booked.netbooked.net booked.net  

Ağsu rayonunun Kalva kəndi üzrə icra nümayəndəsi Cavid Qədirovla kənd sakini Alov Hacıyevin arasını vuran kimlərdir?

Neçə müddətdir redaksiyamızın elektron poçtuna Ağsu rayonunun Kalva kəndindən Gülnaz Ataşovanın və Alov Hacıyevin şikayət məktubları daxil olmuşdur. Məktubların hər ikisinin şikayət ünvanı Ağsu RİH-nin Kalva kəndi üzrə icra nümayəndəsi Cavid Qədirov idi. Şikayət məktubu əsasən 2019-ci ilin fevralın 5-də Kalva və digər kəndlərdə baş vermiş zəlzələ nəticəsində dağılmış evlərdən  və bu evlərin təmiri zamanı yol verilmiş korrupsiya əməlləri barədədir. Hər iki məktubda korrupsiyanın ünvanı kimi isə, icra nümayəndəsi Cavid Qədirov göstərilir.

Əvvəlcə, məktubun düzgünlüyünü və bu şikayətin arxasında real insanın olub olmadığını yoxlamaq üçün məktubda verilmiş telefon nömrəsilə Gülnaz xanımı aradıq. Telefona cavab verən Gülnaz xanımın həyat yoldaşı Bəhruz Ataşov yazılanları təsdiq edərək, daha ətraflı məlumat almağımız məqsədilə, Alov Hacıyevlə əlaqə saxlamağımızı məsləhət gördü. Elə redaksiyamızın elektron poçtuna göndərdiyi şikayət məktubunda da  Alov Hacıyevin məktubu məzmununa və hüquqi qanunlar əsasında yazılmasına görə Gülnaz Ataşovanın məktubundan xeyli fərqlənirdi. Ona görə də Alov Hacıyevlə də əlaqə saxladıq. A.Hacıyev bizimlə telefon danışığında, elə adında olduğu kimi çox alovlu-alovlu danışdı. Hiss olunurdu ki, ürəyi doludur. A.Hacıyevlə söhbətimizə keçməzdən əvvəl, onun elekton poçtumuza göndərdiyi və prezident cənab İlham Əliyevə,  surəti isə bütün dövlət qurumlarına ünvanlanmış məktubundan sitat gətirmək istəyirəm:

Çox hörmətli cənab Ali Baş Komandan!

Mən Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq,  bu kənddə yaşamış və 1-ci Qarabağ savaşında, Vətənin müdafiəsi üçün qardaşım Asətlə birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. Sonra isə daxili işlər orqanlarında 18 il xidmətimi davam etdirmişəm. Lakin çox təəssüflər olsun ki, 5 il sağamlığımı müharibədə qoyub gələn insan kimi bildirmək istəyirəm ki, doğma Ağsu rayonumda mənim kimi insanlara qarşı yerli məmurların etinasız davranışlarını, məsuliyyətsizliyini, süründürməçiliyini, rüşvətxorluğunu görəndə məyus oluram.. Axı biz Vətənimizi ona görə qorumamışıq ki, özlərini məmur hesab edən savadsız adamlar kimlərəsə axralanıb millətin başına min bir oyun açsınlar. Belələrindən biri də, mən də daxil, Ağsu rayonun Kalva kəndində yaşayan bütün qohum-əqrəbalarıma qarşı ayrıseçkilik kampaniyası aparan və aparmaqda davam edən kənd icra nümayəndəsi Qədirov Cavid Əlistan oğludur. Mən Cavidə sənəd düzəltmək adı ilə 6 il və 3 il əvvəl 600 və 950 manat rüşvət verməyə məcbur edilmiş  doğma bacım oğlu Cəbrayılov Oktay Yusif oğlu və Yusifov Zaur Yaqub oğludur ki, bu adamların Cavidin süründürməçiliyindən qurtarmaq və verdikləri rüşvətin geri qaytarılması üçün məndən köməklik göstərmələrini xahiş etdilər. Mən də 20 may 2021-ci ildə, həm bu adamların, həm də özümə qarşı C.Qədirovun zəlzələdən əziyyət çəkən sakin olaraq mənimsədiyi külli-miqdarda dövlət vəsaitini, zəlzələdən zərər görmüş bizim kimi insanlara, ev tikmək adı altında FH-nin işçilərilə gizli sövdələşərək, qulluq mövqeyindən süi-istifadə etməklə özünə və yaxınlarına evlər tikmək və təmir etdirməklə qanunsuz əməlləri barədə Sizə və yuxarı orqanlara yazdığım şikayət ərizəmlə əlaqədar, Ağsu Rayon Prokurorluğunda araşdırma aparılmış, rüşvətalma faktı üzrə təyin edilən ekspertiza rəyi təsdiq edilmiş və prokurorluğa təqdim edilməsinə baxmayaraq, dövlət qulluqçusu hesab edilən C.Qədirova qarşı istər, zəlzələ “maxinasiya”larına, istərsə də rüşvətalma maddəsi üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə 2021-ci ilin iyun ayında əsassız qərara qəbul etmişlər.Cavidin yaxınları mənə deyirlər ki, sənin şikayətin əsasında Cavid 30000 manat ziyana düşüb. Çoxlu borc alıb. Vəziyyəti ağırdır. Gərək belə olmayaydı və  s. Axı mənim günahım nədir ki, Cavid gedib vəzifəsində qalması və həbs edilməməsi üçün 30000 manat borc alıb? İndi də özündən arxayınlaşdıqdan və prokuror araşdırmasından qurtulduqdan sonra, qisas almaq məqsədilə mənə qarşı olan kənd adamlarının məndən şikayətçi olmasını təsdiq edən arayış təqdim edir”.

A.Hacıyev Gülnaz Ataşovanın redaksiyamıza ünvanlandığı məktubda yazılanların da, telefon söhbəti zamanı düz olduğunu bidirdi. G. Ataşovadan da bir sitat gətirək: “ Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan  evlərini ehtiyac olmadığı halda, yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində iri həcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizim kimi kasıblar da qaldıq bir tərəfdə. Hesab edirik ki, bazarı dayandırmaq lazımdır”.

Alov Hacıyev yazılanlardan əlavə daha ciddi ittihamların və faktların olduğunu nəzərə alaraq məni kəndə dəvət etdi ki, bir çox məqamlarla və müəyyən adamlarla yerində tanış olum. Dəvəti qəbul etdim. Amma KİV haqqında qanuna uyğun olaraq, əks tərəfin də mövqeyini öyrənmək məqsədilə, getməzdən əvvəl, adı bu qədər qanunsuzluqda hallanan Cavid Qədirovlada telefon əlaqəsi yaratdım və kəndə gəlib onun da mövqeyini öyrənəcəyimi bildirdim. C. Qədirovun telefonda dedikləri: “Biz qonaq qarşılamağa həmişə hazırıq. Gəlməyiniz bizə çox xoş olardı. Çünki, Alov Hacıyevin şantaj və böhtanlarından stress vəziyyətdə yaşamağa məcburuq. Bu adam dövlətin bizə həvalə etdiyi funksiyamızı yerinə yetirməyə mane olur. Konkret olaraq heç özü də bilmir nə istəyir? Xahiş edirəm gəlin məni də dinləyin. Mən sizə konkret faktlarla göstərəcəm ki, A. Hacıyevin dövlət orqanlarına yazdıqları şikayətin heç bir əsası yoxdur, hamısı yalan və böhtandır.”

Bəli, göründüyü kimi, hər iki tərəfin öz haqlı arqumentləri var. Ona görə də məni bu səfərdə çox ağır bir sınaq gözlədiyinin fərqindəydim. Nəhayət, sentybarın 27-də- Anım Günündə Ağsu rayonun Kalva kəndinə getdim. Alov Hacıyevlə görüşdük. Elə ilk söhbətimizdən hiss etdim ki, A. Hacıyev C. Qədirova qarşı çox aqressiv köklənib. Söhbət zamanı A. Hacıyev bildirdi ki, C. Qədirov təzəlikcə onu qanunsuz olaraq 6 sutkalıq həbs etdirmişdi. Səbəb də bu olmuşdu ki, guya o, bələdiyyənin iclası keçirilən zaman içəri girib, bələdiyyə sədri Tofiq İmaməliyevi ağır söyüşlərlə söyüb, şərəf və ləyaqətini təhqir edib, bələdiyyənin keçirdiyi iclası pozub:”Özü də maraqlı odur ki, bələdiyyənin iclası saat 12:00 da başlayıb, mən isə binada saat 10:00-da olub, getmişəm. Bəs səhər saat 12:00 da başlayan iclası mən saat 10:00-da necə pozmuşam? Düzdür, mən binada olanda kobud söz işlətmişəm, amma onun bələdiyyə sədrinə aidiyyəti olmayıb və onun adını da çəkməmişəm. İcra nümayəndəsi isə,bütün bunlar barədə protokol tərtib edib və bu protokol əsasında Ağsu Rayon Polis Şöbəsinin Kalva kəndi üzrə sahə müvəkkili əvəzi, mayor İbrahim Sadiqov heç bir araşdırma aparmadan mənim 6 sutka həbs olunmağıma nail oldu. Bu, tam  qanunsuz həbs idi. Ona görə də apelyasiya şikayəti əsasında bir gün sonra azad edildim. Cavid Qədirovun qanunsuz əməlləri bununla qurtarmır. Sakinlərin örüş yerlərini hasarlatdırıb, demək olar zəbt edib”.

A.Hacıyevin çoxsaylı ittihamlarına mövqe öyrənmək üçün, nəhayət, Cavid Qədirovla görüşmək istədim. Məlum oldu ki, Anım Günü ilə əlaqədar Ağsu RİH-in səlahiyyətli şəxsləri və digər vəzifə sahibləri ilə birlikdə Kalva kəndində olan şəhidlərin abidə kompleksini ziyarət edirlər. Görüşümüz zamanı C.Qədirov məni də bu ziyarətlərə dəvət etdi. Beləliklə Ağsu RİH aparatının ərazi idarə etmə orqamları üzrə iş şöbənin müdiri Sənan Feyzullayev, Memarlıq və Tikinti şöbəsinin məsul işçisi Orxan Zülfüqarov, Ağsu Rayon DSMF-nin müdiri Akif Xəlilov, Kalva, Suraxanı, Dilman kəndlərinin birləşmiş  bələdiyyəsinin sədri Tofiq İmaməliyev, Hacıman və Xatman kəndlərinin bələdiyyə sədri Nasir Şəmsəddinov, Kalva kənd məktəbinin direktoru Elman Əsgərov və Cavid Qədirovla birlikdə adları çəkilən 5 kəndin hər birində uyuyan şəhidləri ziyarət etdik və məzarları önünə tər qərənfillər düzdük. Allah bütün ºəhidlərimizə rəhmət eləsin!

Ziyarətdən sonra Cavid Qədirov nahar vaxtından xeyli keçdiyinə görə, məni çörək yeməyinə dəvət etdi. Mən isə Alov Hacıyevin qonağı olduğumu bildirərək, onun özünü də mənimlə birlikdə yeməyə dəvət etdim. Fikirləşdim ki, elimizin adətinə görə, düşmən də olsa, qapıya gələni xoş qarşılayıb, yeməyə qonaq edərlər və bununla da umu-küsü, inciklik müəyyən qədər aradan qalxar. Elə məqsədim də onları barışdırmaq idi. Ancaq C.Qədirov bildirdi ki, kənarda Alovla birlikdə çörək yeməyə hazırdır, amma evinə gəlmək üçün özünün dəvət etməsi məsləhətdir. Qərarlaşdırdıq ki, bu barədə əvvəlcə mən gedim, Alovla bu barədə danışım və sonra C.Qədirovu zəng edərək, evə dəvət edim. Bu barədə A.Hacıyevə bildirəndə evdə sanki bir bomba partladı. Alov bir yana oldu, qardaşları və evdə olan  qadınlar elə bir etiraz səslərini ucaltdılar ki, özüm də dəhşətə gəldim. Hamısı bir ağızdan bildirdilər ki, Cavid Qədirovun bu evdə çörək yeməyə haqqı yoxdur. Dəfələrlə bildirsəm də ki, qapıya düşmən də gəlsə, onu yaxşı qarşılayıb, yedizdirib, içizdirmək elimizin adətidir. Amma mən burada tam əksini gördüm və heç də bunu yaxşı qarşılamadım. Ona görə də, A.Hacıyevə və evdəki qohum-əqrabaya bildirdim ki, hər deyilən sözə inanmayın. Ola bilər, olmayan şeyi C.Qədirova və A. Hacıyevə çatdırmaqla arada olan müəyyən gərginliyi daha da dərinləşdirən maraqlı qüvvələr var.

Nahardan sonra Alov Hacıyev və bütün bu söhbətlərdə təmkinli görünən və əsaslı arqumentləriylə özünə rəğbət yaradan Alı Əsədovla birlikdə Cavid Qədirovun görüşünə getdik. Qabaqcadan A.Hacıyevə dostyana xəbərdarlıq etdim ki, görüş zamanı hirslənib, alovlanmaq lazım deyil. Nəhayət, üçlükdə çox normal və səmimi bir görüş baş tutdu. Bu görüşdə olduqca maraqlı, hədsiz dərəcədə gərəkli faktlar ortaya çıxdı. Məlum oldu ki, C.Qədirov haqqında A. Hacıyevin adından yazılan şikayət məktublarından Alovun heç xəbəri yoxdur. Hətta iş o yerə çatıb ki, A.Hacıyevin adından yazılan məktubların birində güya Alov bildirib ki, vaxtilə icra nümayəndəsi işləmiş və məlum səbəbdən dünyasını dəyişmiş qardaşı Natiq Hacıyevin ölümündə Cavid Qədirov günahkardır. Bu yerdə A.Hacıyev daş atıb başını tutdu ki, onun bu yazılardan xəbəri yoxdur və heç yerdə belə bir söz deməyib. C.Qədirov öz növbəsində verilən suala cavab olaraq bildirdi ki, Alovun həbsi üçün o heç bir protokol yazmayıb: “Əvvəla, mən bələdiyyənin iclaslarına qatılmıram və heç vaxt da yazmamışam ki, sən bələdiyyənin iclasına girib söyüş söymüsən. Bələdiyyə sədri mənə özləri hazırladıqları protokolu gətirdilər və bildirdilər ki, bunu sən də imzala. Dedim orada nə yazılıb? Bələdiyyə sədri Tofiq İmaməliyev cavab verdi ki, bəs Alov Hacıyev dəhlizdə söyüş söyüb. Düzü mən də sənin dəhlizdə kobud söz işlətdiyini eşitmişdim. Ancaq bu bələdiyyə sədri haqqında deyildi. Polis də məndən arayış istəyəndə, orada inzibati binada sənin kobud söz işlətdiyini yazmışam. Bələdiyyə iclasını pozmağın barədə deyilənlər yalandır. Görünür bələdiyyə sədri mənim etibarımdan sui-istifadə edərək, özləri tərtib etdikləri protokola mənim də qol çəkməyimi, bu yolla təmin edib. Sən özün də yaxşı bilirsən ki, mən məhkəmədə sənin üzünə durmamışam. Qardaşının camışçılıq fermasına isə, mənim heç bir müdaxiləm olmayıb və onun sökülməsi barədə heç bir quruma müraciət etməmişəm. Ora getməyimin səbəbi isə, mən dövlət nümayəndəsiyəm, istənilən mübahisəli yrə digər dövlət qurumlarınımn rəsmiləri dəvət edəndə mütləq getməliyəm. Qardaşının fermasını sökmürlər ki. Olunan şikayəti araşdırmaq üçün getmək mənim də borcumdur. Sənin rəhmətlik qardaşın Natiqlə 5 il bir yerə işləmişik, tonlarla çörək kəsmişik. O, həmişə mənə deyərdi: “Cavid, kimsə mənim haqqımda sənə, sənin haqqında isə mənə nəsə desə, dərhal inanma, çalış həmin adamı gətir üzləşdir və gör elə bir söz deyilib, yoxsa yox? İndi sən də hər deyilən sözə inanma. Deyirsən ki, örüş yerlərini hasarlatdırmışam. Ay Alov, mənim örüş yerlərinə nə aidiyyətim var? O yerlər bələdiyyənin sərəncamındadır. Əgər bələdiyyə kiməsə o yerləri veribsə və alan adam da oranı hasarlayıbsa, bunun mənə dəxli yoxdur axı”.

Bələdiyyə üzvü olan Alı Əsədov da təsdiq etdi ki, örüş yerlərinin icra nümayəndəsi kimi Cavid Qədirova heç bir aidiyyəti yoxdur. Bu söhbətdən həm Alov Hacıyevə, həm də Cavid Qədirova məlum oldu ki bunların hər ikisinin arasını vuran var və el dilində desək aranı qarışdırırlar. Yəni mənim evdə Alov Hacıyevə dediklərim təsdiqini tapdı. Bundan sonra, Alov xeyli sakitləşdi. Amma onun qanunsuz həbsinə səbəb olanları və prokrorluğun onun şikayətini niyə araşdırmamasını axıra qədər tələb edəcəyini bildirdi. Qaldı C.Qədirovun qohum-əqrəbəsinə zəlzələdən zərərçəkməsinə görə evlər tikdirməsinə, bu barədə C.Qədirov bunları söylədi: “Əvvəla, özün bildiyin kimi nə icra nümayəndiliyinin, nə də Ağsu RİH-nin elə bir büdcəsi yoxdur ki, ev tiksin. Evləri hörmətli prezident, cənab İlham Əliyev tərəfindən ayrılan pullar əsasında Fövqəladə Hallar Nazirliyi tikir.Mənim atam I qrup əlildir. Bu kateqoriyadan olan adamların evlərini də birinci mərhələdə tikirlər. İndi mən neyləyim ki, atamın I qrup əlil kimi evini birinci mərhələdə tikiblər. Bu, mənim günahım deyil. Digər evlərdə onun kimi siyahıyı ilə tikilir. Sənin evinin divarları da, özün də bilirsən ki, zəlzələ nəticəsində çatlamayıb. (A.Hacıyevin evində olarkən göstərdiyi sənədlərdə FHN-dən gələn bir neçə cavab məktubunda yazılmışdı ki, A. Hacıyevin evinin zədəsi təbii fəlakətlə bağlı deyil. Yalnız bir məktubda qeyd edilmişdi ki, sənin evin də, təmir ediləcək evlərin sırasındadır- E.M). Bununla belə mən yuxarı instansiyalardan xahiş etmişəm ki, imkansiz ailə, Qarabağ veteranı kimi sənin evin də, təmir ediləcək evlərin siyahısına salınsın. Hazırda sənin evin təmir ediləcək evlərin sırasındadır”.

Söhbət zamanı  o da məlum oldu ki, C. Qədirov  Alov Hacıyevin qardaşı Ağasəf Hacıyevlə kirvədirlər. Yəni belə demək mümkünsə, qohumdurlar. Ona görə də, bir çox qaranlıq məsələlər üzə çıxdıqca, gərgin münasibətlərin yumuşalması da müşahidə olunurdu. Barışıq üçün bircə addım qaldı. O da A.Hacıyevin həbsinə kimin səbəb olmasını dəqiq aydınlaşdırmaq, onu qanunsuz həbs edən polis mayoru İbrahim Sadiqovu cəzalandırmaq və prokrorluğun rüşvət alma faktını niyə araşdırmamasını müəyyən etmək. Burada həm Alı Əsədov, həm də mən belə qərara gəldik ki, ara qarışdıranın kim olduğunu müəyyən etmək və tərəflərin barışığına nail olmaq lazımdır. Söhbətlərdən o da məlum oldu ki, düşmənçiliyin yaranmasının səbəbkarlarından biri də bələdiyyənin sədri Tofiq İmaməliyevdir. Çünki olmayan bir hadisənin protokollaşdırmaq  qanunsuzluqdur. Bundan əlavə  icra nümayəndəsi Cavid Qədirovun etibarından sui-istifadə edib, saxta protokolu imzlatdırmaq ayrıca bir cinayət məsuliyyəti yaradır. Özü də T.İmaməliyev Alov Hacıyevi həbs etdirmək üçün, bələdiyyə üzvü olan dayısı oğlu Mehdi Məmmədovu və dayısının kürəkəni olan Oktay Şıxəliyevi şahid qismində göstərir ki, güya Alov Hacıyev  bələdiyyənin iclasına daxil olub və sədrə qarşı alçaldlcl söyüşlər işlədib. Amma həmin iclasda 9 nəfər bələdiyyə üzvündən 5-i iştirak edib və onun 3-ü Ağeysa Ağalıyev, Amil Hacıyev və Alı Əsədov qətiyyətlə bildirirlər ki, belə bir hadisə ümumiyyətlə olmayıb. Alov Hacıyev inzibati binada saat 10:00 radələrində olub bələdiyyənin iclası isə, saat 12:00 da başlayıb və öz axarı ilə, sakitcə davam edib.

Bəli, çox mətləblər aydınlaşdı. Qərara gəlindi ki, bir-birlərinə qarşı ittihamlara son qoyulsun və arada mehriban münasibət yaransın. Qanunsuzluğa yol verən bələdiyyə sədri T.İmaməliyev, polis mayoru İ.Sadiqov və rüşvət haqqında cinayət işinin başlanmasını rədd edən Ağsu rayon prokrorluğunun Kamran adlı müstəntiqi barədə qanuni mübarizəni davam etdirmək Alov Hacıyevin haqqıdır. İnanmaq istərdik ki, Ağsu rayonunun prokuroru, Olimpia çempionu Fərid Mansurovun qardaşı Rəşad Mənsurov, prokurorluğun müstəntiqi Kamran müəllim haqqında və Rayon Polis Şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qaynı Fəxrəddin Abbasov, qanunsuzluğa yol vermiş polis mayoru İbrahim Sadıqovun barəsində hüquq-mühafizə orqanlarının adına və nüfuzuna kölgə saldıqlarına görə ciddi cəzalandıracaqlar...

Tərəflər arasında müəyyən qədər barışığa nail olduğumdan məmnun olaraq, geriyə, Bakıya qayıtdım. Ancaq mən Bakıya çatar-çatmaz hadisələrin günahkarı bələdiyyə sədrinin olmasının müəyyənləşməsinə baxmayaraq, A.Hacıyev  icra nümayəndəsi Cavid Qədirov haqqında yenidən müxtəlif ünvanlara yazdığı şikayət məktublarını sosial şəbəkələrdə yaymasının şahidi oldum. Əlbəttə, əziyyətimin hədər getməsinə xeyli təəssüfləndim. Neyləyək, bu da A. Hacıyevin özünün seçdiyi mübarizə üsuludur. Biz jurnalist olaraq hər iki tərəfin mövqeyini olduğu kimi təqdim etdik. Təbii ki, bütün bu baş verənlərdə, kimin tam haqlı və kimin haqsız olduğunu isə hüquq-mühafizə orqanları müəyyənləşdirəcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Elbar ŞIRINOV

(Bakı- Ağsu -Kalva-Bakı)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN