"Bolt" şirkətinin taksi xidmətindən daha istifadə etməməyə qərar verdim 

“Bolt” taksi xidmətindən, demək olar ki, ara-sıra istifadə edirəm... Oktyabrın 31-də, saat 17:54 radələrində “Bolt”dan Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”ndən Cəfər Xəndan küçəsi 42 a ünvanına (“Zirvə” şadlıq sarayı) taksi sifariş etdim. Sifarişdə 4 manat neçə qəpiksə (doğrusu, qəpiyi tam xatırlaya bilmirəm) xidməthaqqı göstərildi və (ekonom) sifarişi təsdiqləyib gözlədik. Amma...

Xeyli vaxt keçdikdən sonra taksinin çağırılan ünvana çatmağı ilə uzaqlaşmağı bir an çəkdi. Elə bu vaxt telefona gedişin ləğ olunduğu barədə informasiya gəldi. Güman ki, könülsüz gəlmişdi, çünki xəritədə də taksinin çox ləng gəldiyi açıq-aydın görünürdü...

Təkrar saat 18:14-də “Bolt” taksi xidmətinə daxil olub sözügedən ünvana sifariş etdim. Bu dəfə isə (ekonom) sifarişdə 3.94 manat xidməthaqqı göstərildi və sifarişi təsdiqlədim. Çağırışa saat 18:16-da “Lada” markalı avtomobil gəldi (sürücü Vüqar)...

Ünvana çatanda sürücü 8 manat ödəniş olacağını söylədi. Sifarişin qiymətinin bu qədər yüksək fərqinə etiraz etsək də, sürücü iki ayağını bir başmağa dirədi ki, o, şirkətə 8 manatın faizini ödəyəcək. Sonra da əlavə etdi ki, özümüz şirkətlə əlaqə saxlayıb aydınlaşdıraq. Şirkətin əlaqə telefonunu istədik. O, heç bir əlaqə nömrəsi bilmədiyini söylədi. Dedi ki, özümüz nömrəni tapıb şikayətimizi bildirək. Nəhayət, 5 manat ödəyib endik... Elə bu zaman “Bolt”dan mesaj gəldi ki, xidmətimizdən razı qaldınızmı? Təəssüf...

Məsələ burasındadır ki, problemlə bağlı şirkətə şikayət etmək üçün telefonla əlaqə saxlamaq mümkün olmadı. Bir sıra  taksi şirkətləri kimi, “Bolt” da onlayn sifariş xidmətindən istifadə etdiyi üçün şirkətin operatoru da müştərilər üçün əlçatmazdır. Heç olmasa zəng edib gileyini bildirəsən.

“Bolt” taksi xidməti müştəriləri aldatmağında olsun. Biz də bəzi məqamlara aydınlıq gətirək. Sizə təqdim edilən fotolardan da göründüyü kimi, sifariş verilən ünvana ekonom xidməthaqqı 4 manatdan azdır. Ancaq ünvana çatanda qiymət ikiqat artır. Bu, nə deməkdir? Bəlkə “Bolt” taksi xidmətinin rəhbərliyi buna bir aydınlıq gətirə?!   

İşin maraqlı tərəfi həm də odur ki, bu şirkətin təklif etdiyi komfort üçün belə, xidməthaqqı 8 manat eləmir. Belə çıxır ki, “Bolt” xidmətdən çox, istehlakçı haqlarını pozmaqla, onları aldatmaqla məşğuldur. Bu da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir. Hesab edirik ki, aidiyyəti qurumlar bu absurd olaya münasibət bildirəcək.

Yeri gəlmişkən, bu, ilk deyil. Bir neçə dəfə də “Bolt” taksi xidmətinin bu cür narazılıq yaradan halları ilə üzləşmişdim. Ona görə də bu gündən “Bolt” şirkətinin taksi xidmətindən istifadə etməməyə qərar verdim.

"Bolt" şirkətinin bu məsələyə bir açıqlaması olarsa, dərc etməyə hazırıq. 

ELBAR


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA