booked.netbooked.net booked.net  

Yüzlərlə elmi işçisi olan bu elm məbədi hansı ixtiraları ilə bu ocağı dillər əzbəri edir?

***

2021-ci ildə AMEA-nın 7 elmi müəssisəsinin gəliri cəmi 341 min manat olub. İnanılmaz olsa da, bu belədir.

Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.

 “Təsəvvür edin ki, AMEA-nın nəhəng qurumlarının - Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Radiasiya Problemləri İnstitutu və Biofizika Institutunun birlikdə elmi-innovativ fəaliyyətindən əldə etdikləri gəlir ağlasığmaz dərəcədə azdır. Hansı ki, bu elmi müəssisələrdə toplam 948 nəfər elmi işçisi çalışır. Xarici təcrübəyə diqqət etsək, görmək olar ki, bu tip elmi-tədqiqat müəssisələrinin gəlirləri milyonlarla ölçülür.

Görünür ki, ölkədəki mövcud mühit elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyəti üçün ciddi problemlər yaradır”, - deyə ekspert vurğulayır.

Osman Gündüz qeyd edir ki, bu qeyd olunan rəqəm ötən ayın sonu keçirilən AMEA-nın Ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında akademik Rasim Əliquliyevin hesabatında qeyd edilib.

O, AMEA-nın vitse-prezidenti olan Rasim Əliquliyevin hesabatına diqqət çəkərək bildirir ki, burada görülən işlərdən daha çox problemlərə və elmi islahatlara, təkliflərə yer ayrılıb...

“Hesabatdan görünür ki, AMEA-da həqiqətən ciddi islahatlara ehtiyac var.

Ağlasığmazdır ki, AMEA Rəyasət Heyəti aparatının adi sıravi işçilərinin, inzibati işçilərin əmək haqları elmi institutların baş direktorlarının maaşından dəfələrlə çoxdur. Maraqlıdır ki, AMEA Rəyasət Heyətinin aparatında işləyən inzibati işçilərin sayı 465 nəfərdir, hansı ki, bu rəqəm ən böyük nazirliyin aparat işçilərindən 5-6 dəfə çoxdur. Yaradıcı elmi işçilərə beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirdiyinə görə hər hansı mükafatlar verilmir və s.

Adı çəkilən Hesabatda AMEA-nın hüquqi statusuna yenidən baxılması, AMEA-nın fəaliyyətini tənzimləyən, islahatlara yol açan hüquqi-normativ bazanın yaradılması, AMEA-da elmin təşkili və idarə edilməsinin yenilənməsi və s. təklif edilib”, - deyə o, bildirir.

Qeyd edək ki, bir müddət öncə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov  AMEA-dakı hazırki vəziyyətlə bağlı KİV-ə açıqlamasında bildirib ki,  Ramiz Mehdiyev AMEA-dan getdikdən sonra da əvvəlki vəziyyət davam edir və cüzi də olsa müsbət dəyişiklik yoxdur.
 Hətta professor AMEA-nın bağlanması variantının da mümkünlüyündən bəhs edib.

 “Hansısa qurum yaradılıbsa, heç vaxt dağıldımayacaq kimi bir anlayış yoxdur. Bəzən xalqa, dövlətə fayda verməyən bir qurumun ləğv olunması zərurəti yaranır. Bu qurum dövlətin elm potensialına heç bir töhfə verə bilmir. Ancaq dövlət büdcəsindən ora maliyyə yardımı ayrılır. Ola bilsin ki, bir qrup insan sadəcə o maliyyədən istifadə edir. Bir çoxu, hətta varlanır, milyonçuya çevrilir. Ümumillikdə qurum funksiyasını itirib, barmaqlarını qaltalaya bilməzlər ki, filan qədər uğurumuz var” , - deyə o, vurğulayıb.

İdris Abbasovun sözlərinə görə, AMEA-da dürüstlüyə çalışan əməkdaşlar təqib olunur və buna görə də hər hansı bir  inkişafdan danışmaq olmaz.

Professor qeyd edib ki,  AMEA-ya yeni prezident seçilsə də, heç bir uğurun əldə olunacağına inanmır.

Vəziyyətlə bağlı ümidsizliyə qapanan professor AMEA-ya yeni seçiləcək prezidentin də hazırki vəziyyətdə gücsüz olacağını düşünür.

Onun sözlərinə görə,  alimlər ya problemləri həll etmək istəmirlər, ya da elmə maraqları yoxdur.

“Ümumi nəticə olaraq isə AMEA-da heç bir dəyişiklik olmayıb, olmayacaq da”, -  deyə bildirib.

P.S. Doğrudan da qəribədir ki, yüzlərlə elmi işçisi olan bir elm ocağının gəlirləri çox azdır. İxtiraları isə... Bəs, görəsən, bu qədər elmi adlar alan alimlərimiz nə işlə məşğuldur?..

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN