alçaltmaq üçün özlərini ucaldır.

         Amma yenə də elələri var ki, bataqlıqda oturub “Fəzilət bataqlıqda sakit oturmaq deməkdir” deyir.

         Biz heç kimi dişləmirik və dişləmək istəyənlərdən qaçır və hər şeydə mütiliyimizə sadiq qalırıq”.

         Amma yenə də elələri var ki, jestləri sevir və düşünürlər ki, fəzilət jestlərin bir növüdür.

         Onların dizləri həmişə bükülür, əlləri isə fəziləti tərifləyir, lakin ürəkləri bundan heç nə bilmir.

         Amma “Fəzilət zəruridir” kəlməsini fəzilət hesab edənlər də var, lakin ürəklərində yalnız polisin zərurətinə inanırlar.

         İnsanlarda yüksəkliyi görə bilməyən bir çoxları isə onları çox yaxından görəndə fəzilət adlandırırlar. Beləliklə, onlar pis gözlərini fəzilət adlandırırlar.

         Bəziləri öyrənmək və doğru yolu tutmaq istəyir və bunu fəzilət adlandırırlar. Başqaları isə hər şeydən imtina etmək istəyir və bunu da fəzilət adlandırırlar.

         Beləliklə, demək olar ki, hər kəs fəzilətdə iştirak etdiyinə inanır. Və hər kəs ən azı “xeyir” və “şərin” bilicisi olmaq istəyir.

         Amma Zərdüşt ona görə gəlmədi ki, bütün bu yalançılara və axmaqlara “Fəzilət haqqında nə bilirsiniz axı!”  desin.

         Ancaq dostlarım, axmaqlardan və yalançılardan öyrəndiyiniz köhnə sözlərdən yorulmağınız üçün;

         “Mükafat”, “intiqam”, “cəza”, “ədalətdə qisas” sözlərindən yorulmaq;

         “Filan hərəkət yaxşıdır, çünki təmənnasızdır” deməkdən yorulmadığınız üçün.

         Ah, dostlarım! Ana övladda əks olunduğu kimi, qoy sizin Mənliyiniz də əməldə əks olunsun. Bu, sizin fəzilət haqqında sözünüz olmalıdır!

         Həqiqətən, mən sizdən yüzlərlə söz və fəzilətinizin ən əziz oyuncaqlarını aldım. İndi isə siz mənə uşaqlar hirsləndiyi kimi  hirslənirsiniz.

         Onlar dəniz kənarında oynayırdılar və birdən bir  dalğa gəldi və onların oyuncaqlarını yuyub apardı.İndi onlar ağlayırlar.

         Ancaq eyni dalğa onlara yeni oyuncaqlar gətirməli və qarşılarına yeni, rəngbərəng balıqqulaqları səpməlidir!

         Beləliklə, onlar təsəlli tapacaqlar. Və onlar kimi, siz də, mənim dostlarım, təsəllinizi-yeni,rəngbərəng balıqqulaqlarınızı almaqla tapacaqsınız!

         Zərdüşt belə dedi.

 (Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

  

 

 

Pin It

Azad ölüm haqqında

         Çoxları çox gec, bəziləri isə çox erkən ölür. Qəribə səslənən başqa bir fikirdə deyilir: “vaxtında öl!”

         Vaxtında öl - Zərdüşt belə öyrədir.

         Təbii ki, kim heç vaxt vaxtında yaşamayıbsa, vaxtında da necə ölə bilərdi? Onun heç vaxt doğulmaması daha yaxşı olardı! - Gərəksiz, artıq insanlara belə məsləhət görürəm.

         Amma artıq insanlar hələ də öz ölümü ilə fəxr edirlər.Hətta ən çürük qoz belə istəyir ki, onu sındırıb yesinlər.

         Hər kəs ölümü ciddi qəbul edir. Amma ölüm hələ bayram deyil. İnsanlar hələ ən parlaq bayramlara hörmət etməyi öyrənməyiblər.

         Mən sizə mükəmməl ölümü göstərirəm. o, yaşayanlar üçün neştər və müqəddəs bir əhd-peyman olur.

         Həyat yolunu başa vuran öz ölümü ilə, qalib kimi, ümid edənlərin və müqəddəs and verənlərin əhatəsində ölür.

         Ölümü ilə yolunu tutan ölür, qələbə ilə ölür, ümid edənlər və müqəddəs nəzir verənlərlə əhatə olunur.

         İnsan ölməyi öyrənməlidir. Elə bir bayram olmasın ki, orda belə ölüm ayağında olan adam dirilərin andını müqəddəsləşdirməsin!

         Ən yaxşısı belə ölməkdir. İkincisi isə mübarizədə ölmək və böyük bir ruhu israf etməkdir.

         Amma mübarizə aparan da, qalib də dişlərini qıcayıb oğru kimi gizlicə, amma hökmdar kimi  ölümə eyni dərəcədə nifrət edir.

         Sizlərə öz ölümümü tərifləyirəm, istədiyim üçün mənə gələn azad ölümümü.

        Və mən belə ölümü nə vaxt istəyəcəyəm? - Kimin məqsədi və varisi varsa, o, məqsəd və varis üçün vaxtında ölüm istəyir.

         Məqsədinə və varisinə dərin ehtiramdan irəli gələrək, o,  həyat ziyarətgahına quru çələng də qoymayacaq.

         Həqiqətən, mən kəndiri kəsənlərə bənzəmək istəmirəm. Onlar öz iplərini uzunluğa çəkir, özləri isə geri çəkilirlər.

         Digərləri öz həqiqətləri və qələbələri üçün çox qocalır; dişsiz ağzın artıq bütün həqiqətlərə haqqı yoxdur.

         Və şöhrət istəyən hər kəs şərəfi ilə vaxtında vidalaşmağı bacarmalı və vaxtında getməyin çətinliyini bilməlidir.

         Siz dadlı yemək gördükdə özünüzü saxlamağı bacarmalısınız..Uzun müddət sevilmək istəyənlər bunu bilirlər.

         Əlbəttə ki, taleyi payızın son gününə qədər gözləmək olan turş alma var ki, onlar da yetişmiş, sarı və büzülmüş olurlar.

         Bəziləri üçün əvvəlcə ürək, bəziləri üçün isə ağıl qocalır. Bəziləri gəncliyində qocadır. Amma gec cavan olan uzun müddət cavandır.

         Bəzi insanlar həyatda uğursuzluğa düçar olurlar.Zəhərli qurd onların ürəyini deşir.Qoy o, ölümünü yaxşılaşdırmağa çalışsın.

         Bəzisi heç vaxt şirin olmur. O hələ yayda çürüyür. Yalnız qorxaqlıq onu öz budağında saxlayır.

         Onların çoxu yaşayır və  uzun müddət öz budaqlarında qalırlar. Qoy tufan gəlib ağacdan çürük və qurdlu hər şeyi silkələsin!

         Ah, kaş tez ölüm müjdəçiləri gəlsəydi! Onlar əsl fırtına olar və həyat ağaclarını silkələyə bilərdilər! Ancaq mən yalnız ləng ölüm və  “yer üzündəki” hər şeyə səbrin təbliğini eşidirəm.

         Ah, siz yer üzündəki hər şeyə səbr etməyi təbliğ edirsiniz? Amma bu dünyəvi şey sizə çox dözür, ey böhtançılar!

         Həqiqətən, ləng ölümü təbliğ edənlərin şərəfləndirdiyi yəhudi çox erkən öldü və o vaxtdan çoxları üçün o, çox erkən öldü.

         Yəhudi İsa xeyirxah və salehlərin nifrəti ilə birlikdə yalnız yəhudinin göz yaşlarını və kədərini bilirdi. O zamana onu ölüm həsrəti bürüdü.

         Nə üçün o, səhrada, xeyirxahlardan və salehlərdən uzaq qalmadı! Ola bilsin ki, o, yaşamağı və yer üzünü sevməyi öyrənər və eyni zamanda gülə bilərdi.

         İnanın mənə, qardaşlarım! O, çox erkən öldü. Əgər o, mənim yaşıma çatsaydı, öz təlimindən imtina edərdi! O, imtina etmək üçün kifayət qədər nəcib idi!

         Amma o, hələ yetkin deyildi. Gənc yetkinliyi sevir və yetkin gənc insana da, torpağa da nifrət edir. Onun ruhu, düşüncə qanadları hələ də bağlı və ağırdır.                     

         Ancaq yetkin kişi gəncdən daha çox uşaqdır və onda kədər azdır. O, ölümü və həyatı daha yaxşı anlayır.

         Ölümə azad və ölümdə azad, o artıq Bəli deməyə vaxtı olmayanda müqəddəs Xeyr deyir. O, ölümü və həyatı belə dərk edir.

         Ölümünüz insana və torpağa küfr olmasın, ey dostlar. Mən bunu ruhunuzun balından istəyirəm.

         Ölümünüzdə ruhunuz və fəzilətiniz axşam şəfəqinin yer üzündə yanması kimi hələ də yanmalıdır, yoxsa ölüm sizin üçün pis olacaq.

         Beləliklə, mən özüm ölmək istəyirəm ki, siz, dostlar, mənim üçün yeri daha çox sevəsiniz. Mən yenidən yerə müraciət edirəm və məni dünyaya gətirəndə dincəlmək axtarıram.

         Həqiqətən, Zərdüştün bir məqsədi var idi və o, topunu atdı. İndi siz, dostlar, məqsədimin varisləri olun və mən sizin üçün qızıl top atıram.

         Ən çox sevdiyim şey, dostlarım, qızıl topu atdığınız zaman sizə baxmaqdır! Ona görə də yerdə bir az soyuqlayacam.  Bunun üçün məni bağışlayın!

         Zərdüşt belə dedi.

  Fəzilət bəxş edən haqqında

 1

        Zərdüşt ürəyinin sevdiyi və adı “Alabəzək inək” olan şəhərlə vidalaşanda, özlərini Zərdüştün şagirdləri adlandıranların çoxu onun ardınca getdi. Beləliklə, onlar yol ayrıcına çatdılar.  Zərdüşt onlara təkbaşına getmək istədiyini söylədi.Çünki o, tək gəzməyi sevirdi. O ayrılanda şagirdləri ona günəş ətrafına dolanmış ilan olan bəzəkli bir qızıl əsa verdilər. Zərdüşt əsaya sevindi və ona söykənib şagirdlərinə belə dedi:  

         - Mənə deyin görüm: necə oldu ki, qızıl ən yüksək dəyərə  çatdı? Qeyri-adi, faydasız, parlaq olması ilə? O, həmişə özünü hədiyyə edir.

         Qızıl yalnız ən yüksək fəzilətin simvolu olaraq ən yüksək dəyər əldə etdi. Verənin gözü qızıl kimi parlayır. Qızılın parıltısı Ayla Günəş arasında sülh yaradır.

         Ən yüksək fəzilət qeyri-adi və faydasızdır, parlaqlığı qısamüddətlidir. Bəxş edilən fəzilət ən yüksək fəzilətdir.

         Şübhəsiz ki, mən sizi, şagirdlərimi anlayıram. Siz də mənim kimi fəzilət bəxş edənə can atırsınız. Sizin pişiklər və canavarlarla ortaq cəhətləriniz nədir?

         Sizin ehtirasınız özünüzü qurban verməkdir. Ona görə də bütün sərvətləri öz ruhunuzda toplamağa can atırsınız.

         Ruhunuz doyumsuzca xəzinələrə və qiymətli hər şeyə can atır. Çünki fəzilətinizin bəxş etmək, bağışlamaq arzusu  doymaz.

         Siz hər şeyi sizə yaxınlaşmağa və sizin vücudunuza daxil olmağa məcbur edirsəniz ki, onlar sevginizin hədiyyələri kimi sizn bulağınızdan geri axsın.

         Həqiqətən də, bu cür sevgi bütün dəyərlərin talançısına çevrilməlidir. Amma mən bu eqoizmi sağlam və müqəddəs adlandırıram.

         Həmişə oğurlamaq istəyən, həddindən artıq kasıb və ac qalan başqa bir eqoizm var - xəstənin eqoizmi, xəstə eqoizmi.

         O, oğru gözü ilə hər şeyə parlaq baxır. O, bol-bol yeyə biləni aclıq hərisliyi ilə ölçür və həmişə verənlərin süfrəsi ətrafında sürünür.

         Xəstəlik və görünməz degenerasiya bu xəsislikdən danışır. Bu eqoizmin oğru xəsisliyi zəif bədəndən danışır.

         Qardaşlarım, mənə deyin: bizim aramızda  pis və ən pis nə sayılır? Bu degenerasiya deyilmi? - Biz həmişə ruh verən yerdə degenerasiya olduğunu təxmin edirik.

         Yolumuz yuxarıya, nəsildən- nəslə, daha yüksək nəslə doğru gedir. Ancaq bizim üçün dəhşət, “hər şey mənim üçündür” deyən degenerasiya hissidir.

         Bizim hissimiz yuxarıya doğru uçur. Çünki o, bədənimizin, ucalığımızın simvoludur. Bu ucalıqların simvolu fəzilət adlarının mahiyətidir.

         Bədən tarixdən belə keçir, təkamül edir və mübarizə aparır.

         Bədən üçün ruh nədir? Onun döyüşlərinin və qələbələrinin carçısı, yoldaşı və əks-sədası.

         Bütün simvollar xeyir və şərin adlarıdır. Onlar heç nə ifadə etmir, yalnız göz qırpırlar. Onlardan bilik tələb edən ağılsızdır.

         Qardaşlarım, ruhunuzun simvollarla danışmaq istədiyi hər saata diqqət yetirin. Çünki həmin anda sizin fəzilətiniz doğulur.

         Sonra vücudunuz göylərə ucaldı və dirildi. O,öz sevinci ilə ruhu ovsunlayır və o, hər şeyin yaradıcısı, qiymətləndirəni, sevəni və xeyirxahı olur.

         Ürəyiniz geniş və tam döyündükdə, sahildə yaşayanlar üçün xeyir və təhlükə olan fırtınalı bir axın kimi, fəzilətiniz yaranır.

         Siz tərif və qınaq üzərindən ucalarkən və sizin sevən iradəniz  hər şeyə əmr etmək istədiyi zaman sizin fəzilətiniz yaranır.

         Siz rahatlığa və yumşaq yatağa nifrət etdiyiniz və yumşaq bədənlilərdən kifayət qədər uzaq olmayan yerdə uzanan zaman sizin fəzilətiniz yaranır.

         Siz tək bir iradə istəyəndə və  bütün ehtiyacların bu zərurətini zərurət adlandıranda sizin fəzilətiniz yaranır.

         Həqiqətən, o, yeni xeyir və yeni şərdir! Həqiqətən, o,  yeni bulağın dərin, uğultulu səsidir!

         Bu yeni fəzilət bir hakimiyyətdir. O və onun ətrafındakı müdrik ruh hakim fikir sayılır.  

2

            Zərdüşt şagirdlərinə sevgi ilə baxaraq bir dəqiqə susdu. Sonra dəyişmiş səsi ilə dedi:

         -Fəzilətinizin bütün gücü ilə torpağa sadiq qalın, qardaşlarım! Qoy sizin sevgi və idrakınız yerin mənasına xidmət etsin! Bu barədə sizdən xahiş edirəm və sizə yalvarıram.

         Fəzilətinizin yer üzündəki şeyləri tərk etməsinə və qanadlarını əbədi divarlara çırpmasına imkan verməyin! Ah, həmişə o qədər yoxa çıxan fəzilət olub!

         Sizi tərk edən fəzilətinizi mənim kimi geriyə, torpağa,vücudunuza və həyata qaytarın ki, o, torpağa insani məna versin!

         Ruh və fəzilət dəfələrlə tərk edilib və indiyə qədər də yanılırlar.Ah, bütün bu aldatma və yanılma hələ də bədəninizdə yaşayır: onlar cismani və iradəli oldular.

         Ruha, fəzilətə yüzlərlə cəhd edildi və indiyə qədər həm ruha, həm də fəzilətə münasibətdə yanıldılar. Bəli, insan cəhd etdi. Cəhalət və yanılmalar vücudumuza siraət etdi!

         Minilliklərin təkcə ağlı yox, həm də  ağılsızlıqları bizə siraət edir. Varis olmaq təhlükəlidir.

         Biz hələ də nəhəng bir şansa qarşı addım-addım mübarizə aparırıq və indiyə qədər bütün bəşəriyyətdə cəfəngiyat hökm sürüb.

        Qardaşlarım, ruhunuz və fəzilətiniz yerin mənasına xidmət etsin: Qoy hər şeyin dəyəri sizin tərəfinizdən bərpa olunsun! Buna görə də döyüşməlisən! Buna görə yaradıcı olmalısınız!

         Dərk etməklə vücud təmizlənir. Dərk etməyə cəhd etməklə o yüksəlir. Dərk edən üçün bütün niyyətlər müqəddəsdir. Yüksələnin ruhu şad olur.

         Həkim, sən özünü sağalt ki, xəstəni də sağalda biləsən. Onun üçün ən yaxşı kömək o olardı ki, o, özünü sağaldan birini öz gözləri ilə görsün.

        Həyatın heç zaman gedilməmiş minlərlə yolu, minlərlə sağlam və gizli adaları var. İnsan və insanın torpağı hələ tükənməyib, nə də kəşf olunmayıb.

         Oyanın və qulaq asın, ey tənhalar! Qanadlar gələcəyin küləyindən eşidilməyən çırpıntılarla əsir.Və bu xoş xəbər həssas qulaqlara çatır.

         Siz, bu gün hələ də tənhasınız. Siz ey uzaqlarda yaşayanlar, bir gün siz xalq olacaqsınız. Özünüzü seçib xalq, ondan isə fövqəlinsan olacaqsınız.

         Həqiqətən, yer hələ də bərpa yeri olmalıdır! Artıq onun ətrafında şəfa gətirən yeni bir ətir yayılır və yeni bir ümid küləyi əsir!

  3

           Zərdüşt bu sözləri deyib, hələ son sözünü deməmiş biri kimi susdu. O, əsanı uzun müddət qərarsız vəziyyətdə tutaraq səsini dəyişdi və belə dedi:

         - Şagirdlərim, mən indi tək çıxıb gedirəm! Siz də tək çıxıb gedin! Mən belə istəyirəm.

         Həqiqətən, mən sizə məsləhət görürəm: məndən uzaqlaşın və özünüzü Zərdüştdən qoruyun! Daha yaxşısı: ondan utanın! Ola bilsin ki, o, sizi aldadıb.

         Dərrakəli insan təkcə düşmənlərini sevməməli,eyni zamanda  dostlarına da nifrət etməyi bacarmalıdır.

         Həmişəlik yalnız şagird olaraq qalan müəllimin zəhmətini pis ödəyir. Bəs niyə mənim çələngimi yolmaq istəmirsiniz?

         Mənə hörmət edirsiniz, amma hörmətiniz nə vaxtsa olmasa, onda nə olacaq? Ehtiyatlı olun ki, heykəl sizi öldürməsin!

         Siz Zərdüştə inandığınızı deyirsiniz? Amma Zərdüştdən nə fayda! Siz mənə iman gətirənlərsiniz. Amma bütün möminlərin nə faydası var!

         Məni taparkən hələ özünüzü axtarmamısınız. Bütün möminlər bu cür edir. Ona görə də hər cür inam çox az şeyi bildirir.

         İndi mən sizə əmr edirəm ki, məni itirib özünüzü tapın. Yalnız hamınız məndən imtina etdikdə sizə qayıdacağam.

         Həqiqətən, qardaşlarım, o zaman itirdiklərimi başqa gözlərlə axtaracağam və sizi başqa bir sevgi ilə sevəcəyəm.

         Və nə vaxtsa siz mənim dostlarım və vahid ümidin övladları olmalısınız. O zaman mən üçüncü dəfə sizinlə böyük günortanı qeyd etmək üçün aranızda olmaq istəyəcəm.

         Böyük günorta, insanın heyvan və fövqəlinsan arasındakı yolunun ortasında dayandığı və qüruba yolunu ən yüksək ümid kimi qeyd etdiyi zamandır. Çünki bu, yeni səhərə aparan yoldur.

         Sonra içəri daxil olan özünə xeyir-dua verəcək və onun idark günəşi günorta onunla birlikdə dayanacaq.

         “Bütün Allahlar öldü. İndi fövqəlinsanın yaşamasını istəyirik” .

         Böyük günortada son iradəmiz belə olmalıdır!

         Zərdüşt belə dedi. 

  İKİNCİ HİSSƏ

          Yalnız hamınız məndən imtina etdikdə sizə qayıdacağam.

         Həqiqətən, qardaşlarım, o zaman itirdiklərimi başqa gözlərlə axtaracağam və sizi başqa bir sevgi ilə sevəcəyəm.

 Zərdüşt fəzilət bəxş etmək haqqında

 Güzgü ilə uşaq

           Bundan sonra Zərdüşt yenidən dağlara, mağarasının tənhalığına qayıdıb, toxum səpən əkinçi kimi gözləyərək insanlardan qaçdı. Lakin onun ruhu səbirsizlik və sevdiyi insanlara həsrətlə dolu idi. Çünki onlara hələ çox şey verməli idi. Bu isə xüsusilə çətindir: sevgidən açıq əli sıxmaq və verən kimi utancaq qalmaq.

         Beləcə, tənhalıqda aylar, illər keçdi. Lakin onun müdrikliyi böyüdü və dolğunluğu ilə ona əzab verdi.

         Amma bir səhər sübhdən xeyli əvvəl oyandı, yatağında oturaraq uzun müddət nəyisə xatırladı və nəhayət ürəyində dilləndi:

         “Yuxuda məni nə qorxutdu ki, ayıldım? Məgər güzgü ilə yanıma gələn uşaq deyildimi?

         Uşaq dedi: “Ey Zərdüşt, güzgüdə özünə bax!”

           Güzgüyə baxaraq qışqırdım və ürəyim titrədi. Çünki mən orada özümü yox, şeytanın üzünü və onun sərt gülüşünü görürdüm.

         Həqiqətən də, mən yuxuların əlamətini və onların xəbərdarlığını çox yaxşı başa düşürəm. Mənim təlimim təhlükədədir,çünki  alaq otu buğda adlandırılmaq istəyir!

         Düşmənlərim gücləndi və təlimimin obrazını təhrif etdilər. Ona görə sevgililərim onlara verdiyim hədiyyələrdən utanmalıdırlar.

         Dostlarım mənim üçün itdi. Mənim itirdiklərimi axtarmağın vaxtı gəldi!”

         Bu sözlərlə Zərdüşt yatağından sıçradı, amma hava axtaran qorxmuş adam kimi yox, peyğəmbər və mahnı oxuyana ruhun endiyi kimi. Onun qartalı və ilanı təəccüblə ona baxdılar.Çünki onun üzündə səhər şəfəqi kimi gələcək xoşbəxtlik hiss olunurdu.

         Mənə nə oldu belə, heyvanlarım? – Zərdüşt dedi. – Məgər mən dəyişmədim? Məgər mənə fırtınalı bir qasırğa kimi xoşbəxtlik gəlmədimi?

         Mənim xoşbəxtliyim dəlicəsinədir və bu dəlicəliyim danışacaq. O çox gəncdir-ona qarşı mülayim olun!

         Xoşbəxtliyimdən yaralandım, əziyyət çəkənlərin hamısı mənim həkimim olmalıdır! 

         Yenidən dostlarıma da, düşmənlərimə də enə bilərəm! Zərdüşt yenə danışa bilər, verə bilər, sevdiyinə sevgisini bəxş edə bilər.

         Səbirsiz sevgim daşqınlı sellərdə aşıb-daşır, yüksəkliklərdən dərələrə axır, şərqə, qərbə tərəf uzanır.Ruhum iztirabın səssiz dağlarından və ildırım buludlarından səs-küylü şəkildə vadilərə enir.

         Uzun müddət uzaqlara baxaraq kədərləndim və tənha oldum.Beləcə,  susmağı unutdum.

         Mən tamamilə hündür qayalardan axan bir çaya və onun səsinə çevrildim. Mən nitqimi aşağıya, vadilərə söyləmək istəyirəm.

         Qoy sevgi axımım yol olmayan yerə axsın! Axır necə ola bilər ki, bu axın axırda dənizə yol tapmasın!

         Düzdür, içimdə tərki dünyalıq, özünə hakim bir göl var. Amma sevgimin bu axını onu özü ilə aşağı - dənizə aparır!

         Yeni yollarla gedirəm, yeni söz gəlir mənə. Mən də bütün yaradıcılar kimi bu köhnə dillərdən bezmişəm. Ruhum daha  

 ayaq üstə gəzmək istəmir.

         Mənim üçün bütün nitq çox yavaş axır. Sənin arabana minirəm, ey fırtına! Və hətta səni də pisliyimə qamçılamaq istəyirəm!

         Fəryad və sevinc kimi, dostlarımın tərəddüd etdiyi xoşbəxt adaları tapana qədər uzaq dənizlərdə üzmək istəyirəm.

         Mənim düşmənlərim də onların arasındadır! İndi danışa bildiyim hər kəsi necə də sevirəm! Hətta düşmənlərim də mənim xoşbəxtliyimə aiddir.

         Ən vəhşi atıma minmək istəyəndə nizəm mənə ən yaxşı kömək edir: o, hər zaman ayağımın hazır xidmətçisidir.

         Düşmənlərimə atdığım nizə! Düşmənlərimə necə də təşəkkür edirəm. Çünki, nəhayət nizəmi onlara ata biləcəyəm!

         Buludumdakı gərginlik çox böyük idi. Şimşəklərin gülüşləri arasında mən dərələrə dolu yağdırmaq istəyirəm.

         Onda sinəm qorxulu şəkildə titrəyəcək, fırtınası dağları aşacaq və beləliklə onun üçün bir rahatlıq gələcək.

         Həqiqətən də, xoşbəxtliyim, azadlığım bir fırtına kimi gələcək! Amma düşmənlərim elə bilməlidir ki, başlarının üstündə şər ruh dolaşır.

         Hətta siz, dostlarım, mənim vəhşi müdrikliyimdən qorxacaqsınız və bəlkə də düşmənlərimlə birlikdə ondan qaçacaqsınız.

         Ah, kaş sizi bir çoban tütəyinin səsi ilə geri qaytara bilsəydim! Ah, kaş mənim aslan hikmətim incə-incə nərildəməyi öyrənə bilsəydi! Artıq birlikdə çox şey öyrəndik!

         Mənim vəhşi müdrikliyim kimsəsiz dağlarda yarandı.O, sərt daşların üstündə övladlarının ən kiçiyi olan kiçik bir uşaq dünyaya gətirdi.

        İndi, o dəlisov müdrikliyim sərt səhra ilə qaçır və hələ də yumşaq çəmənlik axtarır - mənim köhnə vəhşi müdrikliyim!

         Qəlbinizin yumşaq çəmənliyində, dostlarım! - o, sevdiyi övladını sizin sevginizlə dincəlmək üçün qoymaq istərdi! --

         Zərdüşt belə dedi.

Xoşbəxt adalarda

          Əncir ağacının şirəli, şirin metvələri yerə düşür və düşəndə də qırmızı qabıqları soyulur. Mən yetişmiş meyvələr üçün şimal küləyiyəm.

         Beləliklə, bu göstərişlər əncir ağacının meyvələri kimi sizə düşür, dostlar.İndi onların şirəsini için və şirin ətlərini yeyin! Ətrafımızda payız,  təmiz səma və günortadır.

         Ətrafımızdakı bolluğa baxın! Və bu bolluqdan uzaq dənizlərə yaxşı baxmaq.

         Bir dəfə dedilər: Allah,- uzaq dənizlərə baxanda. Amma indi mən sizə necə deməyi öyrətdim: fövqəlinsan.

         Allah bir fərziyyədir, amma mən istəyirəm ki, sizin fərziyyəniz yaradıcı iradənizdən çox olmasın.

         Siz Allah yarada bildinizmi? Odur ki, mənə hər cür allahlar haqqında danışmayın! Amma siz şübhəsiz ki, fövqəlinsan yarada bilərdiniz.

         Bəlkə siz özünüz yox, qardaşlarım! Lakin siz özünüzü fövqəlinsanın ataları və əcdadları kimi yenidən yarada bilərdiniz. Qoy bu sizin ən yaxşı yaradıcılığınız olsun!

         Allah bir fərziyyədir. Lakin mən sizin fərziyyənizin təsəvvür edilən çərçivədə məhdudlaşmasını istəyirəm.

         Allahı düşünə bilərdinizmi? Amma qoy bu sizin üçün həqiqət əzmi olsun ki, hər şey insanca düşünülə bilən, insanca görünən, insanca hiss edilənə çevrilsin! Siz öz hisslərinizi sona qədər düşünməlisiniz!

         Dünya dediyiniz şey isə ilk növbədə sizin tərəfinizdən yaradılmalıdır. Sizn idrakınız, obrazınız, iradəniz, sevginiz ona çevrilməlidir! Siz ey dərk edənlər, bu sizin xoşbəxtliyiniz üçündür!

         Bu ümid olmadan həyata necə dözə bilərdiniz, ey dərk edənlər? Anlaşılmaz və ağılsız şeylərlə eyni əsasda olmamalısınız.

         Amma mən ürəyimi tamamilə sizə açmaq istəyirəm, dostlar. Əgər allahlar mövcud olsaydı, mən allah olmamaq üçün özümü  necə saxlaya bilərdim! Ona görə də allahlar yoxdur.

         Düzdür, mən bu nəticəyə gəldim, amma indi isə əksinə, o, nəticəyə gəlir.

         Allah bir fərziyyədir. Amma kim bu fərziyyənin bütün əzabını çəkib ölməyəcək? Doğrudanmı onun inamını yaradandan, qartalların yüksəklikdə uçmasını qartaldan almaq lazımdır?

         Allah bütün düz şeyləri əyri, dayanan şeyləri isə fırlanan edən düşüncədir. Necə? Zaman yox ola bilərdi və keçici hər şey yalnız yalan ola bilərdi?

         Belə düşünmək insan sümükləri üçün burulğan, mədə üçün isə ürəkbulanmadır. Həqiqətən, belə bir şeyi güman etməyi mən fırlanma xəstəliyi adlandırıram.

         Mən vahid, tam, hərəkətsiz, doymuş və davamlı şeylər haqqında bu təlimi insan üçün pis və düşmən hesab edirəm!

         Davamlı hər şey yalnız bir simvoldur! Və şairlər də həddindən  çox yalan danışırlar.

         Ancaq zaman və təşəkkül haqqında ən yaxşı simvollar danışmalıdır. Onlar davamlı olan hər şey üçün həmd və əsaslandırma olmalıdır!

         Yaratmaq, iztirab çəkməkdən böyük bir qurtuluşdur və o, həyatı asanlaşdırır. Ancaq yaradıcı olmaq üçün iztirablara və bir çox dəyişikliklərə məruz qalmaq lazımdır.

         Bəli, ey yaradıcılar, həyatınızda çoxlu acı ölümlər olmalıdır. Elə isə keçib gedən hər şeyə şəfaətçi və ədalətli olun.

         Yaradanın özünün yeni doğulmuş uşağa çevrilməsi üçün, o, doğuş zamanı qadın olmaq istəməli və doğum sancılarını yaşamalıdır.

         Mən yüzlərlə insanla təmasda, yüzlərlə beşik və doğum ağrılarının şahidi oldum, amma yenə də öz yolumla getdim.

Dəfələrlə həyatla vidalaşdım. Çünki mən ürək ağrıdan saatın, sonun gəlib çatdığını bilirəm.

         Amma mənim yaradıcı iradəm, taleyim belə istəyir. Yaxud daha açıq desəm, bu mənim iradəmin gücünə tabe olan bir taledir.

         Bütün hisslərim iztirab çəkir və sanki bu hisslərim qaranlıq bir zindandadır. Ancaq mənim iradəm həmişə mənə bir xilaskar, bir sevinc müjdəçisi kimi gəlir.

         İradə azad edir. İradə və azadlıq haqqında əsl təlim bu cürdür. Zərdüşt sizə bunu öyrədir.

         Daha çox istəməmək, daha çox dəyər verməmək və daha çox yaratmamaq! Ah, bu böyük yorğunluq həmişəlik məndən uzaq olsun!

         Mən hətta idrakımda iradəmin doğuş  və təşəkkül  sevincini hiss edirəm. Və əgər mənim təfəkkürümdə məsumluq varsa, bu, iradəmdə doğulmaq istəyinin olmasıdır.

         Bu iradə məni Allahdan və tanrılardan uzaqlaşdırır və əgər tanrılar mövcud olsaydı, yaratmağa nə qalardı!

         Ancaq  həmişə  yaratmaq üçün qızğın iradəm məni insanlara cəlb edir. Çəkic daşa tərəf bu cür can atır.

         Ah ey insanlar, mənim üçün daşda mürgüləyən bir obraz,  obrazlarımın obrazı var! Ah, o, yəqin ki, ən sərt, ən eybəcər daşın içində uyuyur!

         İndi çəkicim vəhşicəsinə öz həbsxanasına tərəf can atır. Daşdan parçalar qopur. Amma bunun mənə nə dəxli var ?

         Bu obrazı tamamlamaq istəyirəm. Çünki kölgə mənə yaxınlaşdı - ən səssiz, ən yüngül mənə yaxınlaşdı!

         Kölgə bir fövqəlinsan kimi mənə  yaxınlaşdı. Ah, qardaşlarım! İndi allahlardan mənə nə!

         Zərdüşt belə dedi.

  Mərhəmətlilər haqqında

           Dostlarım! istehzalı sözlər dostunuza çatdı: “Bir bu Zərdüştə baxın! Məgər o, heyvanlar kimi bizim aramızda  gəzmirmi?”

         Amma belə deyilsə, daha yaxşı olar: “Dərkedən heyvanlar arasındakı kimi insanlar arasında gəzir”.

         Ancaq dərkedən insanı qırmızı yanaqlı bir heyvan adlandırır.

         O, bu adı haradan alıb? Bəlkə, çox vaxt utanmalı olduğu üçün deyilmi?

         Ey dostlarım! Dərkedən belə deyir: utanc,utanc,utanc. - budur insanın tarixi!

         Ona görə də nəcib insan başqalarını utandırmamağı özünə əmr edir. O, əziyyət çəkən hər kəsin qarşısında özünə utanc yazır.

         Həqiqətən, mən mərhəmətli olanları sevmirəm. Çünki onlar abır-həyadan məhrumdurlar.

         Əgər mən mərhəmətli olmalıyamsa, yenə də mənə mərhəmətli deyilməsini istəmirəm. Əgər mən mərhəmətliyəmsə, yalnız uzaqdan-uzağa.

         Mən üzümü gizlətməyi və tanınmadan qaçmağı xoşlayıram; Sizə də belə etməyi məsləhət görürəm, dostlar!

         Qoy taleyim məni həmişə sənin kimi iztirablardan azad, ümidi, ziyafəti və balı mənimlə bölüşməyə hazır olanların yolu ilə aparsın!

         Həqiqətən, mən iztirab çəkən hər kəs üçün hər şeyi etmişəm. Amma həmişə mənə elə gəlirdi ki, daha çox sevinməyi öyrənəndə daha yaxşı edirəm.

           İnsanlar mövcud olduqları vaxtdan bəri çox az seviniblər və bu, qardaşlarım, bizim ilk günahımızdır!

         Sevinməyi daha yaxşı öyrəndiyimiz zaman, başqalarına  bədbəxtlik gətirməyimizii unutacağıq.

         Ona görə də iztirab çəkənə kömək edən əlimi yuyuram, eyni zamanda ruhumu silirəm.

         Çünki mən iztirab çəkənin iztirab çəkdiyini görəndə, onun utanmasından utandım. Və mən ona kömək edəndə onun qüruruna amansızcasına toxundum.

         Böyük yaxşılıqlar şükür edənləri deyil, intiqamçıları yetişdirir. Əgər kiçik bir yaxşılıq unudulmursa, o, sonra gəmirici bir qurd halına gəlir.

         “Bir şey qəbul edərkən qürurlu olun! Bağışlayanı qəbul etdiyiniz faktla mükafatlandırın!”. Mən bunu bağışlamağa heç nəyi olmayanlara məsləhət görürəm.

         Amma mən bağışlayanlardanam. Mən dostlara dost kimi bağışlamağı sevirəm. Ancaq qoy yad insanlar və kasıblar özləri mənim ağacımın meyvələrini götürsünlər. Bu onları daha az utandırar.

         Ancaq dilənçilər tamamilə məhv edilməlidir! Həqiqətən, onlara verdiyinizə və vermədiyinizə görə qəzəblənirsiniz.

         Günahkarları,vicdan əzabı çəkənləri də onlara aid etmək olar. İnanın mənə, dostlarım: vicdan əzabını da bu vəziyyətə öyrədirlər.

         Amma ən pisi kiçik fikirlərdir. Doğrudan da, xırda fikirləşməkdənsə, pislik etmək daha yaxşıdır!

         “Kiçik pisliyin sevinci bizi böyük bir pislikdən qoruyur” desəniz də, burada qənaətcil olmaq olmaz.

         O, açıqca dyir: “Pis əməl irinli yara kimidir: o qaşınır, qaşınır və deşilir.

          “Bax, mən xəstəliyəm” - pis əməl belə deyir və bu onun səmimi etirafıdır.

         Ancaq kiçik bir fikir göbələyə oxşayır. O sürünür və gizlənir və bütün bədən kiçik göbələklərdən zəif və solğun olana qədər heç bir yerdə olmaq istəmir.

         Amma şeytana aludə olanın qulağına belə deyirəm: “Yaxşı olar ki, sən öz şeytanını böyüdəsən. Hətta sənin üçün də böyüklük yolu var!”.

         Ah, qardaşlarım! Hamı haqqında çox şey bilirlər! Çoxları bizim üçün şəffaf olsalar da, biz hələ onlardan keçə bilmirik.

         İnsanlarla yaşamaq çətindir, çünki susmaq çox çətindir.

         Biz bizə qarşı olana yox, heç bir işimiz olmayana haqsızlıq edirik.

         Ancaq iztirab çəkən bir dostunuz varsa, onun iztirabları üçün istirahət yeri, həm də sərt, düşərgə çarpayısı olun. Bununla  ona ən faydalı olacaqsınız.

         Əgər dost sənə pislik edərsə, ona de: “Mənə pislik etdiyin üçün səni bağışladım, amma sən bunu özünə etsən, mən səni necə bağışlaya bilərəm!”.

         Hər böyük sevgi belə deyir. O, hətta bağışlamağa və mərhəmətə qalib gəlir.

         Ürəyinizə nəzarət etməlisiniz. Ona biganə münasibət bəsləyən hər kəs tez bir zamanda başını itirir!

         Ah, mərhəmətlilər arasından başqa dünyanın harasında daha çox ağılsızlıq edilib? Və dünyada mərhəmətlilərin ağılsızlığından  çox iztirablar verən başqa bir şey varmı?

         Mərhəməti olmayan bütün sevənlərin vay halına!

         Bir dəfə şeytan mənə belə dedi: “Hətta Allahın da öz cəhənnəmi var - bu onun insanlara olan sevgisidir.”

         Və bu yaxınlarda onun belə sözlər dediyini eşitdim:”Allah öldü. Allah insanlara olan mərhəmətinə görə öldü.”

         Beləliklə, mən sizə mərhəmətdən ehtiyatlı olun deyirəm. Oradan insanlara ağır bir bulud yaxınlaşır! Həqiqətən, mən göy gurultusunun əlamətlərini bilirəm!

    Bu sözləri də xatırlayın: hər böyük sevgi bütün mərhəmətdən üstündür. Çünki o sevdiyi şeyi həm də yaratmaq istəyir!

         “Mən özümü özümə və yaxınımın sevgisinə qurban verirəm” - bütün yaradanlara belə demək lazımdır. Ancaq yaradanların hamısı möhkəmdir.

         Zərdüşt belə dedi. 

 (Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

 

Pin It

Cavan və qoca arvadlar haqqında

          “Gecənin bu qaranlığında gizlin-gizlin hara gedirsən, Zərdüşt? Və paltarının altında diqqətlə gizlətdiyin nədir belə?

         Bu, sənə bağışlanmış xəzinə, yoxsa sənin yeni doğulmuş uşağındı? Yoxsa indi sən oğruların yolu ilə gedirsən, zalımların dostusan?”

         - Həqiqətən, qardaşım! – Zərdüşt cavab verdi.  Bu, mənə bağışlanmış bir xəzinədir. Bu, özümlə daşıdığım kiçik həqiqətdir.

         Ancaq o, kiçik uşaq kimi narahatdır. Əgər mən onun ağzını yummasaydım, o,var gücü ilə qışqırardı.

        Bu gün mən gün batan saatda təkbaşına yol gedəndə, bir qoca qarı qarşıma çıxdı və mənə belə dedi:

         “Zərdüşt biz qadınlara çox şeylər danışıb, amma o, heç vaxt bizə qadınlardan danışmayıb”.

        Mən ona etiraz etdim: “qadın haqqında yalnız kişilər danışmalıdır”.

       Qarı dedi: “Qadın haqqında mənə də danışa bilərsən. və  mən hər şeyi dərhal unuda biləcək yaşda bir qarıyam”.

        Mən qarının xahişinə qulaq asıb ona belə dedim:  Qadında hər şey sirdir və bu sirrin bir həlli var ki, ona da hamiləlik deyilir.

         Kişi qadın üçün bir vasitədir. Məqsəd isə həmişə uşaqdır. Bəs qadın kişi üçün nədir?

         Əsl kişi iki şey istəyir: təhlükə və oyun. Ona görə də o, qadını ən təhlükəli oyuncaq kimi istəyir.

         Kişi müharibə, qadın isə döyüşçünün nazını çəkmək,yorğunluğunu çıxarmaq üçün tərbiyə edilməlidir. Qalan hər şey axmaqlıqdır.

         Döyüşçü çox şirin meyvələri sevmir. Ona görə də qadını sevir. Ən şirin qadında da bir acılıq var.

         Qadın uşaqları kişidən yaxşı başa düşür, amma kişi qadından çox uşaqdır.

         Əsl kişi təbiətcə oynamaq istəyən uşaq kimidir. Qadınlar, kişi təbiətindəki bu uşağı tapın!

         Qoy qadın hələ mövcud olmayan dünyanın fəzilətləri ilə parlayan almaz kimi saf və nurlu oyuncaq olsun.

         Qoy sevginizi də ulduzun şüası işıqlandırsın! Qoy  “Ah, kaş bir fövqəlinsan dünyaya gətirə bilsəydim!” sizin ümidiniz olsun.

         Qoy sevginizdə cəsarət olsun! Siz öz sevginizlə sizdə qorxu yaradana hücum etməlisiniz.

         Qoy sevginizdə şərəf olsun! Ümumiyyətlə, qadın şərəfdən çox az şey başa düşür. Ancaq qoy hər zaman sevilməkdən daha çox sevmək və heç vaxt ikinci olmamaq sizin şərəfiniz olsun.

         Qoy kişi sevən qadından qorxsun. Çünki o, hər cür qurban verir və başqa bir şeyin onun üçün heç bir dəyəri yoxdur.

         Kişi nifrət edən qadından qorxsun. Çünki ruhunun dərinliklərində kişi yalnız qəzəblidir, qadın isə daha pisdir.

         Bir qadın ən çox kimə nifrət edir? Dəmir maqnitə belə dedi: “Ən çox sənə nifrət edirəm, çünki sən cəlb edirsən, amma  özünə çəkəcək qədər güclü deyilsən.”

         Kişinin xoşbəxtliyi: mən istəyirəm. Qadının xoşbəxtliyi: o  istəyir.

         “Bax, indi dünya mükəmməlləşdi!” - hər qadın bütün sevgisi ilə itaət edəndə belə düşünür.

         Qadın isə itaət etməli və öz səthində dərinlik tapmalıdır. Səth qadının ruhu, dayaz suda hərəkət edən, ləpəli bir örtükdür.

         Ancaq kişinin ruhu dərindir, onun fırtınalı axını yeraltı mağaralarda xışıltı ilə səslənir. Qadın onun gücünü hiss edir, amma anlamır.

         Sonra qarı mənə etiraz etdi: “Zərdüşt, gənc olanlar üçün çox xoş sözlər söylədin.

         Qəribədir ki, Zərdüşt az sayda qadın tanıyır, lakin o, onlar haqqında haqlıdır. Bu, bir qadın üçün qeyri-mümkün heç nə olmadığına görəmi baş verir?

         İndi isə minnətdarlıq hissi  olaraq kiçik bir həqiqəti qəbul et! Mən bunun üçün kifayət qədər qocayam!

         Onu bərk-bərk bük və ağzını bağla, əks halda o bərkdən qışqıracaq. Bu, kiçik bir həqiqətdir”.

         “Qadın, o kiçik həqiqətini mənə ver!” Qarı cavabında belə dedi:

         “Qadınların yanına gedirsən? Qamçını unutma!”

         Zərdüşt belə dedi.

 İlan sancması haqqında

          Bir gün Zərdüşt isti olduğu üçün əncir ağacının altında əlini də üzünə qoyub yuxuya getmişdi. Bu vaxt bir ilan gəlib onun boynundan sancdı və Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkib ilana baxdı. İlan Zərdüştü  tanıdı və yöndəmsiz halda sürünüb getmək istədi. Zərdüşt dedi: “Dayan! Mən sənə hələ təşəkkür etməmişəm! Yeri gəlmişkən, sən məni oyatdın, yolum isə çox uzaqdır”. “Yolun artıq qısadır”- deyə ilan kədərlə cavab verdi. “Çünki mənim zəhərim öldürür”. Zərdüşt gülümsədi və dedi: “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölüb?  - Sən gəl zəhərini geri götür! Onu mənə verəcək qədər zəngin deyilsən”. İlan yenidən Zərdüştün boynuna sarıldı və sancdığı yeri yalamağa başladı.

         Zərdüşt bir dəfə öz şagirdlərinə bunu deyəndə ondan soruşdular: “Ey Zərdüşt, sənin hekayənin əxlaqı mənası nədir?” Zərdüşt  belə cavab verdi:

         - Xeyirxahlar və salehlər mənə əxlaqı məhv edən deyirlər: mənim hekayəm də qeyri-əxlaqidir.

         Əgər sənin düşmənin varsa, ona pisliyinin əvəzini yaxşılıqla vermə, çünki bu, onu utandırar. Əksinə, sizin üçün xeyirxah bir şey etdiyini ona sübut edin.

         Yaxşı olar ki, ona qəzəblənin, amma utandırmayın! Səni lənətləyəndə isə sənin lənətləyənlərə xeyir-dua vermək istəməyin mənim xoşuma gəlmir. Sənin də bir az lənətləməyin yaxşı olardı!

         Əgər sizə qarşı böyük bir haqsızlıq edilibsə, siz də beş dəfə kiçik haqsızlıq edin! Bir adamın haqsızlığa məruz qalmasına baxmaq dəhşətlidir.

         Məgər siz bunu artıq bilirdinizmi? Başqaları ilə paylaşılan haqsızlıq artıq ədalətin yarısıdır. Haqsızlığı daşıya bilən onu öz üzərinə götürməlidir!

         Kiçik də olsa qisas almaq heç bir qisas almamaqdan daha insanidir. Əgər cəza da günahkarın haqqı və şərəfi deyilsə, mən sizin cəzanızı istəmirəm.

         Özünü haqlı saymaq, xüsusən də haqlısansa, haqlı olmaqdan daha nəcibdir. Özünü haqsız hesab etmək, haqlı olmaqdan daha nəcibdir, xüsusən də haqlısansa. Sadəcə bunu etmək üçün kifayət qədər zəngin olmalısan.

         Sizin soyuq ədalətinizdən xoşum gəlmir. Sizin hakimlərin baxışlarında mən həmişə cəlladı və onun soyuq bıçağını görürəm.

         Mənə deyin görüm, bəs görəsən aydın gözlü sevgi olan ədalət haradadır?

         Mənə təkcə bütün cəzaları deyil, həm də bütün günahları daşıyan bir sevgi tapın!

         Mənə hökm edəndən başqa hər kəsə haqq qazandıran ədaləti tapın!

         Siz bunu da eşitmək istəyirsiniz? Tamamilə ədalətli olmaq istəyən biri üçün yalan belə insan üçün sevgiyə çevrilir.

         Amma mən tamamilə necə ədalətli ola bilərdim! Hamıya haqqımı necə verə bilərdim! Hər kəsə mənim olanı verdiyim bəs edər.

         Nəhayət, qardaşlarım, zahidlərə qarşı haqsızlıq etməkdən çəkinin!

         Zahid dərin bir bulağa bənzəyir. Ona daş atmaq asandır. Amma o, lap dibə düşsə, deyin, kim onu ​​yenidən çıxartmaq istərdi?

         Zahidi incitməkdən çəkinin! Yox, əgər bunu etmisinizsə, o zaman onu öldürün!

         Zərdüşt belə dedi.

  Uşaq və nigah haqqında

          Sənə bir sualım var, qardaşım. Bu sualı sənin qəlbinə atıram ki, onun nə qədər dərin olduğunu öyrənəm.

         Sən gəncsən, uşaq və nigah istəyirsən. Amma mən səndən soruşuram: uşaq istəmək hüququna malik olacaq qədər insansanmı?

         Sən qalibsənmi, özünü dəf etdinmi, hisslərinin, fəzilətlərinin ağasısanmı? Səndən soruşuram.

        Yoxsa sənin istəyində danışan heyvan və ehtiyacdır? Yoxsa tənhalıq? Yoxsa özünüzlə fikir ayrılığı?

         Mən istəyirəm ki, sənin qələbən və azadlığın uşaq həsrətində olsun. Sən öz qələbən və azadlığın üçün canlı abidələr tikməlisən.

         Daha sonra özünü tikməlisən. Ancaq əvvəlcə özün bədənə və ruha nisbətdə düzbucaqlı bir şəkildə tikilməlisən.

         Yalnız genişliyə deyil, eyni zamanda yüksəkliyə doğru da böyüməlisən! Nigah bağı bu işdə sənə kömək olsun!

         Sən ali bir vücud, başlanğıc hərəkət, öz-özünə diyirlənən təkər, yaradanın özünü yaratmalısan.

         Nigah- mən bunu yaradandan daha böyük olanı yaratmaq üçün iki nəfərin iradəsini adlandırıram. Eyni iradəni istəyənlərə gəlincə, mən nigahı bir-birinə dərin hörmət bəsləməyi adlandırıram.

         Qoy bu, sənin nigahının mənası və həqiqəti olsun. Ancaq çox şeyin nigah adlandırılması artıqdır. - Ah, mən bilmirəm onu necə adlandırım?

         Ah, cütlükdəki ruhun bu yoxsulluğu! Ah, cütlükdəki ruhun bu çirkablığı! Ah, cütlükdəki özümüzdən bu acınacaqlı məmnunluq!

         Bütün bunları nigah adlandırırlar.Və onlar deyirlər ki, nikahlar güya göylərdə bağlanır.

         Eləsə, mən bu artıq insanların göylərini istəmirəm! Xeyr, onlar-heyvanların səma torunda ilişənlər mənə lazım deyil!

         Axsaya-axsaya birləşdirə bilmədiklərinə xeyir-dua verməyə gedən Allah məndən uzaq olsun!

         Bu nigahlara gülməyin! Hansı uşağın valideynləri üçün ağlamağa əsası yoxdur?

         Bu adam mənə layiqli və torpağın mənasını anlayan adam kimi görünürdü. Amma onun arvadını görəndə yer mənə dəlilər evi kimi göründü.

         Bəli, istərdim ki, övliya qazla birləşəndə ​​yer titrəsin.

         Birisi bir qəhrəman kimi həqiqəti axtarmağa getdi, sonda isə qazancı bəzənilmiş yalan oldu. O, bunu özünün nigahı adlandırır.

         Digəri ünsiyyətdə tələbkar, seçimində səliqəli idi. Amma bir anda o, öz cəmiyyətini bütün dövrlər üçün məhv etdi. O, buna özünün  nigahı deyir.

         Üçüncüsü, o, mələk fəzilətinə malik bir qulluqçu axtarırdı. Amma bir anda bir qadının xidmətçisi oldu və indi onun özü də mələk olmalı idi.

         Mal alanların hamısının ehtiyatlı hərəkət etdiyini gördüm. Onların hamısının hiyləgər gözləri var idi. Amma onların ən hiyləgəri belə özünə torbada arvad almağı bacarır.

         Bir çox qısa ağılsızlıq - siz buna sevgi deyirsiniz. Sizin nigahınız da uzun bir axmaqlıq kimi bir çox qısa axmaqlığa son qoyur.

         Sənin arvadına olan sevgin və arvadının ərinə olan sevgisi - ah, kaş ki, onun iztirablara və gizli tanrılara yazığı gələydi! Ancaq demək olar ki, həmişə iki heyvan bir-birini təxmin edir.

         Və hətta ən yaxşı sevginiz də yalnız həvəsli bir simvol və ağrılı bir şövqdür. Sevgi bir məşəldir ki, o, sizin üçün daha yüksək yolları işıqlandırmalıdır.

         Bir gün özünüzdən daha çox sevməli olacaqsınız! Sevməyi öyrənməyə başlayın! Və buna görə də sevginin acısını dadmalısınız.

         Acı hətta ən yaxşı sevginin qədəhində də var. O, fövqəl insanda bu cür kədər, səndə, yaradıcıda bir ehtiras oyadır!

         Qardaşım, yaradıcıda həsrət, fövqəlinsanda kədər- sənin nigah əzmin budurmu?

         Belə bir əzm və belə bir nigah mənim üçün müqəddəsdir.

         Zərdüşt belə dedi.

(Ardı var)

Tərcümə etdi:Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN