booked.net booked.net  

İctimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyat yolu örnək olan ulu öndər Heydər Əliyev dünyanın ən qüdrətli simalarından biri kimi hər bir azərbaycanlının qəlbində əbədi iz buraxıb. O, Azərbaycan xalqının taleyinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuş tarixi şəxsiyyətdir.

Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır. 1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları qoyulmuşdur. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev rasional təfəkkürü və praqmatik fəaliyyət mexanizminin fonunda tətbiq etdiyi strategiya ilə Azərbaycanı dərin xaos və kəskin kataklizm meyillərindən xilas edərək yeni inkişaf yolunu açmış oldu. Ulu öndərin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir.

Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının formalaşmasına çalışan ümummilli lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün həyatını şam kimi əritmişdir.

Heydər Əliyev milli varlığımızın ideya təməli olan azərbaycançılıq haqqında belə demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə, mentalitetinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı -Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adətlərini yaşatmalıyıq”.

Azərbaycanın ən yeni tarixini yaradan ulu öndər doğma xalqı ilə sıx vəhdət təşkil edən, azərbaycanlı olmasından daim qürur duyan nadir şəxsiyyətlərdən biridir. Müstəqil dövlətimizin qurucusu və memarı olan bu əfsanəvi şəxsiyyət hər zaman böyük qürur hissi ilə “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyirdi.

Göründüyü kimi, ümummilli liderin azərbaycançılıq ideologiyasının təməlində, ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi, ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması, bu vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnikdini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır.

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bu gün Azərbaycan mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, həm də idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Bu gün Azərbaycan dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Bütün bu nailiyyətlərin təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası hazırda öz tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Ümumilli lider Heydər Əliyevin bizə miras qoyduğu azərbaycançılıq məfkurəsi ətrafında birləşən ordu, prezident və xalq birliyi məhz 44 günlük Vətən müharibəsi nəticəsində düşməni məhv edərək 30 illik işğala son qoydu.

Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə modernləşən Azərbaycan Respublikası bu gün 101 illiyini böyük ehtiramla qeyd etdiyimiz ulu öndərin işıqlı xatirəsinə ən böyük töhfədir.

Ramidə İbrahimova,

Azadə Abbasova

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA