booked.netbooked.net booked.net  

Azad Məsiyev: "Prezident Ərdoğanın  xidmətləri təkcə Türkiyə dövləti üçün  deyil, həm də bəşəriyyət üçün, insanlıq üçün, eyni zamanda Türk dünyası üçündür..."

"Yeganə dövlətdir ki, Türkiyə ABŞ-ın iradəsinə tabe olmur...". Bu sözləri deyən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fikirlərini "Təzadlar"ın oxucularına təqdim edirik:

 -Azad müəllim, Türkiyənin dünyanın geosiyasi proseslərində rolunu necə şərh edərdiniz?

-Bildiyiniz kimi, Türkiyə NATO blokunda hərbi gücünə və nüfuzuna görə ikinci dövlət sayılır. ABŞ bu hərbi-siyasi birlikdən imperatorluğunu  qorumaq və inkişaf etdirmək üçün vasitə kimi istifadə edir. Bloka daxil olan dövlətlər ABŞ-ın iradəsindən kənar, dünyada gedən  siyasi proseslərə müdaxilə edə bilmir. Yeganə dövlətdir ki, Türkiyə ABŞ-ın bu iradəsindən kənardadır. Bunu bir neçə faktlarla əsaslandırmaq yerinə düşərdi. Yaxın keçmişimizə nəzər salaq, Suriya hadisələrində Türkiyə öz milli və dövlət maraqlarına uyğun olaraq davrandı, Rusiya ilə ikitərəfli iqtisadi, hərbi, siyasi münasibətlərini tam müstəqil həyata keçirir, ABŞ-ın açıq təziqlərinə, şantajlarına baxmayaraq bu münasibəti inkişaf etdirməkdədir. Rusiya-Ukraya münaqişəsində  ABŞ-ın və Qərbin iradəsinə tabe olmadı, Rusiyaya düşmən mövqe nümayiş etdirmədi, ən azından bu münaqişədə tərəfsizliyi ilə seçildi. Daha doğrusu, ABŞ-ın əlində alətə çevrilmədi. İsveç və Finlandiyanın NATO blokuna daxil olmasına görə Türkiyənin prinsipial mövqeyi onu deməyə əsas verir ki, NATO blokunda tam müstəqil dövlət Türkiyədir. Eyni zamanda qeyd edim ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində Türkiyə prezidenti Ərdoğan Türk dövləti adına, BMT–nin edə bilmədiyini etdi, dünyanı qismən də olsa açlıqdan qurtardı. Türkiyə dövləti adına prezident Ərdoğanın Rusiya–Ukrayna münaqişəsinin dayandırlması üçün göstərdiyi səylər onun siyasi lider olaraq dünya siyasi arenasında, geosiyasi proseslərdə öndə olmasından xəbər verir.

-Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasında sülh missiyasını  bir az geniş  şərh edərdiniz?

-Bildiyiniz kimi, türklərin “Yurdda sülh-Cahanda sülh” fəlsəfəsi var, bu ideya Türkiyənin dünya siyasi arenasında siyasi brendidir. Fikir verin xristian dünyasının mərkəzində, iki  xiristian dövlət olan Rusiya və Ukraynanın hərbi münaqişəsini alovlandıran, qızışdıran  xiristian mənşəli Avropa dövlətlərindən fərqli olan müsəlman  türk xalqı adına  prezident Ərdoğan bu münaqişənin dayandırılması üçün müstəsna fəaliyyət göstərməkdədir. Və müntəzəm olaraq hər iki dövlət başçıları ilə təmas qurması, daim əlaqə yaratması münaqişənin sülh yolu ilə həllinə hesablanmış cəhddir. Qeyd edim ki, istər Rusiya, istərsə də Ukrayna dövlət  başçılarının prezident Ərdoğana etimadları böyükdür. Ona görə ki, Ərdoğan sözünün və imzasının sahibi olan dövlət başçısıdı. Bildiyiniz kimi, prezident Ərdoğanın  təşəbbüsü ilə Türkiyə ərazisində ötən il Rusiya-Ukranyna dövlət nümayəndələrinin görüşü  baş tutmuşdur. Görüşdə uğurlu məqamlar da vardı, amma təəssüflər olsun ki, münaqişəni qızışdıran və alovlandıran ABŞ və Qərbin pozuculuğu nəticəsində danışıqlar dayandırıldı. Buna baxmayaraq Türkiyə prezidenti nəcib sülh siyasətini, barış üçün bəlli humanitar fəaliyyətini  davam etdirməkdədir.   Prezident Ərdoğanın bu davranışı onun dini inancına bağlı olan bir məsələdir, islam dini sülhsevər dindir, qardaşlıq dinidir.  

 -Türkiyə və Türkdilli dövlətlərin yeni dünya düzənində yeri və fəaliyyəti barədə fikirlərinizi oxucularımız üçün bölüşərdiniz?

-Xatırladım ki, dünyanın müxtəlif bölgələrində təxminən 300 milyona yaxın türk soyundan olan insan yaşayır, bu insanlar dünyanın 34 dövlətində məskunlaşıb. Müstəqil dövlət quruluşuna malik olan, BMT tərəfindən tanınan 6 türkdilli dövləti var, bunlar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandır, ərazi baxımdan 5 miyon kvadrat klometr sahəyə malikdirlər,  bu ərazidə təxminən 200 milyondan çox insan yaşayır. TDT-nin üzv ölkələrini bir millət-bir ittifaq halına gətirmək, Türan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir! Turan  ittifaqının yaradılmasında lokamativ dövlət kimi  Türkiyənin imkanları daha genişdir. Türkiyə dünya siyasətində türk dövlətlərinin mənafeyinə hər zaman dəstək vermişdir və bu sahədə siyasətini davam etdirməkdədir. Turan İttifaqının formalaşması üçün əsas şərtlər kimi TDT arasında “Mənəvi, İqtisadi və Siyasi inteqrasiyanın" əldə olunması zəruridir. Türan İttifaqının yaradılması nəticəsində bəşəriyyət yeni güc mərkəzinin formalaşmasını görəcək, bu güc nəinki  regionda, o cümlədən dünyada sülhün təminatçısına çevrilə bilər. Türan İttifaqının yaranması ilə dünyada yeni sivilizasiyanın təməli qoyula bilər, bu TURAN SİVİLİZASİYASI olacaq. Hazırda Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükə yaratmaqdadır, Avropanın mərkəzində Rusiya-Ukrayna münaqişəsini dayandırmaq əvəzinə, əksinə qızışdırıcı mövqe tutmaqla dünyanı nüvə müharibəsinə sürükləyir Avropa dövlətləri...  TURAN SİVİLİZASİYASI isə "Yurdda sülh-Cahanda sülh” fəlsəfəsi ilə bəşəriyyətə əminamanlıq gətirə bilər.  Rusiya-Ukrayna münaqişəsindən asılı olmayaraq dünya siyasi nizamı yenidən format olunacaq, yəni dünyada kəskin qutbləşmə prosesi başlayacaq. Bu yeni düzəndə TDT-nin yeri, mövqeyi necə olacaq? Türk xalqlarının gələcək taleyinin  formalaşdırılması bilavasitə Türan İttifaqına bağlı olan məsələ olacaq. Bildiyiniz kimi  dünya siyasətində gücün qanunu xüsusi önəm daşıyır, bu baxımdan TDT-nin siyasi, iqtisadi, mənəvi birliyi Turan İttifaqının yaradılması ilə nəticələnə bilər. Bu İttifaq nə qədər tez yaradılarsa,  bəşəriyyətdə bir o qədər əminamanlıq yaran bilər.

 -Bu il Türkiyədə seçki ilidir, Rəcəb Tayyib Ərdoğanın yenidən  prezident seçilməsi Türk dünyasına nə verə bilər?

- Türkiyə demokratik dövlətdir, demokratiya şkalasına görə Avropa dövlətlərindən irəlidə gedən dövlətdir. Seçki məsələsində Türkiyə dövləti  xalqın iradəsi ilə formalaşıb, bir sözlə, Türkiyədə həmişə xalq hakimiyyəti olumuşdur. Türkiyə prezidenti Ərdoğanın simasında Türkiyənin dünyanın ictimai-siyasi proseslərində rolu danılmazdır. Bu istər Suriya məsələsində, İstər Rusiya-Ukrayna münaqişəsində, istərsə də Ermənistan–Azərbaycan münaqişəsində... Türkiyə liderinin xidmətləri əvəzolunmazdır. Prezident Ərdoğanın pirinsipial, ədalətli  mövqeyi dünya lidetləri tərəfindən etiraf edilməkdədir. Bu barədə əvvəl qeyd etdim, Prezident Ərdoğan Ukrayna taxılının paylaşımı və daşınması ilə hesab edin ki, dünyanı aclıqda qurtardı. Hesab edirəm ki, təkcə bu xidmətlərinə görə Ərdoğana Nobel mükafatı təqdim oluna bilər. Bundan başqa, NATO hərbi-siyasi blokunda Türkiyə liderinin iradəsi ilə hesablaşırlar. Qeyd etmək istəyirəm ki, Finlandiya, İsveçrə NATO blokuna daxil olmaları üçün müraciət edibdir. Türkiyənin bu məsələdə milli və dövləti maraqlarına görə şərt qoyması, ABŞ və digər NATO dövlətlərindən fərqli davranması Prezident Ərdoğanın iradəsinə bağlı olan məsələdir. Bu illər ərzində Türkdilli xalqların bir araya gəlməsi, yaxınlaşması, bir -birinə mənəvi, siyasi  dəstəyin verilməsi məhz Prezident Ərdoğanın hakimiyyəti dövründə baş vermişdir. Azərbaycan xalqı bunu 2020-ci ilin 44 günlük müharibə dövründə gördü. Bir hadisəni xatırlatmaq yerinə düşər: Rəhmətlik Əbülfəz Elçibəy  çıxışının birində qeyd etmişdir ki, o vaxtlar, yəni Əbülfəz bəyin prezident olan vaxtı Türkiyə rəhbərliyindən 4 ədəd mülki helikopter verilməsini xahiş etmişdir ki, Qarabağda mülki  əhalinin erməni hərbçilərinin   mühasirəsindən çıxarılması mümkün olsun. Əbülfəz bəy söyləyirdi ki, təəssüf, Türkiyə dövətinin o vaxtkı rəhbərliyi humanitar məqsəd üçün Azərbaycana 4 ədəd helikopter verilməsinini təmin edı bilməmişdir. Deməyim budur ki, həmin Türkiyədir, həmin Azərbaycandır, sadəsə, rəhbərləri fərqlidir...  Onu da qeyd etmək istərdim ki, Cənubi Qafqaz üçün, region dövlətlərin birgə əməkdaşlığı üçün prezident Ərdoğanın təklif ediyi 3+3 formatı bu gün də gündəmdə olan məsələdir, bu məsələnin inkişafı üçün Türkiyə prezidentinin fəliyyəti danılmazdır. Azərbaycan-Türkiyə münasibətləri Türkdilli dövlətlər üçün bir nümunə olmalıdır, bu iki dölət Turan ittifaqının əsaslarını qoyub və onun inkişafı üçün bütün sahələrdə fəaliyyət göstərməkdədir. Bir sözlə, Ərdoğanın yenidən prezident seçilməsi tək Türkiyə mənafeyinə deyil, bütün Türk dünyasının mənafeyinə xidmət edəcəkdir. Seçicilər xalq və dövlət qarçısında məsuliyyətini gözəl anlayacaq və Ərdoğanı yenidən preziden seçəcəklər...

Dinlədi: A.Məmmədli



Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN