booked.netbooked.net booked.net  

 

Mühüm hadisələr:

1552 -
 İvan Qroznı Kazanı tutmuş və Kazan xanlığı Rusiyaya birləşdirilmişdir.
1992 - Xocavənd rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.
2005 - Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirilmişdir.
2007 - BMT İnsan Hüquqları Şurası Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul etmişdir.

Doğum günləri:

 Tarixdə bu gün - 2 oktyabr

1869 - Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandi Qucarat ştatının Porbandar şəhərində anadan olmuşdur.

Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma"[2] (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu"[3] (quc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur. 15 iyun 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi yekdilliklə 2 oktyabrı  Şiddətə Qarşı Ümumdünya  Mübarizəsi Günü  olaraq elan etmişdir.
Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirmişdi. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrıseçkiliyə qarşı təşkilatlandırdı. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrıseçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi olan Svarac, yəni Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirdi. Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə həyata keçirdiyi 400 kilometrlik "Duz yürüşü" ilə ölkəsinin Böyük Britaniyaya qarşı çıxmasına rəhbərlik etmişdir. 1942-ci ildə açıq şəkildə Böyük Britaniyanın ölkəni tərk etməsini istədi. Həm Cənubi Afrika, həm də Hindistanda bir neçə dəfə həbs edildi.
Mohandas Karamçand Qandi tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
30 yanvar 1948-ci ildə Qandi Yeni Dehlidə yerləşən Birla evinin bağçasında gecə gəzintisi edərkən vuruldu və öldü. Sui-qəsdi hindli bir radikal olan Nathuram Qodse həyata keçirmişdi. Sui-qəsdçinin Pakistana ödəmə həyata keçirməklə Hindistanın zəiflədiyi düşüncəsini müdafiə edən radikal hindli Mahasabha ilə əlaqəsi vardı Nathuram Qodse və köməkçisi Narayan Apteyə məhkəmədə hökm oxundu və günahkar olduqları qərara alındı. Onlar 15 noyabr 1949-cu ildə edam edildilər. Qandinin Yeni Dehlidə yerləşən abidəsi üzərində Hē Ram (hind हे ! राम) yazılıb və bu yazı Aman Tanrım anlamına gəlir. Doğruluğu mübahisəli olsa da, bu yazının Qandinin vurularkən dediyi son sözlər olduğu hesab olunur. Cəvahirləl Nehru radio ilə ölkəyə etdiyi müraciətində belə demişdi:
Tarixdə bu gün - 2 oktyabr
" Dostlar, yoldaşlar işıq bizi tərk etdi və hər yerdə yalnız qaranlıq var. Sizə nə deyəcəyimi və necə deyəcəyimi hələ də bilmirəm. Sevgili liderimiz Bapu, ölkənin atası artıq yoxdur. Bəlkə də bunu deməməliyəm, amma bu qədər ildir ki, gördüyümüz kimi daha onu görə bilməyəcəyik, məsləhət almaq ya da təsəlli etməsi üçün onun yanına qaça bilməyəcəyik. Bu təkcə mənim üçün yox, bu ölkədə yaşayan milyonlar üçün də çox ağır bir zərbədir. "
Qandinin külləri qablara qoyularaq anım mərasimləri üçün Hindistanın müxtəlif bölgələrinə göndərildi. 12 fevral 1948-ci ildə küllərin çox hissəi Allahabadda Sanqama töküldü, amma bir hissəsi gizlicə başqa yerlərə göndərildi. 1997-ci ildə Tuşar Qandi bir bank kassasında yerləşən külləri məhkəmənin qərarı ilə geri aldı və Sanqamda suya tökdü. 30 yanvar 2008-ci ildə Dubaydan olan bir biznesmenin Mumbay muzeyinə göndərdiyi küllər də ailəsi tərəfindən Qirqaum Çovpettidə suya tökülmüşdü. Başqa bir qab Qandinin bir müddət həbsdə olduğu Ağa Xan sarayına göndərilmişdir. Bir başqası da Los Ancelesdə yerləşən Özünü Sübutetmə Birliyi Göl Məbədinə göndərilmişdir. Qandinin ailəsi məbəd və abidələrdə yerləşən küllərdən mənfi siyasi məqsədlər üçün istifadə edilə biləcəyini bilsə də, bu küllərin həmin abidələri dağıtmadan geri alına bilməyəcəyini anladıqları üçün onları geri istəmir.
***
 1891 - İlk azərbaycanlı hərbi pilot, "İlya Muromets - №16" adlı bombardumançının heyət üzvü, Birinci dünya müharibəsi iştirakçısı, poruçik Fərrux ağa Qayıbov
Tarixdə bu gün - 2 oktyabr
Qıraq Salahlı (indiki Aşağı Salahlı) kəndində doğulmuşdu. Atası Məmmədkərim ağa da hərbçi idi. O, imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 27 iyul 1877-ci ildə əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə ona praporşik rütbəsi verilmişdir.
Əla xidmətə görə "Müqəddəs Stanislav" ordeni də almışdı. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur.
Atasını çox erkən itirən Fərrux ağa dövrünün görkəmli maarifçisi, əmisi Səməd ağa Qayıbovun himayəsində böyümüşdür.
Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda təhsil alır. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır.
1913-cü ildə hərbi məktəbi bitirərək podporuçik rütbəsi alan Fərrux Ağa xidmət etmək üçün 39-cu artilleriya briqadasına göndərilir, sonradan isə məşhur İlya Muromets-16 ekipajına qəbul edilir. Birinci dünya müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar. Fərrux Qayıbovun təyyarəsi almanların müharibə boyunca vurduğu yeganə rus bombardmançı təyyarəsi olur.
Yaxın zamanlaradək poruçik Fərrux ağa Qayıbovun dəfn olunduğu yer naməlum qalırdı. Belarusiyalı könüllülər Boruna qəsəbəsi yaxınlığındakı çağdaş dövrümüzdə bərpa edilən alman məzarıstanında Fərrux Qayıbovun uyuduğu məzarı aşkarlamışlar.
***
1941 - Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Məhəmməd Fərman oğlu Mehdiyev Laçın rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin "Təbiqi analizin riyazi üsulları" kafedrasının müdiri, "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin dekanıdır.
***

1964 - Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayev Bakı şəhərində anadan olmuşdur.

Tarixdə bu gün - 2 oktyabr
28 oktyabr 1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. Ulduz metrostansiyası və Nəriman Nərimanov metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyürdü. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas etməyi bacarır, yüzlərlə insan bu faciədən xilas olsa da,  Çingiz   öz həyatını  bu ideala  qurban verir.
hadisə yerində sərnişinlər arasında xüsusi fədakarlıq göstərənlər, öz köməyini təklif edənlər az olmayıb. Onlar arasında bir zabit və hərbi geyimli bir neçə yeniyetmə daha çox insanın nicat tapmasına çalışıblar. Həmin cavan zabit – Çingiz Babayev, hərbi geyimdə olanlar isə məktəbin kursantları - 15 yaşlı Nicat Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan İsayevlə Samir Məmmədov da olublar. Hadisədən bir həftə sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayev Milli Qəhrəman adı, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədova «İgidliyə görə» medalı ilə təltif olundular.

Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1995-cı il tarixli, 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

***

Vəfat etmişdir:

E.ə.322 - Aristotel vəfat etdiyi gündür. Aristotel e.ə. 384-cü ildə indiki Yunanıstan ərazisi sayılan Stagerada (Kalxidiki) anadan olmuşdur.

***

1897 - XIX əsr Azərbaycanın görkəmli şairəsi -Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan vəfat etmişdir.

Tarixdə bu gün - 2 oktyabr 

Şairə 1832-ci ildə Şuşada doğulmuşdur.Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda "Dürrü yeкta"(Təк inci), el arasında isə "Xan qızı" çağırmışlar.

Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdiкdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.
Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana - öz doğma кəndinə, оradan da Tiflisə aparmışdır.
Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Na­tə­van bu şə­hər­də rus, gür­cü mə­də­ni cə­miy­yət­lə­ri­nə qo­şul­muş, özü də mil­li ənə­nə­si, kü­bar­la­ra məx­sus dav­ra­nı­şı və üç dil­də sər­bəst da­nış­ma­sı ilə cə­miy­yət­lər­də ma­raq oyat­mış­dır. Bir sı­ra vi­la­yət və şə­hər­lə­rə sə­ya­hə­tə çıx­ma­sı Xur­şid­ba­nu­nun tə­fək­kür dai­rə­si­nin ge­niş­lən­mə­si­nə, dün­ya­gö­rü­şü­nün artmasına tə­kan ver­miş­dir. Vla­di­qaf­qa­za, Da­ğıs­ta­na, Şir­va­na, Ba­kı­ya, Gən­cə­yə və Nax­çı­va­na sə­fə­ri za­ma­nı o, yük­sək rüt­bə­li döv­lət qul­luq­çu­la­rı, ya­zı­çı, alim və səy­yah­lar­la görüşmüşdür.
1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.
Tarixdə bu gün - 2 oktyabr
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır. Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
Natəvanın nəvəsi Xasay Usmiyev və onun əcnəbi həyat yoldaşı Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur.
Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.
***

1981- Məşhur sənət xadimi , Azərbaycanın Xalq artisti Həsənağa Salayev  vəfat etmişdir.

Tarixdə bu gün - 2 oktyabr

Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb.

Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar), "Qış nağılı" (Florizel və Leont), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn Həlim), Mirzə İbrahimovun "Həyat" (Abbas), Mehdi Hüseynin "Cavanşir" (Qartal və Söhrab), "Alov" (Əmin Bəxtiyarov), Lope de Veqanın "Sevilya ulduzu" (Tavera), Şıxəli Qurbanovun "Sənsiz" (Fərhad), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli), Cəfər Cabbarlının "Solğun çiçəklər" (Bəhram), "Od gəlini" (Qorxmaz), "Almaz" (İbad), "Oqtay Eloğlu" (Oqtay), Pavel Malyarevskinin "Daş qartal" (Maksİm), Yuri Osnos və Vladimir Vinnikovun "Hind gözəli" (Çarudatta), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Bernard Şounun "Şeytanın şagirdi" (Riçard Daycen), Bəxtiyar Vahabzadənin "İkinci səs" (Rəşad), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Doktor), Fridrix Şillerin "Orlean qızı" (Dünua), Hüseyn Cavidin "Səyavuş" (Keykavus) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb.

Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarını?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.

Həsənağa Salayev aktyorluq sənətində qazandığı qələbələrə görə 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adları ilə təltif edilib. Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib. Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boybuxunu, tamaşada yöndaşlarına diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi.

O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi.

Həsənağa Salayev ruhən, emosiya coşğunluğu, səs diapazonu, ehtiraslarının çılğınlığı ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayıb.

***

Bayramlar və xüsusi günlər:
2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Mahatma Qandinin doğum günü olan 2 oktyabr Qeyri-zorakılığa qarşı Beynəlxalq Mübarizə  Günü kimi qeyd edilir.
 Qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi belə izah olunur: sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etmək.
Təqdim etdi: Şakir QURBANOV
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN